Üç Gürcüstan vətəndaşı Rusiya hərbçiləri tərəfindən saxlanılıb

Təmas xətti, foto: Reuters

“Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”

OC Media yazır ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) verdiyi məlumata görə, üç Gürcüstan vətəndaşı Rusiya hərbçiləri tərəfindən Qori yaxınlığındakı Xurvaleti kəndində saxlanılıb. Saxlanılanlardan biri daha sonra Tbilisinin nəzarətində olan əraziyə buraxılıb.

DTX qeyd edib ki, insidentlə bağlı məlumat daxil olan kimi onlar Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının iştirakı ilə “qaynar xətt”i işə salıblar. Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri və digər beynəlxalq tərəfdaşlar da məlumatlandırılıb.

“Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər tətbiq edilib”, – Gürcüstan DTX-nin bəyanatında deyilir.

“Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, bəyanatda deyilir.

Saxlanılanların kimliyi ilə bağlı ətraflı məlumat verilməyib.

Tanınmamış Cənubi Osetiyada və ya onun yaxınlığında Gürcüstan vətəndaşları və Rusiya hərbçiləri ilə bağlı həbslər və digər insidentlər yeni hal deyil.

Aprel ayında “Cənubi Osetiyanın təhlükəsizlik xidmətləri” dövlət sərhədinin müxtəlif hissələrində yaradılmış rejimi pozan 15 nəfərin saxlanıldığını bildirmişdi.

“Hər bir hüquqi rejim pozuntusuna görə Dövlət Təhlükəsizliyi Komitəsinin sərhəd xidməti araşdırmalar aparıb, nəticədə 10 nəfər inzibati qaydada cərimələnib, 1 nəfər cərimə olunmadan respublika hüdudlarından kənarlaşdırılıb, 2 nəfərə xəbərdarlıq edilib, daha 2 nəfər üzrə isə inzibati icraata xitam verilib”, – tanınmamış Cənubi Osetiyanın təhlükəsilik xidmətinin məlumatında deyilirdi.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərÜç Gürcüstan vətəndaşı Rusiya hərbçiləri tərəfindən saxlanılıb