Nazim Bəydəmirli: ”Görünən odur ki, məmurların sahibkarlığında ciddi daralma müşahidə olunur”
Bu ilin I rübündə Türkiyədə Azərbaycan kapitalının aktivliyi azalıb. Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, deyilən dövrdə Türkiyədə təsis edilən Azərbaycan sərmayəli şirkətlərin sayı ötən ilin eyni dövrünə nisbətən 21 faiz, Azərbaycan investorlarının ilkin ödənişi 2,3 dəfə azalıb (“Turan” İA).
Məlumata görə, 2017-ci ilin yanvar-mart aylarında 8 səhmdar cəmiyyəti, 29 məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Bunların kapitalı 2,4 mln türk lirəsidir. Vəsaitin 90 faizini azərbaycanlı səhmdarlar qoyub. Ötən ilin eyni dövründə yaradılan 47 şirkətin kapitalı 6 mln lirə olub. Bunun da 5,1 mln lirəsi Azərbaycandan daxil olub.
Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Platformunun məlumatına görə, 2017-ci ilin əvvəli üçün Türkiyədə fəaliyyət göstərən Azərbaycan sərmayəli firmaların sayı 1958-dir. Bu, Türkiyədə fəaliyyət göstərən bütün xarici sərmayəli firmaların təqribən 4 faizidir.
Azərbaycan sərmayəli firmalar daha çox ticarət, tikinti və turizm sektorlarında fəaliyyət göstərirlər. Onların ən böyüyü SOCAR-dır.
İqtisadçı-alim, keçmiş deputat Nazim Bəydəmirli deyilən azalmanı iqtisadi daralmayla əlaqələndirir:
“Birinci növbədə vəsait azlığı var və həmçinin Azərbaycanda işgüzar mühit azalıb. Belə olanda daxili bazara təsir etməklə investisiyanın ölkədən çıxarılmasına problemlər yaradılır. Bundan əlavə, əgər söhbət sahibkarlıqdan gedirsə, xaricə vəsait qoyulması daha çox məmur sahibkarlığıyla bağlıdır. Görünən odur ki, məmurların sahibkarlığında ciddi daralma müşahidə olunur”.
Nazim Bəydəmirlinin sözlərinə görə, Türkiyədə keçirilən referendumun da iqtisadi gedişata təsiri var:
“Məsələ ondadır ki, siyasi proseslərin gərgin vaxtlarında xarici investorlar daha ehtiyatlı davranırlar. Hər halda Türkiyə siyasətində atılan addımlar iqtisadiyyatına da təsir edəcək. prezident Ərdoğan hər şeyə zəmanət verməsi haqda bəyanatlar versə də, bu ehtiyatlılıq dayanmır. Bütün hallarda gedişat Türkiyə hökumətinin aparacağı siyasətdən asılıdır”.