Turqut Ər: Kitabımın satışına və Azərbaycana girişimə qadağa qoyuldu

Zümrüd Yağmur: “Ədəbiyyatda əsasən siyasi mövzular senzura ilə üzləşir”

Source: kurultay.net

Zümrüd Yağmur: “Ədəbiyyatda əsasən siyasi mövzular senzura ilə üzləşir”

“Kitabımın Azərbaycanda nəşri və satışı qadağan edilib. Elə mənim özümü də Azərbaycana buraxmırlar”.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı, “Azadlıqdan Tiranlığa” kitabının müəllifi Turqut Ər Meydan TV-yə deyib.

Onun sözlərinə görə, Azərbaycanda nəinki kitabın nəşri, hətta ölkəyə gətirilməsi qadağan olunub.

Turqut Ər deyir ki, kitabda şahidi olduğu siyasi hadisələrin görünməyən tərəflərini yazıb və Heydər Əliyevin hakimiyyət dönəmini təsvir edib.

Kitab oxumaq informasiyanın klassik əldə edilməsi üsullarından biridir.

Bəs Azərbaycanda yaşayanlar üçün kitab oxuyaraq fərqli mənbələrdən informasiyalar əldə etmək imkanı nə qədər əlçatımlıdır?

Oxucular istədiyi kitabı mağazalardan əldə edə bilirmi?

Turqut Ərin fikrincə, qadağan olunan “Azadlıqdan Tiranlığa” əsərini bir vaxtlar gənclər gizli yollarla almağa çalışıblar, amma buna da əngəllər yaradılıb.

Ara-sıra medianın gündəminə senzuraya məruz qalan kitablar gəlir.

Bəzi yazarlar və kitab satışı ilə məşğul olan şəxslər də kitabların satışına əngəllər yaradılmasından şikayət edir.

Bir neçə il əvvələ qədər Bakıda səyyar kitab satıcılığı ilə məşğul olan “Kitabovski” ləqəbi ilə tanınan Qurban Məmmədli də gənclərin tez-tez qadağan olunan kitabları almaq istədiklərini deyib.

“Əsərdəki fikirlərinə görə Xalq yazıçısına verilən fəxri ad geri alınıb”

Azərbaycanda Turqut Ərin “Azadlıqdan Tiranlığa” kitabı ilə yanaşı, əsasən siyasi motivli bədii əsərlər yazan Zümrüd Yağmurun “Ölkə adı 22", Əli Əkbərin “Artuş və Zaur”, Əkrəm Əylislinin “Daş Yuxular” və s. əsərləridə senzuraya məruz qalıb.

Milli Məclisin iclasında yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanı kəskin tənqidlərlə qarşılanıb. Bəzi deputatlar yazıçını xəyanətdə, düşmənçilikdə və ermənipərəstlikdə günahlandırıblar.

Deputat Əli Əhmədov Ə.Əylislinin “Xalq yazıçısı” adından və dövlət mükafatlarından, Nizami Cəfərov isə vətəndaşlıqdan məhrum edilməsini təklif edib: “Qoy getsin Yerevana, hansısa kilsədə xidmət etsin”.

Deputatlar Əkrəm Əylislinin digər əsərlərinin də  Azərbaycanda dərcini qadağan etməyi təklif ediblər.

Vitse-spiker Bahar Muradova isə Ə.Əylislinin hərəkətini “satqınlıq” adlandırıb.

Azərbaycan prezidenti İlham Əliyev 2013-cü ildə Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, “Daş yuxular” əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif edib.

Əsərlərinin satışı zamanı qadağalarla üzləşən Zümrüd Yağmur da deyir ki, Azərbaycan ədəbiyyatına qarşı senzura həm birbaşa hakimiyyət tərəfindən, həm də hakimiyyətin yaratdığı xof nəticəsində yazarların özü tərəfindən tətbiq edilir.

