Türkiyənin keçmiş Baş naziri Davutoğlu AKP-ni tənqid edib

Keçmiş Baş nazir partiyanı zəif performans göstərməkdə qınayıb

Source: Meydan Tv


Keçmiş Baş nazir partiyanı zəif performans göstərməkdə qınayıb

Türkiyənin keçmiş Baş naziri və Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın müttəfiqi Əhməd Davutoğlu aprelin 22-də hakim Ədalət və İnkişaf Partiyasını (AKP) tənqid edib, – “Reuters” xəbər verir.

Davutoğlu partiyada gedən siyasi dəyişiklikləri və partiyanın millətçilərlə ittifaqa girməsini qınayaraq, onları keçən ay bələdiyyə seçkilərində zəif performans göstərməkdə günahlandırıb.

Üç il əvvəl vəzifəsindən ayrılan Davutoğlu hələ də AKP-nin üzvüdür. Üç ildən sonra ilk dəfə olaraq Ərdoğana ictimai çağırış edən Davutoğlu partiyanın iqtisadi siyasətini, media məhdudiyyətlərini tənqib edib və deyib ki, bu qurum ölkədə güc və institutların parçalanmasına gətirib çıxarıb.

Partiyada əsas finksionerlərdən olan Davutoğlu Ərdoğan ilə münasibətləri pozmazdan əvvəl, 2014 və 2016-cı illər arasında Türkiyənin Baş naziri vəzifəsini icra edib.

AKP martın 31-də keçirilən bələdiyyə seçkilərində paytaxt Ankara və Türkiyənin ən böyük şəhəri olan İstanbulda nəzarəti itirib.

"Seçki nəticələri göstərir ki, ittifaq siyasəti həm seçici səviyyəsi, həm də partiyanın kimliyi ilə bağlı zərər verib," – Davutoğlu 15 səhifəlik bəyanatında deyib.

AKP və Milliyyətçi Hərəkat Partiyası (MHP) keçən ilin iyun ayında prezident və parlament seçkilərindən əvvəl ittifaq qurmuşdu. Bu seçkilərdə Ərdoğan qələbə qazansa da, partiyasına etimadın düşməsi açıq görünürdü.

Davutoğlunun bəyanatının lirəyə heç bir təsiri olmayıb. Türkiyə lirəsi dəyərdən düşməkdə davam edir. Cümə günü valyuta bazarlarında dollara qarşı lirənin nisbəti 5.8334 olub.

Son illərdə AKP-nin tanınmış siması Davutoğlunun partiyadan ayrılaraq yeni bir siyasi partiya quracağı deyilir. Ancaq Davutoğlu bəyanatında yeni bir partiya ilə bağlı perspektivə toxunmayıb.

Bunun əvəzində, o, partiya içərisində islahata ehtiyac olduğunu vurğulayıb. Davutoğlu partiyanın rəhbərliyini və müvafiq qurumları bütün bu mövzuları və gələcək planları həssas şəkildə, sərin başla qiymətləndirməyə çağırıb.

Ana səhifəDünyaTürkiyənin keçmiş Baş naziri Davutoğlu AKP-ni tənqid edib