“Nə sosial yardım verir, nə işlə təmin edirlər”
Tənha ana aidiyyəti qurumların süründürməçiliyindən şikayətçidir.
“2016-cı ildən sənədləri düzəltdirdim və çətinliklə ünvanlı sosial yardım aldım. Ötən ilin may ayında yenidən sənədləri düzəltdim və bu ilin aprelinə qədər aldıq. Maydan yardımı kəsiblər. Uşaqlarla ac-susuz, çıxılmaz vəziyyətdə qalmışıq. Get-gəldəyəm, kömək etmirlər”.
Bunu Meydan TV-yə Göyçayın Şəkər kənd sakini, tənha ana Alidə Nəsrəddin qızı Hacıyeva deyir.
“Günlərlə ac qalırıq”
Dediyinə görə, himayəsində üç məktəbli övladı var. Onları çətinliklərlə böyüdən ana ünvanlı sosial yardımının kəsilməsindən sonra ümidini tamam itirib.
Dörd aydır ki, ünvanlı sosial yardımın bərbası ilə bağlı aidiyyəti qurumların qapısını döyür, amma onu süründürürlər. Üç ay: “Get sənə məlumat gələcək, bura gəlmə”, – deyilsə də, sonucda ona imtina cavabı verilib.
İmtinanın səbəbi avqust ayından etibarən tətbiq edilən pay torpaqlarına görə ödənişlərin olmasıdır.
Ailənin dolanışığı ünvanlı sosial yardımdan asılı olduğu üçün vəziyyət acınacaqlıdır.
Ailə günlərlə ac qaldığını deyir:
“Ünvanlı yardım üçün 390 manat pul kəsmişdilər. Üç məktəbli övladım və mən bu pulla ailənin dolanışığını təmin edirdik. İndi də uzun get-gəldən sonra şifahi mənə deyirlər ki, imtina cavabı gəlib. Səbəbini demirdilər, telefona da bildiriş gəlməyib. 31 maydan verilən ərizəyə 15 gün içərisində rəsmi bildiriş gəlməli idi. Dedilər ki, Bakıdan gəlib evini, yaşayışını yoxlayacaqlar, sonra qərar veriləcək. Amma heç bir yoxlama aparılmadan imtina cavabı gəlir. İndi cavab kimi deyirlər ki, avqustun 8-dən etibarən 6 ay pay torpağına görə ödəniş etməliyəm, ya da torpaqdan imtina edib iş tapmalıyam. İşi tapa bilsəm, daha ünvanlı sosial yardım üçün niyə sürünürəm? İş var ki? Tənha, xəstə ana kimi ailənin bütün ehtiyacları mənim üstümdədir. Üç uşağı məktəbə necə yola salım, necə yaşayaq? Heç yerdə çalışmıram. Qonşular kömək edir, onlar versə, bişiririk, verməsələr, günlərlə ac qalırıq“.
“Nə xəbər var, nə kömək edən”
Ailəni həmişə fərdi təsərrüfatlarda, əkin sahələrində çalışaraq dolandıran Alidə Hacıyeva iki aydır ki, səhhətində yaranan problemlər üzündən ağır fiziki hərəkət edə və çalışa bilmir.
Həkimlərin dediyinə görə, onun əməliyata ehtiyacı var. Hətta işlə bağlı aidiyyəti qurumlara edilən rəsmi müraciəti də cavabsız qalıb.
O, yaşadığı Şəkər kənd orta məktəbində xadimə işinə bərpa olmaq istəyir. Hansı ki əvvəllər də orda çalışıb.
Deyir ki, məktəbdə həmin işə vakansiya da var, ancaq direktor onu dinləmək belə istəmir.
“Anam 1990-cu ildə məktəbdə xadimə kimi çalışıb. Üç il çalışıb təqaüdə çıxandan sonra həmin işə mən düzəldim. 2001-ci ildə ailə qurduğuma görə işdən çıxmalı oldum, işləməyimə narazı oldular. Sonra ailəm dağıldı. Yerimə qohumum düzəldi. İndi də həmin qohum qadın təqaüdə çıxır, mənə deyir ki, gəl sən işlə. Mən həmin boş iş yerinə düzəlmək istəyirəm. İşə çox ehtiyacım var. Dəfələrlə məktəb direktorunun qəbulunda oldum və işlə bağlı kömək istədim. Dedi ki, iki yarımştat işçim var, boş yeri onlara verəcəyəm. Həmin adamlar özləri deyir ki, xəstəyik, səhhətimiz o işdə çalışmağa imkan vermir. İcra nümayəndəsinə deyirəm, o da deyir ki, məktəb bizim səlahiyyətimiz deyil. Fevral ayında icra hakimiyyətində oldum, ərizəmi yazdım, məni dinlədilər. Dedilər: “Get, müraciətini qeydə aldıq, sənə xəbər edəcəyik”. Bu həftə yenə getdim, yenə qəbul edib tez yola saldılar ki, xəbər edəcəyik. Amma nə xəbər var, nə kömək edən“.
“Neft ölkəsinin vətəndaşı niyə quru çörəyə möhtac olmalıdır?”
