Türkiyənin inkişafını gözləri götürmür

Ərdoğan yaxşı diktatordur, Putin – pis…

Source:

Belə görünür ki, Türkiyə artıq illərdir İŞİD silahlılarının tranzit olaraq istifadə etdiyi yerə çevrilib. İŞİD-ə qoşulacaq qrupların Türkiyədə toplandıqları, təşkilatlandıqları, uzun müddət Suriya ilə sərhədin faktiki olaraq açıq olduğu, ürəyi istəyənin çox rahat keçə biləcəyi, Ərdoğan hökümətinin İŞİD-lə ən azından ticari əlaqələri haqqında çox-çox yazılıb, deyilib.

Mənə isə maraqlı olan bəzi hadisələrin ardıcıllığıdır.

İstanbul Atatürk aeroportunda törədilən terror hadisəsindən bir gün öncə ABŞ Türkiyədə aeroportlar başda olmaqla nəqliyyat qovşaqlarının hədəf alına biləcəyi ilə bağlı öz vətəndaşlarına etdiyi xəbərdarlığı yeniləyir. Hadisədən sonra isə ABŞ Xarici İşlər Nazirliyi rəsmisi Mark Toner bunun bir təsadüf olduğunu deyib.

O bildirib ki, son zamanlar ABŞ vətəndaşlarına qarşı artan təhdidləri nəzərə alaraq bu xəbərdarlıq ancaq Türkiyə ilə məhdudlaşmır, bütün avropada aeroportlar və nəqliyyat qovşaqlarında baş verə biləcək insidentlərlə əlaqəlidir.

Aeroportda törədilən terror hadisəsindən 1 gün öncə isə Obama İsraildə ikən İsrailin Türkiyədən, Ərdoğanın isə Putindən üzr istədiyi haqda xəbərlər yayıldı. Ritorika çox gözəldir: Netanyahu Ərdoğandan, Türkiyə Rusiyadan yox, məhz yuxarıda yazıldığı kimi. Ritorika çox faşistdir. Amma hər bir halda, məncə nə Ərdoğanın ürəyincədir, nə də İsrailin.

Diktatorlar çox əsəbi insanlardır və əsəbiləşəndə sağa-sola alov saça bilirlər. Bayram Məmmədov və Qiyas İbrahimov həbs olunduqdan sonra dalbadal gənc fəallara sutkalar verildi, hakimiyyətin nə etmək istədiyini başa düşmürdük. Böyük Qardaşlar bəzən belə şeylər edirlər. Ərdoğan da əsəbi idi…

Terrordan sonra dərhal xəbər tirajlamaja senzura gətirildi və internetə, Facebook, Twitter hətta Yotube-a belə giriş əngəlləndi. Parlamentdə CHP, HDP və MHP-nin silahlı hücum araşdırılması ilə bağlı təklifinə AKP deputatları yox dedi, təklif səs çoxluğuyla rədd edildi. Hadisələri şərh edərkən Ərdoğan, “öfkeli çocuklara”“həm özünü partladırsan, həm də insanlar ölür” dedi. Belə…

Türkiyədə son 1 ildə 17 bombalı hücüm olub. İŞİD başqa ölkələrdə etdiklərindən fərqli olaraq Türkiyədə törətdiyi terror hadisələrinə görə məsuliyyəti öz üzərinə götürdüyü haqda bəyanat vermir. Son terror hadisəsindən sonra BBC Türkcəyə danışan İndependent müxbiri Yaxın Şərq üzrə mütəxəssis Patrick Cockburn bunu belə izah edir ki, İŞİD törətdiyi terror hadisələrinin özlərinin, PKK-nin və yaxud PKK-yə yaxın qrupların etdiyi ilə bağlı qeyri-müəyyənlik yaratmaq istəyir.

Tarix, əsasən də yaxın tarix göstərir ki, iqtidarlar ehtiyacları olduqlarında terror törətməkdən çəkinmirlər.

Azərbaycandan bu məsələlərə olan yanaşmalar isə daha möhtəşəm idi. “Ərdoğan üzr istəməyib” deyə müdafiəsinə qalxdılar. Terror hadisəsinə ciddi analiz gözə dəymir, uzağı “Ərdoğan ölkəni pis günə qoydu”, “Türkiyəni müharibəyə sürükləyirlər” yanaşmalarıdır. Bonus olaraq birini də deyim: “Türkiyənin inkişafını gözləri götürmür”.

Tanış ifadələrdir, hə? Azadlıq carçılarımız mövzu Türkiyə olanda kanalı AzTv-yə çevirirlər.

Ərdoğanın Putindən üzr istəməsini qəbul etmək niyə bu qədər çətin olsun ki? Bunu bir türkün bir rusdan üzr istəməsi kimi anlayan faşist zehniyyətin nəticəsi ola bilərmi? Axı Ərdoğan boğazına qədər korrupsiyanın, “ayaqqabı qutularının“ içindədir, ən çox jurnalist həbsdə olan ölkənin prezidentidir, əli öldürülən etirazçıların qanına batıb.

Yoxsa məqsəd Ərdoğanı müdafiə etmək yox, Putini necəsə alçaltmağa çalışmaq, sanki üzr istənilən o ola bilməzmiş kimi bir mövqe yaratmaqdır? Putin də, Ərdoğan da neoliberal sistemin oliqarx avtoritarlarıdır. Hər ikisi repressiv, korrupsioner və qatildirlər. Ancaq yaxşı və pis diktatorlar var, əziz yoldaşlar, budur məsələ. Səudiyyə krallığı yaxşı diktaturadır, İran – pis, Ərdoğan yaxşı diktatordur, Putin – pis.

Bu dərəcədə ağ-qaradır hər şey.

Bəzi yerlərdə insanları asmaq hüquqidir, başqa yerlərdə – yox.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərTürkiyənin inkişafını gözləri götürmür