“Ədəbiyyatda əsasən siyasi mövzular senzura ilə üzləşir. Yazarların əsərlərində siyasi mövzuların yer alması, yazıçıların vətəndaş mövqeyi sərgiləməsi hakimiyyət üçün arzuolunmazdır. Gedib yazıçıya demir ki, siyasi mövzuda yazsan, sənə qarşı nələrsə edəcəyəm. Amma düz söz deyənlər bütün hallarda işgəncə və həbslərlə qarşılaşır. Bütün bunlar yazıçıda müəyyən xof yaradır. Son 10 ildə ədəbiyyata qarşı müasir senzular gətirilib. Ədəbiyyat saytlarının hakimiyyət tərəfindən maliyyələşdirilməsi və ya onlar tərəfindən qurulması medianıda azad fikirlərin ifadə edilməsini əngəlləyir. Belə saytlarda yazar azad şəkildə istədiyi mövzularda seçim edə bilmir, ancaq eşq, sevgi, “çiçək-böcək” mövzularında sərbəst şəkildə yaza bilir”, – yazıçı belə deyir.

“Əlinə mikrofon alan məni təhqir edirdi”

Turqut Ər isə deyir ki, hazırda Bakıda qadağan olunmuş “Azadlıqdan Tiranlığa” kitabının 5-ci nəşri Türkiyədə satışa çıxarılıb.

O, bir vaxtlar Azərbaycan hakimiyyəti tərəfindən təzyiqə məruz qaldığını da dilə gətirir və kitabını çap etdirdikdən sonra başına gələnləri danışır: “Kitabı çap etdirdiyim yerdən gəlib məni axtardılar. Mənə bəzi təkliflər etdilər. Onlara dedim ki, bu kitab mənim üçün bir sənədli film mahiyyətindədir. 10 il ərzində əldə etdiyim sənədləri bu kitabımda yazmışam. Ona görə də kitabımın yayımını dayandırmayacağam. Kitab çap olduqdan sonra bəzi dostlarım, kitabımı Azərbaycana apardılar. Səhv etmirəmsə, “Azadlıq” qəzetinə vermişdi, onlar da çap etməyə başlamışdılar. Sonra çapı dayandırıldı. Başıma çox problemlər açdılar. Əlinə mikrofon alan məni təhqir edirdi. Biri demədi ki, bu kitabda filan cümlə səhvdir. Amma mənə günlərdə televiziyada ağızlarına gələn hər sözü dedilər. Ondan sonra Türkiyəyə müraciət etdilər. Hətta rəhmətlik Dəmirəllə də görüşdülər. Amma dövlətim (burada Türkiyəni nəzərdə tutur. red) onların dediyi kimi məni həbs etdirmədi”.

“Filmlərə tətbiq edilən senzura bu günü, yazılı ədəbiyyata qoyulan senzura isə gələcəyi məhv edir”

Turqut Ər hesab edir ki, yazılı ədəbiyyata qoyulan senzura gələcək üçün böyük fəsadlar törədəcək: “Hekayələrə, romanlara, şeirlərə senzura qoymaq təkcə bu günə yox, həm də gələcəyə zərbə vurmaqdır. Gəncləri həqiqətlərdən məhrum etmək nə deməkdir? Senzura qoyanların məqsədi Azərbaycan gəncliyinin gələcəyini manqurtlaşdırmaqdır. Filmlərə tətbiq edilən senzura bu günü, yazılı ədəbiyyata qoyulan senzura isə gələcəyi məhv edir. Senzuralı mənbədən qidalanan gənclərin düşüncə, inanc, ənənə tərzləri həqiqətdən məhrum olur, onlar kimlərinsə məqsədlərinə xidmət edəcək şəkildə formalaşırlar”.

“Ədəbiyyatımız həm də yazıçıların təsiri ilə senzuraya məruz qalır”

“Ölkədəki siyasi durumdan, qanunsuzluqdan, ədalətsizlikdən, siyasi mühitin insanların həyatına təsirindən yazmaq yazar üçün olmazlardandır. Çox vaxt yazarlar bu olmazları bilir və anlayır ki, o həqiqətləri yazsalar, nələrlə üzləşə bilərlər. Hər kəs də qəhrəman olmağı gözə almır və beləcə, əslində, ədəbiyyatımız yazıçıların təsiri ilə öz-özünə senzura qoyur”, – bunu isə Zümrüd Yağmur deyir.

