Büdcə 2023-cü illə müqayisədə 160 milyon qriven az olacaq
Ukrayna hökuməti mədəniyyət sahəsinə 2024-cü il üçün ayrılacaq büdcə vəsaitlərini azaldır.
Bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti naziri vəzifəsini müvəqqəti icra edən Rostislav Karandeyev məlumat verib.
Onun sözlərinə görə, büdcə 2023-cü illə müqayisədə 160 milyon qriven az olacaq.
Ümumi məbləğ 8 milyard qrivendən bir qədər çox olacaq.
Ayrılan maliyyənin 85 faizindən çoxu mədəniyyət işçilərinin maaşlarının ödənilməsinə, qalan hissəsi isə kommunal xərclərə, mədəni irsin qorunmasına, bu istiqamətdə keçirilən tədbirlərə və Ukraynada incəsənət təhsilinə dəstəyə sərf ediləcək.
“Növbəti ilin büdcəsi tərtib ediləndə iki əsas məsələ prioritet götürülüb. İlk növbədə mədəni irsimizin qorunması istiqamətində bütün ehtiyacların mümkün qədər təmin ödənilməsinə çalışacağıq. İkinci vacib məsələ isə incəsənət sahəsində təhsil alanlarla əlaqədardır. Biz müharibədən 5-10 ildən sonra əvvəlki səviyyəyə uyğun gələn gələcəyi indidən planlaşdırırıq”, – Karandeyev deyib.
Bu günlərdə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, hökumət 2024-cü il üçün dövlət büdcəsi layihəsinin hazırlanmasını başa çatdırmaq üzrədir.
Layihə sentyabrın 15-dək Ali Radaya təqdim ediləsək.
2023-cü il iyulun 20-də Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir Denis Şmıqalla danışıqlar apararaq, müharibə şəraitində büdcə xərclərinə daha diqqətlə yanaşmağı tövsiyə etdiyini bildirib.
Zelenski deyib ki, Baş nazirə mədəniyyət layihələri üçün dövlət maliyyəsinin azaldılması tapşırığını verib.
“Belə bir vəziyyətdə, müharibə getdiyi vaxtda dövlətin maksimum diqqəti və resursları müdafiəyə yönəlməlidir. Büdcədənkənar vəsait hesabına həyata keçirilə bilən hər bir layihə elə bu formada da reallaşdırılmalıdır. Bu, mədəniyyət sahəsinə də aiddir. Muzeylər, mədəniyyət mərkəzləri, televiziya şouları – bütün bunlar vacibdir, lakin indi başqa prioritetlər var. Bunları reallaşdırmaq üçün dövlət büdcəsindən kənar pullar tapın”, – Zelenski deyib.
Növbəti gün, iyulun 21-də Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti naziri Oleksandr Tkaçenko vəzifəsindən istefa verdiyini açıqlayıb.
O bunu müharibə zamanı mədəniyyətin maliyyələşdirilməsi ilə bağlı yaranan fikir ayrılıqlarına görə etdiyini deyib.
“Müharibə vaxtı mədəniyyətə dövlət pullarının xərclənməsi, pilotsuz təyyarələrə xərclənən vəsait qədər vacib və önəmlidir. Çünki mədəniyyət bizim şəxsiyyətimizin və sərhədlərimizin qalxanıdır. Bu, mənim prinsipial, şəxsi mövqeyimdir”, – Tkaçenko söyləyib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) bu ilin mayında açıqladığı hesabatda Rusiyanın hərbi əməliyyatlara başlamasından bu yana Ukraynada 139 mədəniyyət obyektinə ziyan dəydiyi qeyd olunub.
Bildirilib ki, 62 dini bina, 12 muzey, 26 tarixi bina, 17 mədəni fəaliyyətə həsr olunmuş tikili, 15 abidə və 7 kitabxana zərər görüb.
Təşkilat dağıntıdan dəyən zərəri təqribən 2,4 milyard avro, istirahət və turizm sektorundakı gəlir itkisini isə təxminən 14 milyard avro dəyərində qiymətləndirib.