Hər iki sazişdə Ukraynaya dəstək ifadə olunur
Aİ liderlərinin sammiti zamanı Ukrayna Avropa İttifaqı, o cümlədən Estoniya və Litva ilə təhlükəsizlik haqqında saziş imzalayıb.
Bu barədə Avropa Komissiyasının saytında yazılıb. Aİ ilə sazişin ilkin mətnində təhlükəsizlik zəmanətlərinə dair iki əsas fəsil var ki, onların hər biri doqquz bənddən ibarətdir, – “Suspilnoye” yazır.
Birinci fəsildə söhbət uzunmüddətli müdafiə yardımından, ikinci fəsildə isə “Ukraynanın və onun Avropa İttifaqındakı vətəndaşlarının gələcəyi”, minaların təmizlənməsi və bərpası, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və s.-dən gedir.
Bundan başqa, sənəd “Ukrayna Facility” proqramı çərçivəsində Ukraynaya 50 milyard avro məbləğində dəstəyi və gələcəkdə Ukraynaya qarşı baş verə biləcək təcavüz zamanı iyirmi dörd saat ərzində təcili konsultasiyaları nəzərdə tutur.
Ukrayna həmçinin Litva və Estoniya ilə də təhlükəsizlik haqqında saziş imzalayıb. Ölkə Prezidenti Vladimir Zelenski daha əvvəl bu sazişlərin imzalandığını elan edərək söyləyib ki, Aİ ilə saziş “daxildə istənilən institusional dəyişikliklərə rəğmən, 27 üzv dövlətin ilk dəfə olaraq Ukraynaya geniş dəstək vermək öhdəliyini təmin edəcək”.
“Reuters” agentliyi hələ may ayında Ukrayna ilə Aİ arasındakı təhlükəsizlik sazişinin məzmununu açıqlamışdı. Beləliklə, yeni təcavüz baş verdiyi təqdirdə Avropa İttifaqı ilk 24 saat ərzində Ukraynanın ehtiyacları ilə bağlı konsultasiyalar aparmağı və “tez bir zamanda növbəti addımları müəyyən etməyi” öhdəsinə götürəcək.
Bundan başqa, saziş Ukraynaya 9 dəstək formasını, əsgərlərin təlimini, müdafiə sənayesində əməkdaşlığı, minaların təmizlənməsində yardımı və s. nəzərdə tutur. Sənəddə həmçinin vurğulanır ki, bu öhdəliklər “Ukrayna Avropa yolunu davam etdirdikcə” qüvvədə olacaq. 10 ildən sonra bu saziş yenidən müzakirə oluna bilər.
Təhlükəsizlik sazişləri nəyi nəzərdə tutur?
2023-cü ildə Vilnüsdə NATO-nun iyul sammiti çərçivəsində “Böyük yeddiliy”in liderləri Ukraynaya Birgə dəstək bəyannaməsi ilə bağlı razılığa gəliblər. Ölkələr qeyd edib ki, hər biri Ukrayna ilə təhlükəsizlik sahəsində konkret ikitərəfli uzunmüddətli öhdəliklər və sazişlər üzərində işləyəcək. Ukrayna isə islahatlar üzrə öhdəlik götürüb.
Bu təşəbbüsə 20-dən artıq ölkə qoşulub. Böyük Britaniya yekun saziş bağlayan ilk ölkə olub. O vaxtdan bəri iyirmiyə yaxın ölkə Ukrayna ilə ikitərəfli saziş imzalayıb.