Keyfiyyətsiz eynəklər görmə qabiliyyətinə təsir edir
– 5 manata gün eynəyi?
– Bahadırsa, daha ucuz eynəklər göstərim…
“Sədərək” Ticarət Mərkəzində göz eynəklərinin qiyməti 1 manat 50 qəpikdən başlayır. Satıcılar daha çox ucuz eynəklərə tələbat olduğunu deyirlər…
Nazirlər Kabineti 17 iyun, 2016-cı il tarixli, 1853 saylı qərarı ilə məcburi setrifikatlaşdırılmalı mal və məhsulların siyahısını təsdiqləyib. Gün eynəkləri isə həmin siyahıdan çıxarılıb və beləliklə, ölkəyə daxil olan eynəklərin yoxlanılması həyata keçirilmir. Halbuki qonşu Türkiyədən tutmuş ucuz və keyfiyyətsiz eynəklərin vətəni hesab edilən Çinədək əksər ölkədə eynəklərin gigiyenik sertifikatla təmin edilməsi rəsmi qərarla tənzimlənir.
Azərbaycana əsasən Çin, Pakistan, Hindistan, Dubay, Türkiyə və Almaniyadan eynəklər gətirilir. Ucuz eynəklər isə daha çox Çindən alınır. “Sədərək” Ticarət Mərkəzində eynəklərin topdansatış mərkəzləri var. Satıcılar etiraf edirlər ki, seçim zamanı keyfiyyətə deyil, kəmiyyətə üstünlük veriblər.
“Gün ərzində 50-60 eynək satılır, çoxu qiymətlə maraqlanır. Daha çox 5-20 manatlıq eynəklərə tələbat var”, -eynək satışı ilə məşğul olan Sübhan Məmmədov deyir.
Eynəklərin qiyməti həm də formasına, rənginə görə dəyişir. Sübhan deyir ki, onsuz da rahatlıq və sağlamlığa deyil, görünüşə diqqət yetirilir:
“Keyfiyyətli eynəklər 50 manatdan başlayır, amma həftədə 2-3 bahalı eynək sata bilirik”.
Digər satıcı Məzahir Həmidov isə 10 ildən artıqdır eynək satışı ilə məşğul olur. Onun sözlərinə görə, hər il mövsümdə bir neçə aptekdə və kosmetik məhsullar satan mağazalarda yer icarəyə götürür. “Sədərək”-də 50-150 manata satılan eynəkləri orada iki-üç dəfə baha satır:
“Bu eynəyi 80 manata satırışa çıxarmışam, nəinki alan, heç maraqlanan da yoxdur. Amma metronun “Nərimanov” stansiyasının yanındakı mağazada 120 manata satmışam. Elə bilirlər ki, aptek və ya brend mallar mağazasında ancaq keyfiyyətli eynəklər satılır”.
Məzahir Həmidov söyləyir ki, eynəkləri testlə yoxlayaraq keyfiyyətini, orjinal olub-olmadığını öyrənmək mümkündür. Amma alıcılar test tələb etmədiyindən satıcıların işi rahat olur:
“Məndə “polaroid” gün eynəyinin testi var. Bu testlə eynəyin saxta olub-olmadığını yoxlaya bilirəm. 50 manatdan yuxarı satdığım bütün eynəkləri bu testlə yoxlayıb almışam”.
İqtisadiyyat Nazirliyi isə eynək bazarında yoxlama aparmasa da, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti eynək seçərkən diqqətli olmağı məsləhət görür.
“Eynəklər əsasən ultrabənövşəyi şüaları udan хüsusi materialdan hazırlanmalıdır. Lakin satışda olan eynəklərin bir qismi plastmasdan, adi tünd şüşədən hazırlanır. Bu materiallar isə günəş şualarını udmaq qabiliyyətinə malik deyil və insan sağlamlığı üçün təhlükəlidir. Keyfiyyətsiz eynəklərin satışı göz хəstəliklərinin artmasına səbəb olur. Belə ki, bu eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insanda yorğunluğun yaranmasına yol açır. Eynək gözə düşməyəndə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir”, -xidmətin xəbərdarlığında göstərilir.
Eynəyin rəngi tünd olanda göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Keyfiyyətli eynək rəngləri olduğu kimi göstərir.
Həkim Nərgiz Məmmədli isə ucuz plastik eynəklərin keyfiyyətsiz olduğunu, gözün zəifləməsi və dəridə qıcıqlama yaratdığını söyləyir. Onun sözlərinə görə, eynək seçərkən mütləq testlərdən istifadə edilməlidir. Gözü yoran eynəklərdən istifadə etmək olmaz:
“Keyfiyyətsiz gün eynəkləri gözün görmə qabiliyyətini zəiflədir, eyni zamanda allergiyaya səbəb olur”.