Üçgünlük müharibə

Səbəblər və nəticələr…

Source:

1 aprel gecəsi bildiyiniz kimi hərbi əməliyyatlar başladı. İnanmaq olmurdu: bu nədir, zarafatdır, ya nə? Başlandı yəni? 1988-ci ildən, lap gənc yaşlarından milli ləyaqətinin dərin təhqiri hissini keçirmiş biri kimi deyə bilərəm ki, cəmiyyətdəki revanş yanğısını tam anlayıram. Buna tarixi analogiya çoxdur, məsələn, fransızlar 1871-ci ildə Prussiyaya məğlub olaraq, bu hissi düz 43 il, 1914-cü il Birinci Dünya Müharibəsinə kimi yaşamışdılar. O müharibəni fransız cəmiyyəti böyük ruh yüksəkliyi ilə qarşılamışdı, ardından nə kimi faciələr baş verdiyi isə tamam başqa mövzudur.

Bəs bizdə nələr baş verdi? Hakimiyyət 20 ildən artıq idi ki, bizə “lazım” havasını çalırdı. Cəmiyyətdəki müdhiş sosial ədalətsizlik haqda bircə kəlmə kəsənin “a kişi, bizim Qarabağ boyda dərdimiz var” replikası ilə qarşılayırdı. Vətəndaşına sayğı verməyib, saxta “vətən sevgisi”ni cəmiyyətdə təbliğ edir, insanrın normal patriotik hisslərini ifrat ksenofobik ritorika ilə əvəzləyirdi. Bununla da biabırçı korrupsiyanı pərdələməklə məşğul olurdu – bu, əsla heç kim üçün sirr deyil.

İstənilən avtoritar hakimiyyət üçün xarici düşmən hava-su kimi gərəkdir – bu da, şəksiz, bir aksiomadır. Bu mənada “Qarabağ dərdi” 1993-cü ildən bəri bu ölkənin və bu xalqın başına açmadığı oyun qalmamış hakimiyyət üçün çox əla bir manipulyasiya vasitəsidir. Bu alətdən istifadə edərək, çox asanlıqla bütün edilmiş alçaqlıqların üstündən rahatlıqla xətt çəkmək, unutdurmaq olar. Lap sadəsi – bu banal manipulyasiya vasitəsidir və hakim dairələr uzun illər insanların hissləri ilə oynayaraq, bunu çox rahat həyata keçirirdirlər. Daxildəki istənilən kiçicik narazılıq yaranan kimi, onu çox rahatca bu vasitə ilə söndürürdülər.

Bu illər ərzində tökülən insan qanı, şəhid olan, şikəst edilən gənclər isə bunu edənlərin tükünü də tərpətmirdi. Əksinə, bu vətənin bütün sərvətlərini əlinə keçirib talan edənlər, öz övladlarını yağ içində bəsləyib Maserati-Lamborghinilərə otuzduranlar, heç bir untanc hissi keçirmədən: “müharibədir, müharibədə əsgər ölər də…” deyib hayqırırdılar. Əsgər deyərkən də, nəzərdə tutduqları sadə xalqın, yəni “sosial aşağıların”, qısaca bizim övladlarımız idi. Təəssüf ki, bu dəfə də eyniylə belə oldu.

Hələ dekabrda ikinci devalvasiya baş verəndə, öncədən demişdik ki, iqtidar reytinqini saxlamaq üçün kiçik müharibəyə gedə bilər. Bu aprel kampaniyasının necə başlanması və necə bitməsi bunun tam sübutu idi. Bu əməliyyatı başladanlar bəlkə də Vətən haqda sonuncu mərhələdə düşünürdü – bunu da əsassız demirik. Vətəni uzun illər çalıb-talayan, onun sərvətlərini havaya sovuran, Vətəni öz vətəndaşları üçün cəhənnəmə çevirənlər onu necə azad edəcəkdi ki? Bunu necə təsəvvür edirdiniz?

İndi isə bu əməliyyatın ölkənin azad edilməsi üçün yox, sırf siyasi səbəblərini açıqlayaq.

Hamı gördü və şahidi oldu ki, Azərbaycan hətta bu günündə, illərlə Əliyevlər rejimi tərəfindən talandığı halda öz ərazisini təcavüzkardan azad etmək gücünə malikdir. Əgər geosiyasi vəziyyət azacıq imkan versə (bunu da güclü müttəfiqlə əldə etməklə qazanmaq olar, daha “balanslı” siyasətlə yox), ölkədə həqiqi milli və demokratik bir hakimiyyət bərqərar olarsa, biz buna nail ola bilərik.

