“İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var”- bu sözləri ölkə başçısı İlham Əliyev dekabrın 16-da Sabirabadda keçirdiyi görüşdə bildirib. Neft isə ucuzlaşmaqda davam edir. Bu gün London birjasında brend markalı neftin qiyməti 59 dollardır. Qonşu dövlətlər olan Türkiyə və Gürcüstanda benzinin qiyməti ucuzlaşıb, amma neft qiymətlərinin enişi Azərbaycan bazarına təsir etməyib.
İqtisadçı ekspert Natiq Cəfərli keçən il neftin qiyməti 115 dollar olanda hökumətin yanacağın qiymətini qaldırdığını deyir. O, son illər dünya bazarında neftin qiymətinin 40-45 faizə qədər ucuzlaşmasının ölkə istehlakçılarına heç bir təsir göstərmədiyini vurğulayır.
Bakı sakinləri neftin ucuzlaşmasının onların yaşamına niyə təsir etmədiyini açıqlayırlar.
Ekspert Azərbaycanla-Gürcüstanı müqayisə edir. Deyir ki, SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqəsində qiymətlər nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Gürcüstanda premium markalı benzinin qiyməti 87 qəpikdir, amma Azərbaycanda bu rəqəm 95 qəpikdir.
Neftin qiyməti isə ucuzlaşmaqda davam edir. Dünya mətbuatında dərc olunan məqalələrdə ekspertlər neftin qiymətinin 40-45 dollara qədər düşəcəyini də istisna etmirlər.