Müdafiəni davam etdirə bilmək üçün müttəfiqlərin Ukraynaya dəstəyi lazımdır
Ukrayna Rusiya hücumundan qorunmaq üçün hava müdafiəsi və artilleriya çatışmazlığı ilə üz-üzə qalıb. Ukrayna rəsmiləri deyir ki, belə bir durumda müttəfiqlər kömək etməsə belə, Rusiya ilə mübarizəni təkbaşına davam etdirəcək, geri çəkilməyəcəklər.
“Bloomberg” yazır ki, cəbhədən gələn hesabatlar ürəkaçan deyil, Kiyev qüvvələri bəzən Moskva qoşunlarını saxlamaqda çətinlik çəkir. Məsələn, Rusiya raket hücumlarının son dalğaları Kiyevdə və digər şəhərlərdə onlarla insanın ölümünə səbəb olub. Çünki Ukraynanın hava hücumundan müdafiəsi atılan raketlərin çoxunu dəf edə bilməyib.
Sayt yazır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin üçüncü ili vəziyyət səngər müharibəsinə çevrilib. Artıq dronlarla müharibənin gedişatına təsir göstərmək, təəccüb yaratmaq müşküldür. Müdafiəni davam etdirə bilmək üçün müttəfiqlərin Ukraynaya dəstəyi lazımdır. Ukrayna artilleriya mərmiləri və digər döyüş sursatları ilə davamlı təmin edilməlidir.
Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, hamı nəyə ehtiyac olduğunu yaxşı bilir. Sual nə göndərilə biləcəyidir.
Avropalı müttəfiqlər martın 1-ə qədər çatdırmağı vəd etdikləri 1 milyon mərmidən 600 000-ni təmin edə biləcəklərini bildiriblər. Səbəb davamlı istehsal gecikmələri və ehtiyatların tükənməsi ilə əlaqələndirilib.
Qərb rəsmilərinin fikrincə, Moskva qüvvələri Ukraynanın müdafiəsi çökməsə, əhəmiyyətli irəliləyişlər əldə edə bilməyəcəklər, çünki ordu darmadağın olub. Hətta o zaman belə, Kreml çox güman ki, qazancları möhkəmləndirmək üçün daha çox qoşun səfərbər etməli olacaq, indiyə qədər bunu etməkdən çəkinirdi. Ukraynaya yardımlara gəlincə, Ağ Evin 60 milyard dollarlıq yardım paketi respublikaçıların müqaviməti fonunda aylardır dayandırılıb.
Administrasiya hələ də Kiyevə və digər müttəfiqlərinə yekunda təsdiq alacaqlarını bildirsə də, Prezident seçkiləri kampaniyası qızışdıqca buna şübhələr artır. Avropa İttifaqı liderləri isə fevralın 1-də Macarıstanın Moskvaya dost hökumətinin 50 milyard avroluq (54 milyard dollar) yardımın ayrılmasına etirazını aradan qaldırmaq üçün fövqəladə zirvə toplantısı keçirəcək.
Əgər bu cəhd uğursuz olarsa – dekabrda olduğu kimi – blok Budapeşt olmadan dəstəyi maliyyələşdirməyin yolunu tapmalı olacaq.