Ukrayna “İlan adası”nda bayraq qaldırılmadığını deyir

İlan adası. Foto: “karar.com”

“Bayraq adaya helikopterlə çatdırılıb, qoşunlar gələndən sonra qaldırılacaq”

Ukrayna hökuməti deyir ki, bərpa edilmiş “İlan adası”nda bayrağını qaldıracaq hərbçi yoxdur.

Rusiya qüvvələrinin ötən həftə geri çəkildiyi strateji posta (Qara dənizdəki İlan adası) Ukrayna bayrağı vertolyotla çatdırılıb.

Ukrayna hökuməti bildirir ki, qoşunları adaya gələn kimi bayraq qaldırılacaq.

Ukraynanın cənub hərbi komandanlığının sözçüsü Nataliya Humeniuk əvvəlcə bayrağın Qara dənizdəki qayalıqda qaldırıldığını bildirib.

Daha sonra o, CNN-ə deyib ki, bayraq adaya helikopterlə çatdırılıb:

“Qoşunların gəlişini gözləyir və sonra qaldırılacaq”.

Bəzi analitiklər Rusiyanın Ukraynanın cənub-qərb sahillərindəki İlan adasını tərk etməsini Ukrayna limanlarına olan blokadasını yumşalda biləcəyini düşünür.

Lakin Kiyevdə yerləşən xarici diplomat “Reuters” agentliyinə deyib ki, bu, Ukrayna taxılının təhlükəsiz tranzitinə imkan vermək üçün hələ də kifayət deyil.

“Minalardan təmizləmə tələbi var və Rusiyanın hələ də gəmiçilik zolaqlarını kəsməyə imkan verəcək imkanları (hərbi gəmilər, sahil müdafiə sistemləri və hava üstünlüyü) var”, – diplomat bildirib.

Diplomat əlavə edib ki, taxılın daşına bilməsi üçün limanlarını blokdan çıxarmaq üçün Ukrayna müttəfiqlərin dəstəyinə və Türkiyənin əsas rol oynamasına ehtiyac duyacaq.

Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukraynadan taxıl daşınmasına icazə verən humanitar dəhliz açmaq cəhdlərinə mane olmadığını göstərmək üçün ötən həftə “İlan adası”ndan çəkildiyini bildirib.

Ukrayna artilleriya və raket hücumundan sonra Rusiya qüvvələrini ölkədən çıxardığını bildirib.

Fevralın 24-dən Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bu yana Ukraynanın taxıl ixracında axsamalar yaşanıb.

Bu da öz növbəsində dünyada taxıl və buğda qiyətlərinin qalxmasına səbəb olub.

Türkiyə və BMT işə qarışıb və taxıl idxalının bərpasına çalışırlar.

Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, hazırda Ukrayna limanlarından taxıl ixracına zəmanətin təmin edilməsi üçün Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə danışıqlar ərəfəsindədirlər.

“Kimsə bu və ya digər ölkə üçün gəmilərin təhlükəsizliyinə zəmanət verməlidir. Bunu Rusiyadan başqa bir ölkə etməlidir. Çünki biz hazırda Rusiyaya etibar etmirik. Odur ki, başqa ölkələrin bizə ərzaq məhsulları yükləmək üçün bura gələcək gəmilərin təhlükəsizliyinə zəmanət verməsinə ehtiyacımız var”, – Zelenski bildirib.

Ana səhifəDünyaUkrayna “İlan adası”nda bayraq qaldırılmadığını deyir