Türkiyəli iş adamı: Ziya Məmmədovun oğlu borcumu qaytarmır

Türkiyəli iş adama Ali Yeter Quba Rixos hoteldə fəhlələrlə birgə
Türkiyəli iş adama Ali Yeter Quba Rixos hoteldə fəhlələrlə birgə

Türkiyəli iş adamı Ali Yeter Azərbaycanda aldadıldığını deyir. O, sosial şəbəkələrdə qarşısına çıxan azərbaycanlılara bu səpkili məlumatlar göndərir: “Ziya Məmmədov, Anar Məmmədov və Xəyal Rəsulovu tanıyırsız? Rica edirəm, “Quba Rixos Hotel”-in hovuzları üçün qalan 360 min avro alacağımı ödəsinlər”.

Meydan TV baş verənləri araşdırmaq üçün Ali Yeterlə əlaqə saxlayıb.


-Ali bəy, yazdığınıza görə, Azərbaycanın keçmiz nəqliyyat naziri Ziya Məmmədov və oğlu Anar Məmmədovun sizə 360.000 avro borcu var və onlar bu borcu qaytarmırlar. Bu borc necə yaranıb?

– Əslində bu borc 360 966 avrodur. Amma 360 min avromu qaytarsalar da, bəsimdir. Biz “

Kalkaner Havuz Mühendislik

” şirkəti olaraq,16 ildir ki, Türkiyədə və xaricdə yüksək peşəkarlığımız ilə tanınırıq. Bir çox brend otel və turizm mərkəzi ilə əməkdaşlıq edirik.Tikdiyimiz hovuzlar, qurduğumuz jakuzilər, yaratdığımız süni göllər illərdir ki, buna nümunədir. Azərbaycana 2011-ci ildə keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədovun sahibi olduqları “Garant Holding” MMC – yə məxsus “Quba Rixos Hotel”-də hovuz, jakuzi və süni göl işləri ilə əlaqədar gəlmişdik. İş müqaviləsini də elə bu holdinqin tərkibində olan “FLAME” MMC ilə imzalamışdıq. 2014-cü ildə işləri tam bitirib təhvil verdik. Adətən bizim gördüyümüz işlər təxminən 7-8 il müddətində keyfiyyətini itirmədən xidmətə yararlı qalır. Amma “”Quba Rixos Hotel”-də baxımsızlıqdan tikdiyimiz hovuzlarda problemlər meydana gəldi. Bu dəfə bizi Qubaya onları təkrar təmir etmək üçün dəvət etdilər. Biz bunun da öhdəsindən böyük peşəkarlıqla gəldik və onları tam təmir edib bir daha təhvil verdik. Lakin ümumi məbləğin müəyyən hissəsi ödənilsə də, 360 966 avro qaldı. Bu pulu indəyədək ala bilməmişəm.


– Bəs ümumi məbləq nə qədər idi?

– Bilirsiz, mən bunu açıqlamaq istəməzdim. Hazırda mənə ödəniləcək məbləq tam olaraq 360 966 avrodur və mən illərdir ki, halal zəhmətimizin haqqı olan bu pulu ala bilmirəm. Axı mən bu işləri tək görməmişəm. Hər şey işçı qrupumuzla bərabər hazırlanıb. Onlar da bu işlərdə əmək sərf ediblər. Mən onların da pulunu verə bilməmişəm.


– Bəs siz bu məbləği Ziya və ya Anar Məmmədovdan tələb etməyə cəhd etməmisiniz?

