Üç gombul

Mən nazir dəyişiminə sevinmirəm…

Source:

Artıq bir aya yaxındır ki,  tində,  dalanda, küçədə, kafedə, restoranda, avtobusda, metroda, toyda-yasda, bir sözlə hər yerdə, hər məkanda hamı, uşaqdan-böyüyə ancaq MTN-dən danışır. Daha doğrusu təhlükəsizlik nazirinin işdən azad edilməsindən. MTN mövzusu ölkədə trendir. Rusiyanın Suriyanı bombalaması  belə artıq keçib arxa plana. Bir sözlə, MTN xalqa şok yaşadıb.

Kasıbın içi boş soyuducusu həddən kədərli  göründüyü  kimi,  MTN-nin yiyəsiz binasının görünüşü də sadə vətəndaşı təsirləndirir.

Neçə illər sonrası nəhayət MTN haqqında leqal danışmağa “dobro” veriblər.  MTN-nin “podvalı” sözündən heç kəs çəkinmir, diksinmir. Hətta ayrı vaxt apolitik olan təbəqə özündə cəsarət tapıb, sosial şəbəkələrdə, forumlarda əməlli diskussiyalar açıb.

Belə deyək, cuşa gəliblər. Ölkəmizin “kirayəşinlər”i gələcək dəyişiliklərdən danışır, köhnə nazirin yerinə təzəsin axtarır, öz namizədlərini irəli sürür, bir sözlə, aktiv vətəndaş obrazı yaradıb, xalqın taleyinə acıyır,  dövlətin gələcəyinə biganə qalmamaqda bir-biriləri ilə yarışırlar.

Dünənlərdə getmişdim “Keşlə” bazarına bazarlığa. Elə orada da eyni vəziyyətdir. Alma satanından,  kələm satanına qədər hamı MTN-dən danışır. Düzü, kimi ucadan, kimi pıçıltı ilə, kimi də yarızarafatla,  amma danışırlar, soruşurlar. Satıcılarla müştərilər arasında qəribə, hətta deyərdim, mistik bir dialoq alınırdı. Satıcılar daha çox mimikadan, jestlərdən  istifadə edirdilər. Bircə MTN sözü aydın eşidilirdi, qalan sözlərin, ən əsası fikirlərini anlamaq olmurdu.

Köhnə ovçular deyir ki, itlər ayının nəyinki ölüsündən, hətta iyindən belə qorxullar. Ona görə ovlanmış ayının həndəvərində cingildiyir, yarısəs hürür, quyruqlarını yığıb həyəcanla ayının leşi ətrafında vargəl edirlər. Yaxın durmağa, qapmağa qorxullar.

Narsatan “Mahmudov” desə də, “KQB” xofu beyninin dibində qaldığından, danışarkən tez-tez ətrafa baxır, xırda çəhrayı gözləri ilə alıcılar arasında nazirliyin agentin axtarırdı. Maraqlı olan o idi ki, millət sevinirdi. Bəli, bəli, inanın mənə, sanki insanlar nəsə bir yenilik, sürpriz gözləyirdi.

Elə bil,  təzə gələn nazir “Keşlə” bazarının hər alverçisinə ev və ya maşın hədiyyə edəcək. Prezidentin “sahibkarlara toxunmayın” şüarı isə bazarın süpürgəçisindən, araba sürənindən, pendir satanına qədər hamının dilində idi. Düzü, bu qərarın limon, göy-göyərti, yumurta satana nə faydası mən bilmirəm, amma onlarda sidqi-ürəkdən, səmimi qəlbdən şad və xürrəm idilər. Mən isə açığı, bu ümummilli sevincin içində donub qalmışdım. Simamda absurdluq notları görünsə də, qəlbimdən keçən, əlimə iri səsucaldıcı alıb, piştaxtaların arasında açıqlığa çıxıb bütün bazarın ərazisinə “ay camaat, nəyə sevinirsiz, nə var, nə olub?” bağırmaq idi.

Rus ziyalısı, yazıçı Yuri Oleşa 25 yaşında ikən “Üç gombul” nağılını yazıb. Povest nağıl janrında olsada, uşaqlar üçün yazılsada, əsərin məğzi başqadır. Adətən nağılları yazıçılar adi insan həyatıyla əlaqələndirir və ibratəmiz edirlər. Belə də ki, insan həyatı onsuz da nağıl kimidir, sadəcə, qorxulu nağıldır.

