“Xeyli sayda alıcı onunla sayta yerləşdirdiyi nömrə vasitəsilə əlaqə saxlayıb”
Yüzlərlə vətəndaş daşınmaz əmlak, avtomobil satışıyla bağlı elan saytlarından dəyərindən daha ucuz qiymətə əmlak almaq istədikləri halda aldadılıb, külli miqdarda pulları ələ keçirilib. Hüquq-mühafizə orqanlarına bununla bağlı çoxsaylı şikayətlərdən sonra Aqşin Bədəlov adlı şəxs Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun saxta elanlar vasitəsilə təxminən 450 nəfərə ziyan vurduğu iddia olunur. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İddia olunur ki, Aqşin Bədəlov dəyərindən çox ucuz qiymətə avtomobillərin, evlərin satışı haqda elanları saytlara yerləşdirib. Ucuz qiyməti görən xeyli sayda alıcı onunla sayta yerləşdirdiyi nömrə vasitəsilə əlaqə saxlayıb. Danışıqlar zamanı həmin şəxslərdən dərhal pulun bir hissəsini köçürməsi istənilib. Deyilib ki, əks halda, başqa alıcıya satıla bilər.
“Aqşin Bədəlov izi itirmək məqsədilə müxtəlif şəxslərin adına olan bank kartlarını müştərilərə göndərib. Pullar həmin kartlara köçürüləndən sonra əldə olunan vəsaiti öz öz hesabına yönləndirib və nağdlaşdırıb. Zərərçəkənlərin onu tapmaması üçünsə onların nömrələrini bloklayıb”, – Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Məlumata görə, Aqşin Bədəlov saxlanılarkən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələri və başqa elektron sübutlar tapılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb.
Aqşin Bədəlovun ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.