Gənclər kəndlərdə yaşayan, ehtiyacı olan şagirdlərə dərs vəsaitləri toplayır
2017-ci ilin yeni dərs ilində ucqar kəndlərdə yaşayan xeyli imkansız ailənin uşaqlarına dərs vəsaitləri paylanacaq.
Bir qrup gənc bununla bağlı dəstək kampaniyası başladıb. “Biz Birlikdəyik” komandası təhsilin insan həyatındakı rolunun böyük olduğunu çox yaxşı bilir. Odur ki, uşaqlara dəftər, qələm, karandaş, boya, kitab və s. lazımlı məktəb ləvazimatları toplamağa başlayıblar.
Bununla bağlı sosial şəbəkələrdə dəvət səhifəsi də yaradıb:
“Təhsilin insan həyatında necə böyük rol oynadığını hamımız yaxşı bilirik. Təəssüf ki, hər kəsin təhsil almağa imkanı olmur. Ucqar kəndlərdə yaşayan, əsl məktəb abu-havasından uzaqda təhsil alan gözəl uşaqlar üçün yeni layihəyə start vermək istəyirik. Uşaqlara təbəssüm bəxş etmək, onları sevindirmək və təhsilə ruhlandırmaq üçün “Ümid dolu çanta” ilə onları ziyarət etmək istəyirik. Sizin ianələriniz və könüllü köməyinizlə daha bir layihəni uğurla başa vuracağımıza əminik”.
Hər “Ümid dolu çanta”-nın içərisində məktəb ləvazimatları (dəftər, qələm, rəngli karandaşlar, boya, rəsm albomu, pozan, xətkeş, fırça, uşaq ədəbiyyatı və s.), arzu kitabçası (uşaqların böyük arzulaması və öz arzularını qeyd etməsi üçün qeyd dəftəri), yemək qutusu, su qabı və s. olacaq.
“Dəstək olmaq və ya sual vermək istəyənlər “Biz Birlikdəyik” “Facebook” səhifəsinə yaza bilərlər”.