İndi isə qarşılaşdığımız mənzərə bu oldu – nə üçün məhz 1 aprel gecəsi başlandığı bilinməyən bu əməliyyat uğurlu keçməsinə rəğmən, başlandığı kimi də qəflətən dayandırıldı. Zatən başlandığı günün sabahı artıq Müdafiə Nazirliyi birtərəfli qaydada atəşkəs elan etmişdi. Sonra yenidən əməliyyat davam etdirildi və verilmiş şəhidlərə, ağır itkilərimizə rəğmən böyük nəticələrsiz dayandırıldı.

Sual olunur nədən başladın, niyə bitirdin? Deyirlər ki, hansısa təpəliklərə yiyələnmişik – çox gözəl, amma müasir müharibədə bunu nəticə saymalıyıqmı? Ərazilərimizi azad edilirdisə, o zaman niyə təpəliklərlə kifayətlənildi, axı bundan ötrü bizim əzizlərimiz qurban getdi? Bu əməliyyatın aparılmasında məqsəd nə idi, bilmək olarmı? Yaxşı, heç olmazsa o tutulmuş təpəliklərin adını, azad olunmuş ərazilərin dəqiq lokasiyasını bilmək olarmı, yoxsa bu da indiyə kimi hərbi sirrdir?

Bu sualların ən ağır və yeganə həqiqi cavabı – bu müharibə də illər boyu gördüyümüz siyasi oyun idi.

Məsələyə başqa prizmadan baxmaq üçün qarşı tərəfin mövqeyinə də gələk. Ermənilər Qarabağı uzun illər işğal etmələrinə rəğmən, onun “müstəqilliyini” indiyə kimi tanımağa cəsarət etməyiblər. Səbəb aydındır, yəqin ki, ağaları buna icazə vermir. (Bu sözlərimlə əsla qarşı tərəfin xalqı haqda aşağılayıcı ifadə işlətmək fikrim yoxdur, sadəcə o ölkənin eks-prezidenti Robert Koçaryan özü bunu demişdi ki, bizim dövlət Rusiyanın Qafqazdakı forpostudur. Əgər bunu ölkənin ali rəhbəri deyirsə, ona iqtibas vermək əsla aşağılayıcı anlama gəlməz.) Bu dəfəki əməliyyat güclənəndə qeyd etdim – bu məsələlərin ciddiyyətini yalnız Ermənistan Qarabağın müstəqilliyini tanısa qəbul etmək olar. Çünki düşmən aldığı ağır zərbələrdən çox hiddətlənmişdi. Lakin bu da gözlənildiyi kimi baş vermədi.

İndi çıxaracağımız nəticələrdən kimsə xoşlanmayacaq, çoxları isə yəqin ki, müəllifə təhqir-küfr yağdıracaq. Olsun.

Lakin bu Vətənin azad edilməsi deyildi, əzizlərim. Bu hakimiyyətin növbəti siyasi oyunu idi. Və onların çaldığı bu havaya hamı bir daha oynadı, hamı – gənclər, müxaliflər, ictimai sektor, ziyalılar, incəsənət xadimləri, yazıçılar, manıslar, TV aparıcıları, qısası bütün cəmiyyət. Çox adam hətta faşist ritorikasına keçdi, başqaları dedi ki, biz bir olduq, birlik baş verdi, bu məsələdə hamımız birik-filan. Lakin aldanmayın, bu əsla belə deyil, hər halda hakim təbəqəmiz əsla bu fikirdə deyil, ölkədə indiyə kimi baş verən ədalətsizliklər, qanunsuzluqlar, özbaşınalıq, həbslər ara verməyəcək, əksinə, hamısı daha da “legitim” olaraq davam edəcək. Axı “təpəlikləri” almışıq. Özü də necə bir gənclərin həyatı bahasına…

Görəsən belə oyunlar hələ neçə dəfə başımıza gətirəcəklər, neçə dəfə?!

Burada son söz kimi vicdanlı vətəndaş Elnur Astanbəylidən iqtibas gətirərdim:

“Yüksəkliklər alınsın, amma alçaqlıqlar da unudulmasın!”


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəÜçgünlük müharibə