Vəkili Həsən Hüseynli ilə görüşüb
“QHT-də mütəmadi olaraq vergi yoxlamaları aparılırdı. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev müşavirədə polislərə müraciətlə deyib ki, “hara baxırsınız, bütün gənclər o QHT-yə gedir. Onunla bağlı tədbir görmək lazımdır”- bu sözləri 31 martda Gəncədə tutulan “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin vəkili Əlaif Həsənov Meydan TV-yə deyib.
Vəkil deyib ki, QHT rəhbəri həbsini qanunsuz hesab edir. O, yaralandığını iddia edən Arzu Qəhrəmanovla tanışlığının olmadığını deyib. İş materiallarında da şəxslərin təsadüfən qarşılaşdığı və mübahisə nəticəsində QHT rəhbərinin Arzu Qəhrəmanovu bıçaqladığı yazılıb.
Hadisəyə qadının şahid qismində çağırıldığı deyilsə də, vəkil şahidin kimliyinin məlum olmadığını bildirir.
Vəkil zərurisənədlərin ona verilməməsi ilə bağlı müstəntiqin qanunsuz hərəkətlərindən şikayət edəcəyini deyib: “Bu, planlaşdırılmış bir işdir. Qənimət Zahidin işi ilə eynidir. Qanunun bütün vasitələrindən istifadə edib Həsən Hüseynlini müdafiə edəcəyik”.
Ə.Həsənov Həsən Hüseynlini tutmaq qərarından da şikayət verəcəyini söyləyib. O, hesab edir ki, bu qərarın heç bir əsası yoxdur:“Qərarda yazılıb ki, Həsən Hüseynli cinayət törətməkdə şübhəli bilindiyinə görə tutulsun. Şəxsin qaçması, şahidlərə qanunsuz təzyiq göstərməsi əsaslandırılmazsa, o,tutula bilməz”
Vəkildən başqa Həsən Hüseynlinin digər şəxslərlə görüşməsinə icazə verilməyib. Ailə üzvləri də onunla görüşə bilməyib. “Həsən bəyin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Ona psixoloji və fiziki təzyiq göstərilməyib” – deyə vəkil qeyd edib.
H. Hüseynliyə dövlət vəkili də tutulub. Ə.Həsənov deyir ki, QHT rəhbəri bu vəkildən imtina edəcək.