Üçəm atası: Bizə hansı ölkə sahib çıxarsa, başımızı götürüb ora gedək

”Anamın qəpik-quruşluq təqaüdünə möhtacıq”

Source:


”Anamın qəpik-quruşluq təqaüdünə möhtacıq”

Ucarın Qazyan kəndinin sakinləri – Könül və Əli Məmmədovların üçəm övladları dünyaya gəlib. Onlar bilmirlər, birdən-birə 3 uşaq sahibi olduqlarına sevinsinlər, ya üzülsünlər. 6 nəfərlik ailədə çalışan yoxdur. Yeganə gəlir, Əli Məmmədovun anasının aldığı təqaüd və üçəm uşaqlara görə Ucar Rayon İcra Hakimiyyətinin verdiyi aylıq 100 manatdır. Bunlar birgə 270 manat edir. Əli Məmmədov bu vəsaitin 6 nəfərlik ailəsini 1 həftə idarə etməyə yetdiyini söyləyir. Üstəlik, anası şəkər və təzyiq xəstəsidir.

“Onun 170 manatlıq təqaüdünü əlindən aldığımız azmış kimi, dərmanını, iynəsini də çatdıra bilmirik. İstərdim, yaxşı övlad olum, anama yaxşı baxım. Nə yazıq ki, bu gün onun qəpik-quruşluq təqaüdünə möhtacam. Nəinki ona baxa bilirəm, əlindəki qəpik-quruşunu da alıram. İş tapa bilmirəm, yoxsa, işləyər, ailəmi dolandırardım”.

Əlimdən heç nə gəlməməsi məni çox üzür

30 yaşlı Əli Məmmədovun həyat yoldaşı Könülün 24 yaşı var. Deyir, bu dəqiqə uşaqların üçü də hərarət içindədir. Həyat yoldaşı isə onlardan betər durumdadır:

“Dəli olmaq həddindədir. İnanın, əlimdən heç nə gəlməməsi məni çox üzür. Həkimə apara bilmədik. Sağ olsunlar, zəng etdik, onlar gəlib, baxdılar. Uşaqdır də, hər dəqiqəsi fərqlidir. Hələ bizdə üçdür”.

Sosial yardım üçün o qədər sənəd istəyiblər ki…

Ə. Məmmədov işləmir, heç iş tapa da bilmir. Deyir, evlərinə aylıq gələn 270 manatla isə heç nəyi çatdıra bilmirlər. Odur ki, ekstra xərc çıxanda, qarşılaya bilmirlər:

“Bezi, yeməyi çatdıra bilmirik. Geyim bir yana dursun. Qaldı, xəstələnəndə həkimə aparmaq. Bu yaxınlarda ünvanlı sosial yardımla bağlı iki ərizə verdim. Cavab gəldi, gəlməsəydi ondan yaxşı idi. O qədər sənəd istəyirlər ki… O sənədləri toplamaq üçün elə 500-600 manata ehtiyac var. Biz o pulu haradan alaq? Getdim qəbula, dedilər ki, əslində heç sizə düşmür də. Niyəsini soruşdum. Dedilər, maşınınız var. Maşını görəsiniz, tökülüb-itir. Ancaq deyirlər, maşındı də”.

Sosial yardıma görə toplanacaq sənədlər üçün pul lazımdır

30 yaşlı ata deyir ki, maşını dəfələrlə satmaq qərarına gəlib. Ancaq sonra fikrindən yayınıb. Sırf uşaqları həkimə aparmaq üçün saxlayıb:

“Uşaqları həkimə aparıram deyə satmamışam. Amma görünür, satmalı olacağam. Sosial yardıma görə toplanacaq sənədlər üçün pul lazımdır. Maşın ancaq 600-700 manata gedər. İndi bir neçə aydır qoymuşam satışa, heç adını tutan da yoxdur. Pis gündədir, kimin nəyinə lazımdır? Düzdür, mənə gətir bizə pul ver, deyən olmayıb. Sadəcə o qədər şey tələb edirlər ki, mən həmin sənədləri toplamaq üçün gərək yollarda qalam. Bu şeylərin də heç biri havayı başa gəlmir”.

Vəkildən xahiş edəcəyəm ki…

Əli Məmmədov ağır işdə də çalışa bilmir. Deyir, uşaq vaxtı çox pis yıxılıb, ayağının birinə mil qoyublar. İndi həmin ayağını yaxşı işlədə bilmir. Həkimlər ağır qaldırmaq, çətin işlərdə çalışmağı qadağan ediblər, olmaz:

“Düzdür, fəhləlik etdiyim də olub, ağır iş gördüyüm də. Amma daha edə bilmirəm. Fiziki gücüm yoxdur. Mən bilmirəm, xəbərsizəm, qanunda necədir? Nə var qanunda? Biz nə etməliyik? Bir az pulum olan kimi gedəcəyəm şəhərə bir vəkil var, onunla görüşəcəyəm. Xahiş edəcəyəm ki, mənim adımdan xarici dövlətlərə müraciət etsin. Görək bizə hansı ölkə sahib çıxarsa, başımızı götürüb ora gedək”.

Necə böyüdək bu uşaqları?

Ailə kommunal xərclərini də çatdırıb, ödəyə bilmir. Aylıq gəlirləri yeməklərinə və təməl ehtiyaclarına güc-bəla ilə yetir:

“Bəzən heç çatmır. İşığa, qaza haradan alıb verək? Soyuqdan donmamaq üçün odun sobası qoymuşuq. Kiçik bir mətbəxtdə oturub, dururuq. Uşaqları da orada saxlayırıq. Nə edək, başqa çarəmiz yoxdur axı. Evimizi görün, tökülüb, itir. Babadan qalmadır. Yenə bunu birtəhər yola vermək olur, köhnə də olsa, yaşamaq olur. Bəs qalanını nə edək? Necə böyüdək bu uşaqları?” – deyə, Əli Məmmədov sual edir.

Ailə onlara deyilən sənədlərlə bərabər idarəyə müraciət etməlidir

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən ailəyə dəstək olduqları söylənib:

“Biz əlimizdən gələn dəstəyi göstəririk. Bundan artığını etmək icra hakimiyyəti səlahiyyətində deyil”.

Ucar Rayon Sosial Müdafiə Fondundan isə bildiriblər ki, ailə onlara deyilən sənədlərlə bərabər idarəyə müraciət etməlidir. Bunu elektron qaydada da edə bilərlər:

“Deyilən sənədlər lazım olanlardır. Onları toplayıb, müraciət etməlidirlər. Aydın olmayan bir şey varsa, yaxınlaşıb soruşa da bilərlər”.

Ana səhifəBölgəÜçəm atası: Bizə hansı ölkə sahib çıxarsa, başımızı götürüb ora gedək