Onlar Suriyadakı silahlı birləşmələrdə olan şəxslərə pul göndərməkdə şübhəli bilinirlər
Azərbaycanın hüquqlarından kənarda silahlı münaqişələr törədən şəxslərlə əlaqədə ittiham edilən üç Azərbaycan vətəndaşı saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidməti
nin (DTX) yaydığı məlumatda deyilir ki, bu silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib. Bu məqsədlə DTX-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır:
“Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları – İlqar Ərşad oğlu Ağayev, Sahil Fəhrad oğlu İbrahimov, Namiq Natiq oğlu Məmmədov və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər”.
Adıçəkilən şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib.
Məlumatda həmin şəxslərin yaşı, yaşadıqları ərazi və peşələri haqda hər hansı məlumat yoxdur.
Ötən il DTX sədri
Mədət Quliyev
900-ə yaxın azərbaycanlının terrorçu təşkilatlara qoşulduğu barədə məlumat vermişdi. Bu il vəziyyətlə bağlı hər hansı məlumat verilməyib.