Tənha ana süründürməçilikdən bezdiyini deyir:
“Adamı intihar həddinə çatdırırlar. Özüm də xəstəyəm, xəstəxanaya getdim, pulsuz, müayinə, müalicə yoxdur. Deyirlər ki, əməliyyat etdirməlisən. 21 sm-lik kistam var. Ona da pulum yox. Bu ölkədə pulun yoxdursa, səsini eşidən olmur. Keçmiş həyat yoldaşım da xəstə, içki düşkünü və kimsəsiz adamdır. Heç hakim ona aliment kəsmədi ki, haradan alıb verəcək? İçkisinə pul tapa bilmir, evsiz küçələrdə sürünür. Mən də üç uşaqla yarımçıq, heç nəyi olmayan tikilidə yaşayıram. Nə təmiri var, nə şəraiti. Döşəməyə ayaq basmaq olmur. İstidə, soyuqda zülm çəkirik bu evdə. 8-ci sinifdə oxuyan böyük oğlum məcburiyyətdən camaatın həyətlərində ot çalır, odun doğrayır, 2-3 manat pul gətirir. Bir qonşu yağ verməklə, biri çörək verməklə, biri aylarla kəsilən elektrikin pulunu ödəməklə yardım edir. Nə vaxta qədər belə dolanacağıq? Neft ölkəsinin vətəndaşı niyə günlərlə quru çörəyə möhtac olmalıdır? Tək istəyim budur ki, məktəbə işə düzəlim, ünvanlı sosial yardım alım, üç uşağı böyüdüm, oxudum. Yoxsa, məcbur edirlər ki, üç övladımla intihar edim“.
“Sosial sığorta ödənişləri olmadığı üçün yardım təyinatından imtina edilib”
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili Meydan TV-yə deyib ki, vətəndaşın ünvanlı sosial yardımına verilən imtina cavabı ödənilməyən sosial sığorta ödənişləri ilə bağlıdır.
Yenidən ünvanlı sosial yardım almaq üçün avqustdan etibarən vətəndaş altı ay ərzində 6 manat məbləğində sığorta ödənişi etməlidir:
“Göyçay rayon sakini Hacıyeva Alidə Nəsrəddin qızı ailəsinə ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün sonuncu dəfə bu ilin iyun ayında müraciət edib. Müraciətə baxılan zaman ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən sosial sığorta ödənişləri olmadığı (yəni ailə üzvü A.Hacıyeva pay torpağına görə olan vergi ödənişlərini etmədiyi) üçün yardım təyinatından imtina edilib. Qanunvericiliyə görə, torpaq pay mülkiyyətində payçıların hər biri üçün ən azı 6 ay ardıcıl olaraq sosial sığorta ödənişləri edildiyi halda ünvanlı sosial yardım üçün müraciət edilə bilər və bu ödəniş aybaay davam etdirilməlidir. Vətəndaş da bununla bağlı məlumatlandırılıb”.
“Məni sıxışdırırlar ki, yarımştat işçin olmasın”
Şəkər kənd tam orta məktəbinin direktoru Gülarə Əhmədova vətəndaşın işlə bağlı müraciət etdiyini təsdiqləyib.
O deyib ki, boş vakansiyanı digər iki işçi arasında bölüşdürdüyündən Aliyə Hacıyevanı işlə təmin edə bilməyəcək:
“Onun müraciəti may və iyun ayında olub. Hətta Təhsil Nazirliyindən də mənə zəng edilib. Bizdə vakant yer yoxdur. Bir xadimə yerimiz boşalıb, əvəzinə iki xadiməmiz 16-ildir 0.5 “oklad”la işləyir. Əmək Məcəlləsinə görə, minimum əməkhaqqı tam olmalıdır. Ona görə həmin yarım “oklad”ları boş “oklad”la tam etməliyəm. Yarım “oklad”la işləyən qadının biri şəkər xəstəsidir, digəri də tənha anadır, himayəsində epilepsiya xəstəsi olan övladı var. Hər ikisi tam “oklad” olaraq iş istəyir. Alidə Hacıyevanın anası bizim məktəbdə işləyib. Məndən öncə olub. İndi Alidəni işə götürə bilməyəcəm, çünki məni sıxışdırırlar ki, yarımştat işçin olmasın. Beş “oklad”lıq işçim var. Xanımla ünsiyyətim olub, onun vəziyyətini bilirəm. İşdən çıxası adamlar var, nə vaxtsa onlar çıxsa, yəqin, bir şey fikirləşərik“.
Müraciətdən xəbərdar olan Elm və Təhsil Nazirliyindən mövqe öyrənmək mümkün olmasa da, Aran Regional Təhsil İdarəsindən MeydanTV-nin sorğusuna cavab verilib.
Bildirilib ki, məktəblərdə işə qəbul qaydalarında statuslu insanların müraciəti ilk növbədə nəzərə alınır.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rüstəm Aslanov aztəminatlı ailə kimi vətəndaşın rəsmi müraciətlə quruma yaxınlaşmağını və vakansiya olduğu təqdirdə kömək ediləcəyini bildirib:
“Şəhid ailə üzvlərinin, qazilərin, müharibə veteranlarının sosial məşğulluğunun təmin olunması ilk növbədədir. Olmadığı təqdirdə bizdə vətəndaşların müraciətləri üçün elektron baza yaradılıb ki, müraciət edən vətəndaşlar orada qeydə alınır. O ki qaldı vətəndaşın müraciətinə, onu araşdırdıq. Ailə vəziyyəti yaxşı olmayan şəxslərin müraciəti də nəzərə alınır. Vətəndaş yaxın günlərdə bizim idarənin qəbuluna gəlsin, rəsmi müraciət etsin. Şəkər kənd tam orta məktəbində hazırda boş vakansiya olmasa da, yaranan kimi təmin edərik. Ya da rayonun digər vakansiyası olan kənd və şəhər məktəblərində çalışmaq istəyərsə, işlə təminatına kömək edə bilərik”.