Türkiyədən qayıdan jurnalist karantinə alındı

“İcra başçısı sonradan bir tələbəyə zəng edib deyib ki, Nigar mənimlə əlaqə saxlasın”.

Source: Foto: sosial şəbəkə


“Yastıqlar, döşək üzləri pis gündədir”

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında karantində saxlanılanlar narazılıq edir.

Bu barədə Türkiyədən Azərbaycana qayıdarkın karantinə alınan jurnalist Nigar Mübariz məlumat yayıb.

Jurnalist yazıb ki, onları yoxlamadan natəmiz gündə olan palatalara yerləşdiriblər:

“Yastıqlar, döşək üzləri pis gündədir. Deyirsən, dəyişin, tibb bacisi cavab verir ki, mənim vaxtım yoxdur”.

Nigar Mübariz xəstəxanın baş həkimi Elnur Azadxanovun onu təqib etdiyini bildirib:

“Elnur Azadxanov mənə dedi ki, sən nevrozsan. Əlavə problem yaratmağı sevirsən. Mən səni müalicə edəcəm”.

Jurnalist xəstəxandakı durumu əks etdirən videolar və şəkillər də yayıb.

image_from_ios (1).jpg
xəstəxana

Daha sonra Nigar Mübariz Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalovun xəstəxanaya baş çəkdiyi haqqında məlumat yayıb.

Jurnalist icra başçısının ondan problemləri soruşduğunu qeyd edib:

“Məni çağırıb problemin nə olduğunu soruşdu. Karantinə salınan tələbələr də orda idi. Danışığımız boyu məni videoya çəkirdilər. Sonra yanlarındakı polis də çəkməyə başladı. Həm məni, həm danışan uşaqları. Bildirdim ki, mən onsuz da özüm könüllü karantində qalacaqdım, amma gigiyena qaydalarına riayət edilən yerdə. İcra başçısına dedim ki, prezident koronavirusa görə 1 milyard manat ayırır. Amma insanlar karantin üçün xəstəxanadakı vəziyyətdən şikayət edirlər. Üstəlik, xəstəxananın baş həkimi Elnur Azadxanovun mənə “nevrozsan” dediyini söylədim. İcra başçısı öz nömrəsini verdi və nə problem olsa, onunla əlaqə saxlamağımı söylədi. “Çəkiliş etməyin, qanunaziddir” deyəndə ona çəkiliş hüququmun olduğunu söylədim. Artıq buraya gələndə barəmdə informasiya toplamışdı. Eyni zamanda məni niyə çəkdiklərini soruşdum. Xəstəxananın baş həkimi Elnur Azadxanov icra başçısı gedəndən sonra tələbələrlə birgə otaqlara baxdı, problemləri həll edəcəyini, normal yeməklər olacağını söylədi. Baş həkim mənə dedi ki, problem olsa, mənə de, amma çəkmə: “Prezident yeni laboratoriyaların hərəsinə 5 milyon manat ayırır. Biz Almaniyadan da yaxşı işləyirik. Yaxşı olacaq hər şey. Özüm 9 gündür buraya baş həkim təyin olunmuşam”. Mən sona qədər çəkiliş hüququmun olduğunu söylədim. Düzəlməsə, yenə çəkəcəm”.

image_from_ios (4).jpg
xəstəxana

Nigar Mübariz hazırda xəstəxanada təmizlik işləri aparıldığını vurğulayıb:

“İcra başçısı sonradan bir tələbəyə zəng edib deyib ki, Nigar mənimlə əlaqə saxlasın”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Meydan TV-yə jurnalistin yazdıqlarını araşdırdıqlarını söyləyib:

“Cəlilabad Rayon Xəstəxanasında karantində saxlanılanlar indiyə qədər şikayət etməyiblər. İlk dəfədir belə halla rastlaşmışıq, indi bu məsələ araşdırılır, reaksiya veriləcək”.

Ana səhifəSosialTürkiyədən qayıdan jurnalist karantinə alındı