Türkiyədə zəlzələnin dağıntıları təmizlənir, xilasetmə işləri dayandırılır

Hatayda zəlzələdə dağılan bina. Foto: Meydan TV

Sərhədsiz Həkimlər tibbi xeyriyyə təşkilatı Suriyaya yardım göndərib

Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 46 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələlərdən iki həftə sonra xilasetmə işləri başa çatıb.

Türkiyə fevralın 20-dən etibarən çökmüş binaların dağıntılarını təmizləmək üçün işləri gücləndirib.

Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) zəlzələ bölgəsinə 13 minə yaxın ekskavator, kran, yük maşını və digər sənaye vasitələrinin göndərildiyini bildirib.

AFAD Türkiyədə ölənlərin sayının 41 020 nəfərə yüksəldiyini, ölkədə 385 000-ə yaxın mənzilin dağıldığını açıqlayıb.

Qurum bildirib ki, hələ də xeyli insan itkindir və bu sayın artacağı gözlənilir.

“Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələdən sağ çıxanlar arasında təcili olaraq reproduktiv sağlamlıq xidmətlərinə ehtiyacı olan 356 min hamilə qadın var”, – BMT-nin Cinsi və Reproduktiv Sağlamlıq Agentliyi (UNFPA) həftə sonu bildirib.

“Reuters” yazır ki, həmin qadınların 226 mini Türkiyədə, 130 mini isə Suriyadadır. Növbəti ay həmin qadınlardan təxminən 38 800 nəfəri uşaq dünyaya gətirəcək.

BMT əlavə edib ki, qadınların çoxu düşərgələrə sığınıb. Əksəriyyəti zəlzələdən sonra dondurucu temperatura məruz qalıb və qida, təmiz su əldə etmək üçün mübarizə apararaq sağlamlıqlarını riskə atıblar.

Sərhədsiz Həkimlər (MSF) tibbi xeyriyyə təşkilatının 14 yük maşınından ibarət karvanı fevralın 19-da Suriyanın şimal-qərbinə çatıb.

Ümumdünya Ərzaq Proqramı (WFP) Suriyanın həmin bölgəsindəki hakimiyyət orqanlarına zəlzələlərdən sonra yüz minlərlə insana kömək etmək istəyən təşkilatların bölgəyə girişini əngəlləməyi dayandırmağa çağırıb.

On ildən artıqdır ki, davam edən vətəndaş müharibəsi nəticəsində darmadağın olan Suriyada ölənlərin əsas hissəsi şimal-qərbdə olub.

Əraziyə Prezident Bəşər Əsədə sadiq qüvvələrlə müharibə aparan üsyançılar tərəfindən nəzarət olunur və bu, insanlara yardım almaq üçün səyləri çətinləşdirir.

ABŞ dövlət katibi Entoni Blinken fevralın 19-da Türkiyəyə əlavə yardım paketi ilə bağlı məlumat açıqlayıb.

ABŞ-ın bu ay baş verən zəlzələdən sonra dirçəlməyə çalışan Türkiyəyə daha uzunmüddətli yardım göstərəcəyini söyləyib.

Blinken rəsmi səfər və Vaşinqtonun bundan sonra necə kömək edə biləcəyini müzakirə etmək üçün fevralın 19-da Türkiyənin İncirlik Hərbi Hava Qüvvələri bazasına gəlib.

Artıq fəlakətdən iki həftə keçib. Axtarış-xilasetmə əməliyyatları sona çatır. Lakin Blinken ABŞ-ın “uzunmüddətli səy”i nəticəsində yardımların davam edəcəyini bildirib: “Zərərin miqyasını, binaların sayını, mənzillərin sayını, dağılmış evlərin sayını görəndə, bərpa etmək üçün böyük səylər tələb olunacaq, lakin biz bu səylərdə Türkiyəni dəstəkləməyə hazırıq”, – deyib.

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

İki ölkədə birlikdə həlak olanların sayı 46 min nəfəri ötüb.

Ana səhifəXəbərlərTürkiyədə zəlzələnin dağıntıları təmizlənir, xilasetmə işləri dayandırılır