“Əgər ölkə azad olsaydı, siyasi sabitlik, azadlıq, insan haqqları təmin olunsaydı, bu zaman ölkədə fərdin yaşantısı ədəbiyyatın mərkəzində olardı“, – yazıçı qeyd edir.

O deyir ki, Azərbaycanda əksər yazarların vətəndaş mövqeyi yoxdur: “Azərbaycanda yazıçıların mövcud siyasi duruma, mənzərəyə biganə qalması və fərdin duyğuları ilə özünü senzura etməsi ağrıdıcıdır. Nə yazıq ki, Azərbaycanda yazarların vətəndaş mövqelərinə rast gəlmirik. Mən mövqemi bildirəndə hətta bəzən məni siyasətçi belə adlandırıblar. Amma mən yazaram, siyasətçi deyiləm. İfadə etdiklərim mənim vətəndaş mövqeyimdir”.

“Rektorlar deyirdilər ki, sizi mövqeyinizə görə işə götürə bilmərik”

Zümrüd Yağmur öz əsərlərini mağazalara təklif edəndə hər dəfə “yox” cavabı ilə üzləşib, hətta üz tutduğu iş yerləri də ondan imtina edib. Bundan sonra o köşə yazarı olaraq fəaliyyət göstərməyi qərara alıb.

“2009-cu ildə televiziya kanallarının biri ilə əməkdaşlığım vardı. Qadın problemləri ilə bağlı hər 5-ci gün danışırdım. “Azadlıq” qəzetində köşə yazmağa başlayandan sonra mənə bildirildi ki, Prezident Adminstrasiyasının istəyi ilə sizin üstünüzdən xətt çəkilib. 2009-cu ildə yazdığım “Allah qayıdır” əsərindən sonra özümə qarşı ayrı-seçkilik hiss etməyə başladım. Heç yerdə işə götürülmürdüm. Azərbaycan ensklopediyasında işləyirdim, oradan xaric olundum. Elmi dərəcəm vardı və universitetlərdə dərs demək istəyirdim, amma işə alınmırdım. Hər dəfə də rektorlar deyirdilər ki, savadınıza şübhəmiz yoxdur, sadəcə, sizi müxalif mövqeyinizə görə işə götürə bilmərik, bizə icazə verilmir. Daha sonra “Ölkə adı 22” əsərimin satışına qadağa qoyuldu. Hansı mağazaya getdiksə, dedilər ki, bu kitabın satışına icazə verilmir. Hətta o vaxt səyyar satışla məşğul olan biri var idi. Ona belə mənim kitablarımı satmaq istədiyinə görə təzyiq olunmuşdu. O vaxt, təəssüf ki, məsələni ictimailəşdirməyə icazə vermədi. “Qaranlığa şərqi söyləmək” əsərimi də mağazalara təklif etdikdə mənə dedilər ki, “Ölkə adı 22" əsərinə görə mülki geyimlilər tez-tez bizi narahat edirdi. Satmasaq belə, gəlib tez-tez soruşurdular, kitab var, ya yox? Ona görə də bu kitabınızı da götürə bilmərik. Sadəcə 1 kitab mağazasını kitabımı satmağa raza bildim”, – deyə yazıçı üzləşdiyi sunzuradan bəhs edir.

“Dini ədəbiyyat yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsiylə satıla bilər”

Hüquqşunas Səməd Rəhimli bildirib ki, Azərbaycan Konstitusiyasının 47 və 50-ci maddələrinə əsasən, senzura qadağandır.

O deyir ki, “Nəşriyyat işi haqqında” Qanuna əsasən, çap üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurası yolverilməzdir.

Onun sözlərinə görə, qanun nəşriyyat işindən sui-istifadəyə yol vermir: “Qanunun 5-ci maddəsində deyilir ki, nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat məhsullarında dövlət sirlərini yaymağa, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə, yaxud dəyişməyə, ölkənin təhlükəsizliyinə, dövlətin bütövlüyünə qəsd etməyə, müharibəni, zorakılığı, milli, irqi, dini müstəsnalığı, dözülməzliyi, sosial ədavəti təbliğ etməyə, habelə pornoqrafik xarakterli materialları nəşr etməyə və yaymağa, böhtan atmağa və digər qanun pozuntularına çağırışlara yol verilmir. Lakin “Nəşriyyat işi haqqında” Qanunda qadağan edilmiş kontentlə əlaqədar kitabların qadağan edilməsinə dair hər hansı müddəa mövcud deyil. Buna əsasən deyə bilərik ki, kitabların yayılmasına ümumi qadağa qanunvericiliklə nəzərdə tutulmayıb”.

