Türkmənistanda seçki qutusundan prezidentin oğlu çıxdı

Foto: https://www.hronikatm.com/

40 yaşlı oğlu Sərdar Berdiməhəmmədov 72,22 faiz səslə rəqiblərini üstələyib

Martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçicilərin 97,12 faizinin qatıldığı seçki yarışına 9 namizəd iştirak edib.

Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının (MSK) məlumatına görə, hazırkı prezident Qurbanqulu Berdiməhəmmədovun 40 yaşlı oğlu Sərdar Berdiməhəmmədov 72.22 faiz səslə rəqiblərini üstələyib.

Yerli və xarici ekspertlərin fikrincə, Sərdar Berdiməhəmmədovun rəqibləri dövlət başçısına sədaqətləri ilə tanınır və onun əsl rəqibi hesab edilmir.

Fevralın 11-də parlamentin yuxarı palatası olan Xalq məsləhətinin iclasında çıxış edən Qurbanqulu Berdiməhəmmədov bildirib ki, o, prezident postunu “mənəvi mühitdə və müasir dövrün yüksək tələblərinə uyğun olaraq tərbiyə olunan gənc liderlərə” vermək niyyətindədir.

Sərdar Berdiməhəmmədov 2016-cı ilin noyabrında Xarici İşlər Nazirliyinin informasiya şöbəsinə rəhbərlik edib. Sonra o parlament üzvü olub.

2018-ci ilin martında S.Berdiməhəmmədov xarici işlər nazirinin müavini təyin edilib. 2019-cu ilin yanvarında Sərdar Berdiməhəmmədov Axal vilayət qubernatorunun müavini, 6 ay sonra isə qubernator təyin olunub.

2020-ci ilin fevralında sənaye naziri vəzifəsində çalışıb, sonra isə baş nazirin müavini olub.

Hakimiyyətin atadan oğula ötürülməsi, ailə üzvləri arasında bölünməsi keçmiş sovet respublikaları arasında ilk hadisə deyil. Azərbaycanda da prezident Heydər Əliyevin ölümündən sonra hakimiyyət onun oğlu İlham Əliyevə keçib. 2003-cü ildən İlham Əliyev ölkənin prezidentidir. Onun həyat yoldaşı Mehriban Əliyeva isə Birinci vitse-prezident postundadır.

Ana səhifəDünyaTürkmənistanda seçki qutusundan prezidentin oğlu çıxdı