– Əlbəttə, etmişəm. Amma 2015-ci ildən bu yana bütün cəhdlərim boşa çıxıb. Biz Ziya Məmmədovla, o, hələ nəqliyyat naziri olanda “Quba Rixos Hotel”-in açılışında görüşmüşdük. Açılış mərasimində də Tarkanla birlikdə səhnədə mənim oğlum tanınmış Dj Burak Yeter yer almışdı. Odur ki, 2017-ci ilin fevralında borcumu tələb etmək üçün elə onun da qəbuluna getdim. O zaman hələ nazir idi. Lakin köməkçiləri Ziya Məmmədovun yerində olmadığını dedilər və bildirdilər ki, borcun ən qısa zamanda qaytarılması üçün Xəyal Rəsulovla danışacaqlar (ZQAN Holdinqlə birlikdə “Global Card” LLC-nin də

təsisçisi

). “ZQAN Holding”, eləcə də “Garant Holding”-in tərkibində olan “FLAME” MMC-nin arxasında Ziya Məmmədovun dayanmasına baxmayaraq, əsas işləri Anar Məmmədov görürdü. Bizimlə sənədləşdirməni isə Xəyal Rəsulov aparırdı. Müqavilələrdə də onun adı keçirdi. Bir neçə gün gözləsəm də, bundan sonra dəfələrlə nazirliyə getsəm də, yenə eyni mənzərə ilə qarşılaşdım. Dedilər ki, Xəyal Rəsulov ilə danışıblar. Pulu ondan alın. Bu dəfə Xəyal Rəsulova zəng etdim. O, mənə dedi: “İmkanım yoxdur, mənim də borclarım var. Hətta maddi problemlərimi həll etmək üçün evimi və villamı satışa qoymuşam. 1-2 aya sənin pulunu verərəm”. Bundan sonra Ziya Məmmədovla görüşmək üçün etdiyim cəhdlər boşa çıxdığından Türkiyə səfirliyinə getdim. Əlimdə olan müqavilələri göstərib yardım istədim. Oraya yazılı müraciət elədim. Səfirlikdən mənə dedilər ki, Türkiyə, Azərbaycan və Gürcüstanın maliyyə nazirlərinin qatılacağı toplantıya az qalıb. Həmin toplantıda mənim də iştirakımla bu məsələ gündəmə gətiriləcək. Toplantıya 2-3 gün qalmış prezident İlham Əliyevə şikayət etməyə getdim. Oraya da yazılı müraciət etdim. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məni qəbul edib bütün sənədlərə, müqavilələrə baxdı. Bildirdi ki, mənimlə 1-2 günə əlaqə saxlayacaqlar. İki gündən sonda özüm getdim. Lakin nəticə müsbət olmadı. Əli bəy dedi: “Nəqliyyat naziri Ziya Məmmədovu işdən çıxarıblar, vəziyyəti yaxşı deyil. Bu məsələni həll edə biləcəyimizi düşünmürük. Yaxşısı budur məhkəməyə müraciət edin”. Ondan sonra da zənglərimə və mesajlarıma demək olar ki, heç vaxt cavab vermirlər. İndi ümidim təkcə Azərbaycan hökumətinədir.


-Bəs siz məhkəməyə müraciət etdiniz?

– Mən lap əvvəldən də məhkəməyə müraciət edə bilərdim. Bu, mənim üçün asan idi. Lakin bizim şirkətlə Anar Məmmədovun rəhbəri olduğu şirkətlər arasında qarşılıqlı anlayış və böyük etibar var idi. Biz onlara inanırdıq. Elə ona görə də bir çox işdə ödənişlərin hətta yarısını belə öncədən almırdıq. Çünki əmin idik ki, bizi aldatmazlar. Mən bilmirdim belə ola bilər. Həm məhkəməyə də pul lazımdır. İndi isə mənim hazırkı maddi durumum bu xərcləri qarşılamaq üçün münasib deyil. Qısası, məhkəməyə belə pulum qalmayıb. Bu, Xəyal Rəsulovun yox, Ziya Məmmədovun və Anar Məmmədovun borcudur. Sadəcə mənimlə “Yaxşı və pis polis oyunu” oynayırlar.


-Deməli, hələ də məhkəməyə müraciət etməmisiz?

