Azərbaycan gəncliyinin meyxanaya qulaq asıb, zırramalıq elədiyi, ucuz fəlsəfəyə baş qoşub, sitatlar gətirdiyi bir vaxtda bu gənclərin akademik musiqini seçməyi qarşısında insanın gözləri yaşarır
Hərdən Azərbaycan rayonunun mədəni həyatında baş verən hadisələrə (bəzi) nəzər salanda “bəlkə tezdi?”-deyə düşünməyə başlayır adam. Bəlkə ümidsizliyə qapılmaq, aqressivləşmək, “heç nə düzəlməyəcək” demək üçün çox tezdi. Bəlkə də deyil, sadəcə istisnalar bizə pozitiv olmaqda kömək edir. Hansı istisnalar?
Məsələn, bu istisna – yaxın keçmişdə (keçən həftə) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri bir ilkə imza atdı. Dahi Avstriya bəstəkarı V.A.Motsartın bu günə qədər Azərbaycanda ifa olunmayan əsərini (piano concerto for 3 piano No.7 K242 “Lodron”) ifa etdilər. Gənc dirijor, gənc orkestr (Baku Chamber Orchestra) və gənc pianoçular…
Əslində böyük hadisədir , inanın mənə. Hətta təvazökarlıq etmədən “çox böyük hadisədir” belə demək olar. Azərbaycan gəncliyinin meyxanaya qulaq asıb, zırramalıq elədiyi, ucuz fəlsəfəyə baş qoşub, sitatlar gətirdiyi bir vaxtda bu gənclərin akademik musiqini seçməyi qarşısında insanın gözləri yaşarır. Deməli, hələ də bu cəmiyyətdə dirijor, skripkaçı, pianoçu olmaq istəyən gənclər var. Qarşılaşdıqları və qarşılaşacaqları bütün maddi və mənəvi maneələrə rəğmən…
Konsertin afişasını görəndə fikirləşdim ki, əgər cəmiyyətin mədəni həyatı normal səviyyədə olsaydı, bir neçə gənc musiqişünas bu mövzuda “saçyoldusu”na çıxa bilərdi. Drijoru, orkestri, ifaçıları hətta bəstəkarı belə tənqid eləmək üçün xeyli ipucu tapmaq olardı. Amma… Afişadakı məlumatları oxuyanda (ifaçılar və drijorun kimliyi, əsərin adı və s.) şəxsən məni bu sual da maraqlandırdı: “Motsart? Hansı cəsarətlə?” (Müasir musiqinin qıy-qışqırığının yüksək zövq və intellekt sayıldığı bir dövrdə bu sual gülməli səslənə bilər. Axı kimlərəsə görə ifaçının doğru, yaxud səhv ifa etdiyi bilinməyən əsərlər daha cazibədar, riskli və eyni zamanda cəsarət tələb edir). Ona görə “Hansı cəsarətlə” sualı doğdu ki, hər hansı bəstəkarın əsərini ifa etmək üçün o bəstəkara, onun həyatına, çətinliklərinə yaxın olmaq lazımdır. “La Pianiste” filmində (Michael Haneke ) müəllimənin olduqca yaraşıqlı və xarizmatik şagirdinə Şubert haqqında dediyi sözlər bu sualın əsl cavabıdır: “Şubert ifa etmək sizlik deyil. Çünki, o, çox arıq və çirkin bir kişi idi. Buna görə sevdiyi qadın tərəfindən rədd edilmişdi. Bu görünüşlə qadınları yoldan çıxarmaqda yəqin ki, çətinlik çəkməmisiniz!”
Sözsüz ki, ifaçı bütün bəstəkarların həyatını yaşaya bilməz. Əgər yaşaya bilmirsə, deməli, oxumalıdır . Motsart həyatı, yaşadıqları, xarakteri baxımından dünya musiqi tarixinin fövqündə dayanır. O özü də etiraf edirdi ki, “Mənim necə dəli olduğumu hamı bilir…” Bəs bizim gənc ifaçılar necə? Bilirdimi?
Qayıdaq konsert səhnəsinə… Gənclərdən ibarət kamera orkestri, gənc dirijor və üç pianoçu qız. Dirijorun gənc olmasına baxmayaraq , əsəri təntənəli və motsartsayağı idarə etməyə başlaması sözün düzü xeyli təəccüb doğurur. Həyəcanlıdır… Bütün xırdalıqları orksetrlə bölüşür. Və pianoçuların ifaya başlaması ilə Motsart musiqisinin sehri bir anlıq dağılır. Həyəcan və Motsarta qismən hazırlıqsız olmağın psixologiyası ilə əsərin şıltaqlığı, çılğınlığı itir. İndi səhnədə sanki bir-birindən küsmüş orkestr, üç pianoçu və onları barışdırmağa çalışan, bir-birini dinləmələri üçün israr edən dirijor var. Pianoçular orkestri dinləməməkdə israrlıdır. İfada Motsart şıltaqlığı yox, demək olar ki, Bethoven kamilliyi var. Əsərin xarakteri istisna olmaqla hər şey yüksək keyfiyyətdədir. İfaçıların virtuoz imkanları, əsərin melodik xətti, pianoçular arasındakı “mövzu paslaşması”. Amma ifa lazımsız dərəcədə ciddiləşib. Gənc dirijor hələ də təslim olmayıb. Orksetrlə pianoçuları “barışdırmağa” çalışır. Və budur onun qələbəsi! İfaçıların sovuşan həyəcanı, sözsüz ki, illərin təcrübəsi və dirijorun da gərgin əməyi nəticəsində pianoçular orkestri “tanımağa” başlayır. Qarşımızda möhtəşəm bir orkestr bütövlüyü var…
Bütün əsər boyu ifaçılar (pianoçular) Motsart ruhunu yaxalamağa çalışdı. Çox zaman müvəffəq oldular. Amma onlar çox zaman bəstəkarın dəliliyinə uduzurdular. Motsartın ifaçılara qurduğu tələlərə düşürdülər və uzun, sürətli passajlarda bir-birlərini itirməmək üçün daha məntiqli düşünməyə başlayırdılar. Bax, bu, böyük ehtiyatsızlıq idi…
Hər şeyə rəğmən ifa möhtəşəm idi. Bu möhtəşəm ifada bir maraqlı məqam da əsərin tempi ilə bağlı idi. Partiturada tələb olunan temp Allegro (cəld) olduğu halda dirijor qismən ağır temp götürmüşdü (hardasa allegro ma non troppo). Dəyişikliyin səbəbini isə gənc dirijor bu cür izah etdi:
“Motsartın zamanında hər şey qeyri-müəyyən, təxmini idi. Həmçinin əsərlərin tempi də. Ola bilsin ki, onu heç bəstəkarın özü yazmayıb, redaktorun fikridi. Əsərin tempi daha çox dirijorun öz ritm və temp duyğusundan aslıdır. Və əminliklə deyə bilərəm ki, dirijor bəstəkarın yazdığı materialı dəyişə bilməz ancaq digər nüanslar dirijordan aslıdır.”
Sözsüz ki, bütün bu xırda detallar gənclərin təşəbbüsünü kölgədə qoymur. Orkestrin və pianoçuların ifasında texniki olaraq qüsur tapmaq imkansızdır. Təkrar edirəm! Gənclərin bu əsəri qısa müddətdə (3 ay və orkestrlə cəmi 3 məşq) bu səviyyədə ifa etməsi böyük hadisədir!