“Üç gombul” əsərində naməlum bir ölkəni, üç ağlasığmaz dərəcədə kök olan monopolist-maqnat idarə edir. Bu gombulların vəzifəsi, titulları yoxdur. Hansı dinə, imana mənsub olduqları bilinmir. Gombullar hər şeyi öz əllərinə alıblar. Bir gombul çörəyi, ikinci gombul dəmiri, üçüncü gombul kömürü mənimsəyib. Onların bütün işləri-gücləri təmtəraqlı səhər yeməkləri, samballı şam süfrələri və bolluca nahar etməkdir. Piyləmədən əziyyət çəkirlər. Ölkənin insanlarına isə nifrət edirlər.

Bu uydurma ölkədə cəmiyyət bölünüb iki cəbhəyə.

Üç gombulun ətrafında əl-ələ tutub dolanan  varlılara, bir də hakimiyyətə əks olan kasıblara. Yoxsullar sənətkarlardan, kömürçülərdən, işçi təbəqədən ibarət olduğu  halda pullular iri sahibkarlar və saray əhlidir.

Müflüsləşmiş, aclıqdan bezən xalq silah düzəldən Prosperonun və kəndirbaz-qimnast Tibulun başçılığı altında haqq-ədalət, azadlıq uğrunda müharibəyə başlayır.

Saray mühafizəsi üç gombul tiranlığından, despotluğundan təngə gəlib, gombullara qarşı çönür. İnqilabçı Prosperoya qoşulurlar. Öz zabit yoldaşlarına güllə atırlar. Bundan narahat olan üç gombul, sarayda çevriliş olacağını anlayır, bütün güclərin toparlayıb, Prosperonu ələ keçirdillər.

Nağılda Prosperonun bu mübarizəni artıq 25 ildi apardığı bilinir. Prospero əsir düşür, sonra Suok adlı qızcığazın yardımı ilə zindandan qaçır. İnqilabçılara həmçinin yaşlı, xoş təbiətli, müdrik alim, həkim Qaspar Arneri köməklik edir. Sonda  xalqla birlikdə bu insanlar üç gombula və onun ətrafına, saray əhlinə qalib gələrək azadlıq qazanırlar, xoş və firavan ölkə qururlar.

Bu, əlbəttə, nağıldır.Bizlərin hamımızın sevdiyi, xoş sonluğla bitən nağıl. Amma Rusların sözü olmasın “hər nağılda arifə bir işarə var.”

 “Keşlə” bazarı ölkənin mini maketidir. Onsuz da bu diyarda hər şey satılıb-alınır. Pomidor, xiyardan tutmuş, vicdan, şərəf və ləyaqətəcən. Əslində, biz də o bazarın alverçisiyik. Bazardakı cansız alma-armud satarkən, biz səsimizi, haqqımızı, mənliyimizi bədava veririk. Bizlər ayrı-ayrı sahələrdə işləsək də, fəaliyyət göstərsək də, hamılıqla kökümüz bazardandır, biz bazar adamıyıq, bazar aşiqiyik.

Açığı,  “KQB” şefinin çökməyini, Pompeyin süqutu sanmıram. Toplananların yerin dəyişdikdə, cəm dəyişmir. O, sadəcə saray əhli idi. Bundan üç gombula nə? Bazar əhlinin isə bunun şərəfinə tonqal yandırıb, şadyanalıq etməyinə nə sevinir, nə də ki, acıyıram. Çünki, məni düşündürən Suok kimi uşaqcığazların, Tibul kimi kəndirbazların, vicdanlı həkim Qasparların olmamasıdır.

Halva-halva deməynən ağız şirin olmaz. Alma satan, göydən üç alma düşəcəyini durub gözləməməlidir. Almanı gərək  dərəsən. Batanın köməyi onun öz əlindədir.

Bəli, bunu pafos saya bilərsiz, amma üç gombul bizim öz içimizdədir, aramızdadır.


Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…

Ana səhifəMənim FikrimcəÜç gombul