-Yox. Əksinə, mənim özümü Türkiyədə məhkəməyə verib, mənzilimi əlimdən alıblar. 200 min avroluq evimə 100 min avro qiymət müəyyən edib müsadirə etdilər. Biz Qubadakı işləri görmək üçün müəyyən şirkətlərdən kreditə mallar götürmüşdük. Həmin şirkətlərlə aramızda etibar var idi. Onların da yanında pis vəziyyətdə qaldım. “Quba Rixos Hotel”-də gördüyümüz işlərin pulunu ala bilmədiyim üçün onların da pulunu qaytara bilmədim. Onlar da məni məhkəməyə verdilər. Qeyd etdiyim kimi, işçilərimə də borcum var. Hətta dükanımı da satmağa məcbur oldum. Biz Azərbaycana ruzi dalınca getmişdik, lakin haqsızlıqla üzləşdik. Sonuncu dəfə Anar Məmmədovun ofisinə getdim, onunla görüşmək istədim. Ofisindən mənə onunla görüş tarixi təyin etdilər. Həmin tarixdə də gəldim, yenə Anar bəylə görüşə bilmədim. Dedilər ki, sizinlə Anar Məmmədovun köməkçilərindən biri olan Arzuman bəy görüşə bilər. Arzuman bəy də mənimlə görüşüb dedi ki, bizim edəcəyimiz bir şey yoxdur. Bütün məsələlərdən Xəyal Rəsulov məsuldur. Pulu ondan alacaqsız.


– Bəs maliyyə nazirlərinin toplantısında sizin məsələni danışmadılar?

– Toplantıda mən özüm bu məsələni Azərbaycanın maliyyə naziri Samir Şərifovla danışdım. Samir bəy də Əli Həsənov kimi dedi ki, Ziya Məmmədovun indki vəziyyəti heç yaxşı deyil, amma köməkçilərim sizinlə tezliklə əlaqə saxlayacaqlar. Çalışarıq kömək edək. Amma sonra onlardan da xəbər çıxmadı. Ondan sonra Türkiyəyə qayıtdım. Bilirsiz, hər dəfə bu pula görə Bakıya gələndə də mənim çoxlu xərcim çıxıb. Yol, otel, yemək və s xərclər… Mən hələ onları saymıram.


– Bəs bundan sonra telefonda Xəyal Rəsulovla danışa bilmədiz?

– Təbii ki, ona zəng edirdim. Lakin uzun müddət onun nömrəsilə əlaqə yaratmaq mümkün olmurdu. Axırda bir dəfə telefonuma cavab verdi. Dedim ki, hamı sizi göstərir. Bəs siz mənim pulumu niyə vermirsiz? Adam dedi ki, onların mənə də borcu qalıb, ala bilmirəm: “Hazırda əlimdə kəfən pulum olsa belə, onu sənə verərəm. Amma yoxumdur. 5 milyonluq villamı satışa qoymuşam, amma 3 milyon verirlər. Mən də satmıram. Mənə kömək edin, o villanı, “İstanbul Mecidiyeköy Towers”-də olan 3 mənzilimi və Bodrumun ən turistik yerlərindən birində olan böyük ərazini satım. Bundan həm sizin borcunuzu verərəm, həm də sizə satışa görə məbləğ ödəyərəm”. Xəyal bəyi başa saldım ki, daşınmaz əmlak üzrə mütəxəssis deyiləm və bu işlər belə görülmür. İndiyədək başa düşə bilmirəm, əlində o qədər daşınmaz əmlək var, yenə deyir, pulu yoxdur. 5 milyonluq villada yaşayır. Qardaş, yaşama da 5 milyonluqda, yaşa 1 milyonluqda. Borclarını da qaytar. Ondan sonra onunla yenidən əlaqə yaratmaq mümkün olmadı. Amma adam həmin arada Erkan bəyin telefonlarına cavab verirmiş, mənim zənglərimə isə yox.

İlham Əliyev Anar Məmmədovla birgə Quba Rixos hotelinin açılışında
İlham Əliyev Anar Məmmədovla birgə Quba Rixos hotelinin açılışında


– Erkan bəy kimdir?

