“Bura yaşayış yeri deyil. Vaxtı ilə zavod olub, sonra qaçqınlar gəlib bura yerləşiblər. Məcburiyyətdən burada yaşayırıq. 1994-cü ildən anamgil bura gəlib. Uşaqlığım burada keçib. 2005-ci ildə də ailə həyatı qurmuşam. O vaxtdan bu şəraitdə yaşayıram” Ağdam rayonundan köçkün düşən Aysel Suanverdiyeva iki qızı ilə yaşadığı evin tarixçəsindən danışır. Ev Suraxanı rayonu, 2-ci mədən ərazisində yerləşir. Evin demək olar ki, tavanı yoxdur. Qadın əlinə keçdiyi əşyaları yığıb, salofanlarla evinə daman yağışların qarşısın almağa çalışır. Amma bu da ona kömək etmir. Deyir ki, hər yağışdan sonra döşəməyə yığılan suyu qablara yığıb küçəyə tökür. Problemi təkcə bu olsaydı, çəkmək asan olardı deyir. 2006-cı ildə doğulan qızı danışmağı bacarmır. Bircə “ana” deyir. Bir neçə ildir ayaqlarında da problem yaranıb. Şişkinlikdən yeriməkdə çətinlik çəkir. Valideyn Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra qızı 10 gün xəstəxanada yatılı müalicə alıb. Az da olsa, səhhətinə müsbət təsir edib deyir Aysel Suanverdiyeva.
“Uşaqlarım oldu. Uşağın biri xəstə oldu. Yoldaşım atıb çıxıb getdi. Bizə anam, qardaşım və atam baxır. Uşağım xəstə olduğuna görə işləyə bilmirəm. Bu şəraitdə də oturub uşağımı saxlayıram”.
Balaca qızı Nərgizin 9 yaşı var. Amma o bu vaxta qədər məktəbə getməyib. Anası deyir, imkansızlıqdan geyim, dəftər, qələm ala bilməyib. Buna görə də qızını məktəbə göndərməyib. Amma çox istəyir ki, qızı oxusun. Onun da uşaqları ilə bağlı arzuları var. Arzulayır ki, qızı həkim olsun. Deyir, özünün uşaqlıq arzusu həkim olmaq olub, amma bunu gerçəkləşdirə bilməyib. İndi də təhsildən qalan qızından bunu gözləyir. Uşaq özü də həkim olmaq istədiyini deyir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma. miqrasiya, məşğulluq və status şöbəsinin əməkdaşı İlqar Süleymanov deyir ki, “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı” Dövlət Proqramında onlar üçün Qobu qəsəbəsində şəhərciyin salınması nəzərdə tutulub. “Həmin qəbildən olan ailələrin mənzil məsələsinə baxıla bilər. Dövlət proqramında mərhələli şəkildə göstərilən obyektlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Amma daha pis vəziyyətdə yaşayan ailələrin də şəhərsalma zamanı problemlərinə baxılacaq”.
Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov bildirib ki, təhsildən kənar düşən Nərgiz Suanverdiyeva təhsilə cəlb olunacaq. “Bu şəxs üçün köməklik ediləcək. Ərizəsi yazılsın, tələb olunan sənədlər təqdim olunsun, bununla uşağın oxuması təmin olunacaq”.