”Türkiyəyə yatırımlar sırf Azərbaycan daxili problemlərlə bağlıdır”

Asiya ölkələri arasında Türkiyəyə ən çox investisiyanı Azərbaycan yatırıb

İstanbul. Foto: Al-Arabiya
İstanbul, foto: Al-Arabiya
İstanbul, foto: Al-Arabiya


Asiya ölkələri arasında Türkiyəyə ən çox investisiyanı Azərbaycan yatırıb

2016-cı ildə Türkiyə iqtisadiyyatına xarici investorlar tərəfindən 6 mlrd 724 milyon dollarlıq investisiya yatırılıb. Türkiyənin “Anadolu” agentliyi yazır ki, bu yatırımların 30 faizi ilin sonunda gerçəkləşib.

Dekabrda Türkiyə iqtisadiyyatına 1,991 mlrd. dollarlıq investisiya qoyulub ki, bu da 17 illik rekord hesab olunur. Yatırılan investisiyanın həcmi noyabrla müqayisədə 4,5 dəfə, 2015-ci ilin dekabr ayı ilə müqayisədə isə 37,4 faiz çoxdur.

İnvestisiya yatıranlar içində Avropa ölkələri üstünlük təşkil edir. Toplam 4 mlrd 265 milyon dollarlıq yatırım olub.

Asiya ölkələrindən isə Türkiyəyə 2 mlrd. dollarlıq investisiya yatırılıb. Bu siyahıda lider 652 mln. dollarlıq investisiya qoyuluşu ilə

Azərbaycandır

.

Yatırılan investisiyalar nə qədər səmərəlidir?

İqtisadçı Nemət Əliyev deyir ki, buna səbəb Türkiyə iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından cazibəli olmasıdır. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı investisiya yatırımı baxımından xarici və yerli investorlar üçün cazibəsini itirib:

“Son 2 ildə ölkədə milli valyutanın dəyərdən düşməsi, sahibkarlara edilən basqılar, insan hüquq və azadlıqlarının ayaqlar altına alındığı, hüquq məhkəmə sisteminin olmadığı dövrdə bu məsələlər ciddiyyəti ilə özünü göstərir. Bütün bunların təsirindəndir ki, 2014-cü ilin sonlarından başlayaraq yerli investorlar pullarını Azərbaycandan çıxarırlar. Onlar illərlə qazandıqlarını bir göz qırpımında itirmək istəmirlər. Ona görə də vəsaitlərini imkanları daxilində qonşu ölkələrə, xüsusən də Gürcüstan və Türkiyəyə yatırırlar”.

Nemət Əliyev foto sosial şəbəkə

Türkiyə mediasının yaydığı məlumat real görünür, inandırıcıdır

Nemət Əliyev deyir ki, yerli investorların Azərbaycan iqtisadiyyatına yatırdıqlarının həcmi son 2 ildə 16,2 milyard dollardan 3,7 milyard dollara enib:

“Yəqin maraqlıdır bu investisiyalar hara axır? Əlbəttə ki, kapital bir yerdə dayanmır. Sahibkarlar da bunun fərqindədir. İnvestisiya fəaliyyəti ilə məşğul olan hər kəs pul vəsaitini gəlir gətirən sahələrə yönəltmək istəyər. Görürlər ki, Azərbaycanda şərait yoxdur, vəsaitlərini ölkədən çıxarırlar. Bu baxımdan, Türkiyə mediasının yaydığı məlumat real görünür, inandırıcıdır”.

İl ərzində həm yerli, həm də xarici investorların Azərbaycana yatırımları azalıb

İqtisadçı bildirir ki, ölkədə yerli investisiyanın kəskin şəkildə azalmasının da səbəbi budur. İnvestorlar vəsaitlərini ölkədən aparırlar:

“Türkiyə də həmin ölkələrdən biridir. Əminəm ki, Gürcüstan da statistikasını açıqlasa, orada da Azərbaycan liderlik edəcək. Çünki hər iki ölkənin iqtisadi durumu Azərbaycandakından yaxşı durumdadır. 2015 və 2016-cı ilin göstəricilərinə nəzər yetirsək əmin olacağıq ki, Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşunun həcmində də hardasa 19-20 faiz azalma var. Deməli, il ərzində yerli investorlar kimi xarici investorların da yatırımları azalıb”.

Moody’s agentliyinin açıqlamalarını qulağardına vermək olmaz

Nemət Əliyev beynəlxalq “Moody’s” agentliyinin Azərbaycanla bağlı açıqladığı son hesabatdan da danışıb. Deyir, agentlik Azərbaycanın reytinqlərini aşağı salıb, ancaq hökumət bunu ciddiyə almır. Vəziyyət isə kifayət qədər ciddi və ağırdır:

“Azərbaycanın reytinqləri aşağı düşüb. Hökumət olsun ki, bunun fərqində deyil, ciddiyə almır. Ancaq başa düşməlidirlər ki, həmin o beynəlxalq reytinq açıqlamaları xarici investorlar üçün kompas rolunu oynayır. Ona görə də belə açıqlamaları qulağardına vermək olmaz”.

Bunlar Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətin nəticəsidir

İqtisadçı əlavə edir ki, ölkə daxilində milli valyutanın başına 100 oyun açmaqla xarici investorları aldatmaq olmaz:

“Bu oyunlarla onlar heç Azərbaycan xalqını aldada bilmirlər, qaldı xarici investorları aldadalar. Elə Türkiyə iqtisadiyyatına azərbaycanlı investorların kapital yatırımı fəaliyyəti ölkə daxilindəki səbəblərlə bağlıdır. Bütün bunlar da Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətin nəticəsidir – insanlar qaçırlar. Türkiyədə müşahidə olunan yatırımlar da sırf Azərbaycandaxili problemlərlə bağlıdır”.

Ana səhifəXəbərlər”Türkiyəyə yatırımlar sırf Azərbaycan daxili problemlərlə bağlıdır”