Əli Kərimli: “Rusiya ölən hərbçilərin ailələrinə 80 min dollar sığorta pulu ödəyəcək”
“Şəhərləri, iqtisadiyyatı Ukrayna kimi dağıdılmayan Azərbaycan müharibədə həlak olmuş əsgərinin ailəsinə 6.5 min dollar (11 min manat), xarici yardımlara möhtac Ukrayna isə 510 min dollar ödəyir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə deyir.
Kərimli bildirib ki, üstəlik, Azərbaycan əsgəri işğal olunmuş dədə-baba yurdunu geri qaytarmaq uğrunda həlak olub:
“Buna baxmayaraq, işğalçılıq müharibəsi aparan və həlak olan Rusiya əsgərinin ailəsinə ödənən birdəfəlik yardım da Azərbaycanın ödədiyindən qat-qat yüksəkdir. Beləliklə, ən ağır sanksiyalara məruz qalan, iqtisadi itkiləri trilyon dollarla ölçülən Rusiya ölən hərbçisinin ailəsinə 80 min dollardan artıq (7.4 milyon rubl) sığorta pulu ödəyir”.
Əli Kərimli əlavə edir ki, Azərbaycanda döyüşlərdə əlillik qazanmış, yaralanmış hərbçilərə, müharibə veteranlarına münasibət daha pisdir.
Ukrayna və Rusiyada yaralanmış hərbçilərə göstərilən diqqətlə heç müqayisə oluna bilməz:
“Şəhid ailələrinə, hərbçilərə verilən minimal “qan puluna” biz hər zaman etiraz etmişik. Ancaq indi – Ukrayna və Rusiyanın öz ölən və yaralanan hərbçilərinə göstərdiyi yüksək diqqəti gördükdən sonra şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarımıza verilən müavinətləri dəfələrlə artırmaq artıq ümummilli tələb olmalıdır. Torpaqlarımızı canı bahasına azad etmiş şəhidlərimizin ailələri, qazilərimiz və veteranlarımız ehtiyac içində yaşamamalıdır”.
Hələ müharibənin ilk günlərində Ukraynanın Baş naziri Denis Şmıqal açıqlama verərək bildirib ki, silahlı qüvvələrin həlak olan hərbçilərinin ailələrinə 15 milyon qrivna (510 min dollar və ya 867 min manat) birdəfəlik yardım ödəniləcək.
Baş nazir həmçinin açıqlamasında deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sərəncamını yerinə yetirmək üçün hökumət hərbi vəziyyət dövründə bütün hərbi qulluqçulara ayda 30 min qrivna (1730 manat) məbləğində əlavə pul mükafatı verilməsi barədə qərar qəbul edib.

Ukraynada həlak olan hər bir rus hərbçisinin ailəsinə 7,4 milyon rubl (88 min dollar və ya 150 min manat), həmçinin aylıq təzminat veriləcək.
Döyüşdə yaralananların isə hər birinə 3 milyon rubl (35 min dollar və ya 60 min manat) ödəniləcək.
Bu barədə danışan Prezident Vladimir Putin bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat zamanı həlak olan hərbçilərin ailələrinin bütün üzvləri qanunla nəzərdə tutulmuş sığorta təminatı və birdəfəlik müavinət alacaqlar. Həmçinin ölənlərin hər birinin ailə üzvünə aylıq müəyyən məbləğdə kompensasiyası ödənəcək”, – deyə prezident əlavə edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında başlayan və 44 gün davam edən döyüşlərdə Azərbaycanın 3 mindən artıq hərbçisi həlak olub.
Dövlət həlak olan hərbçilərin hər birinin ailəsinə birdəfəlik 11 min manat (6400 dollar) sığorta pulu ödəyib.
1997-ci ildə Azərbaycanda “hərbi qulluqçuların icbari dövlət sığortası haqda qanun” qəbul olunub.
Həmin qanunla həyatını itirən hərbi qulluqçulara 11 min manat, müxtəlif xəsarətlər alanlara isə xəsarətin dərəcəsindən aslı olaraq, 80, 60 və 40 faiz ödənişlər nəzərdə tutulub.
Lakin uzun müddət müzakirə edilib ki, qanunun qəbulundan əvvəlki dövrdə həyatını itirən və sığorta ala bilməyənlər necə olsun?
Sonda 2018-ci ilin aprelində Prezident İlham Əliyev 1997-ci ilə qədər Qarabağ döyüşlərində həlak olanların vərəsələrinə 11 min manat ödənilməsi ilə bağlı fərman verib.
Fərmanın icrasına başlanandan bəzi hərbçi ailələrinin problemi yaranıb.
Onlara bildirilib ki, onlar artıq bu sığorta pulunu alıblar.
Etirazçılar isə deyirlər ki, ya bu məbləği ümumiyyətlə, almayıblar, ya da o vaxt onlara verilən 50 min manat indiki məzənnə ilə heç 13 dollar belə etmir. Ona görə də bu məsələyə yenidən baxılmalıdır.
Nəhayət, Birinci Qarabağ Müharibəsi zamanı, 1991-1997-ci illərdəki döyüşlərdə həyatını itirən hərbiçilərin ailələri 2018-ci ildə uzunmüddətli etirazlardan, Prezident Administrasiyası, Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə az qala hər həftə toplaşandan sonra birdəfəlik 11 min manat müavinəti ala bilib.