Hüquqşünas həmçinin bildirib ki, dini kitabların satılması, sadəcə, dövlətin icazəsi ilə mümkündür: “İki spesifik qanunvericilik aktı kitabların yayılmasına məhdudiyyət nəzərdə tutur. Bunlar “Dini etiqad azadlığı haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanundur. “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinə əsasən, dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi razılığı ilə dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Əgər belə nəzarət markası yapışdırılmazsa, bu halda həmin kitabların yayılması qadağandır. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna görə, zorakılığı təbliğ edən və vulqarizmlərdən istifadə edən və sair məsələlərlə bağlı kitablara uşaqların çatımlığı məhdudlaşdırılmalıdır. Həmin qanun bu tipli kitablarda müvafiq işarələnmənin aparılmasını tələb edir”.

“Dini ədəbiyyatla əlaqədar məhdudiyyətin vicdan və ifadə azadlığına zidd olması əlaqədar iddialar mövcuddur və bu məsələylə əlaqədar dini icmalar davamlı narazılıqlar edirlər. Bu məsələylə əlaqədar “Yehova şahidləri” dini icmasının şikayəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsi pozuntu müəyyən edib. Bundan əlavə, Azərbaycanda kitabların qadağan edilməsinə və gömrükdən buraxılmamasına dair insidentlər olub. Məsələn, Rəna Əfəndinin kitabına qoyulan faktiki qadağa qoyulub. Nəticə etibarilə Azərbaycanda dini ədəbiyyat istisna olmaqla, qanunvericiliklə kitab qadağası və senzurası nəzərdə tutulmayıb. Belə qadağalara dövlət orqanları tərəfindən qadağa qoyulması həm qanunvericiliyin pozuntusu, həm də insan hüquqlarına ziddir”,- deyə hüquqşünas vurğulayıb.

“Dini etiqad azadlığı haqqında” Qanunun 1-ci maddəsində “Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır” deyilsə də, faktiki bir çox dini kitabların satışı qadağan olunub.

Həmin kitabların bir qismi aşağıdakılardır:

“Bağdad alimlərinin bəhsi” (müəllif: Məqafil-İbə Ətiyyə)

“Bir yəhudi fitnəsinin nəticələri”

“Doğru olanlarla birgə” (müəllif: Məhəmməd Ticani Səmavi)

“Pişəvəri gecələri” (müəllif: Seyid Məhəmməd Musəvi-Şirazi)

“Sünnilik” (müəllif: Əbdürrəhman)

“Vəhhabiliyin ayinlər” (müəllif: Cəfər Sübhani)

“Yehova müasir xalqı”

“Müqəddəs kitan – Əhdi-Ətik”

“Gözətçi gülləsi”

“Yehova Allahın padşahlığını bəyan edir”

“Risaleyi Nur”

“Vəhhabiyyət iki yol arasında” (müəllif: Şeyx Nasir Məkarin Şirazi)

“Vəhhabi Firqəsi” (müəllif: Seyid Məhəmməd Həsən Qəzvini)

“Peyğəmbərin haqq canişini kimdir?” (müəllif: Əhməd Əssədnajat)

“Qərb dinində – Aşurayadək” (müəllif: Seyid Kazım Pərpənci)

“Cəməl müharibəsi” (müəllif: Cəsar Sübhani)

“Günahın acısı” (müəllif: Haşim Rasuli)

“Zühur əsri” (müəllif: Əli Kuranu)

“Böyük dini rəhbərin həyat və fəaliyyəti”

“İlahi ədalət”

“Sülid din”.

Ana səhifəSosialTurqut Ər: Kitabımın satışına və Azərbaycana girişimə qadağa qoyuldu