– Onların Erkan bəyə də 65 min dollar borcu qalıb. Erkan bəy “Garant Holding”-in maliyyə müdiri idi. Öz işçiləri olmasına rəğmən, halal maaşı olan 65 min dolları vermədilər. Xəyal Rəsulov ona da mənə təklif olunanları təklif edib. Daşınmaz əmlakları satmaqda köməklik göstərin, sizin də pulunuzu verək. Bundan əlavə, onların Türkiyənin “

Birleşim Mühendislik

” adlı şirkətinə 60 min dollar, ”

Çağla Mühendislik

” şirkətinə isə 1 milyon avroya yaxın borcları var.


-Bəs bundan sonra daha Azərbaycana gəlmədiz?

-Yox. Vəziyyət elə yerə gəlib çıxdı ki, Azərbaycana gəlməyə yol pulum belə qalmadı. Eşitmişdim ki, Azərbaycanın prezidentinin saytına yazanda buna 10-15 günə reaksiya verilir. Odur ki, həm onun saytına, həm də xanımı Mehriban Əliyevanın saytına yazdım. Lakin mənim məktublarıma cavab gəlmədi, heç bir reaksiya verilmədi. İndi də artıq bu məsələni KİV-lərə danışmağı qərar vermişəm.

Bilirsiz, mən düşünmürəm ki, Ziya və Anar Məmmədovların o pulu ödəməyə imkanları yoxdur. Vəziyyətləri nə qədər yaxşı olmasa da, o səviyyənin adamları üçün bu məbləğ çox cüzidir. Hamı mənə deyir ki, bu pulu onlardan ala bilməyəcəksən, amma mənim hələ də ümidim var. Baxın, vicdanımla iş görmüşəm, bu rəftara layiq deyiləm. Ona görə də ədalətə inanıram. Biz qardaş ölkə Azərbaycana çörəkpulu dalınca getmişdik, bu cür problemlərlə qarşılaşdıq. Heç yaxşı olmadı, bu. Çarəsizlikdən tanıyıb- tanımadığım bütün azərbaycanlılara “Facebook”da, “İnstagram”da mesaj yazıram, Ziya Məmmədovun, Anar Məmmədovun əlaqə nömrələrini tapmaqda mənə köməklik etmələrini xahiş edirəm.

Bilirsiz, o məbləğin dəyəri bu illər ərzində dəyişib, amma mən fərqini, fazini belə istəmirəm. Bu qədər stress bəsdir artıq. Mənim 60 dan çox yaşım var. Bu problemlər mənə lazım deyil. Mən heç də yalnız Azərbaycan hökumətini qınamıram. Amma onu da bilirəm ki, Azərbaycan hökuməti ölkədəki bütün sahələrə tam nəzarət edir. Odur ki, ümidim Azərbaycan hökumətinədir. Onlardan kömək gözləyirəm. Bu müsahibəylə də səsimi həm Azərbayca hökumətinə, həm də Ziya Məmmədovla Anar Məmmədova çatdırmaq istəyirəm. Mənim pulumu qaytarın.



Redaksiyadan: Meydan TV Ali Yeterin iddialarına münasibət öyrənmək üçün dəfələrlə “Garant Holding”-lə əlaqə yaratmağa cəhd etsə də, mümkün olmayıb. Əvvəllər sabiq nəqliyyat naziri Ziya Məmmədova aid “Garant Holding” şirkətlər qrupuna daxil olan “Quba Rixos Hotel”, daha sonradan rebrendinq edilərək “Quba Palace Hotel” adlanıb və “Paşa Holdinq” şirkətlər qrupunun tərkibinə keçdiyi deyilir.



İyulun 9-da həmin otelin adı baş verən qəza ilə gündəmə gəlib. Ərazidə kanatın qırılması nəticəsində bir nəfər otel əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.

Ana səhifəVideoTürkiyəli iş adamı: Ziya Məmmədovun oğlu borcumu qaytarmır