Türkiyənin səhiyyə naziri Fahreddin Koca zəlzələdə 20 min 213 nəfərin həyatını itirdiyini, 80 min 52 nəfərin isə yaralandığını açıqlayıb.
Zəlzələdə uçan 12 mərtəbəli binanın podratçısı hava limanında yaxalanıb
Türkiyə mətbuatının yaydığı xəbərə görə, fevralın 10-da “Renessans” yaşayış binasının podratçısı Mehmet Yaşar Coşqun İstanbul Hava Limanında saxlanılıb. Onun xaricə qaçmağa cəhd etdiyi deyilir.
Qaziosmanpaşa Prokurorluğunun qərarı ilə tutulan M.Y.Coşkun nəzarətə alınaraq polis bölməsinə aparılıb.
Hatayın Antakya rayonunda tikintisinin 2013-cü ildə başa çatdırıldığı bildirilən 12 mərtəbəli 250 mənzilli “Renessans Residence” zəlzələ nəticəsində uçub.
Ərdoğan: “Bəzi insanlar bazarları soyur, iş yerlərinə hücum edirlər”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin beşinci günündə Adıyamanda olarkən bir sıra etiraflar edib.
O, təbii fəlakətə müdaxilənin qeyri-kafi olduğunu bildirib.
“İstədiyimiz sürətə çata bilmədik. Zəlzələnin dağıntı təsiri 10 əyaləti əhatə etdiyindən işimiz çox çətin idi”, – deyən Ərdoğan bunun səbəbini zəlzələnin 500 km ərazini əhatə etməsi ilə əlaqələndirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, bəzi insanlar bazarları soyur, iş yerlərinə hücum edirlər: “Fövqəladə vəziyyət şəraitində sui-istifadə edənlərə lazımi sanksiyalar tətbiq olunacaq”.
O bildirib ki, çadırda qalmaq istəməyən ailələrə köçürmə yolu ilə 15 min lirə kirayəhaqqı veriləcək.
Türkiyə Prezidenti hazırda zəlzələ bölgəsi ilə bağlı hərtərəfli proqramın hazırlayırladığını da deyib.
“Zəlzələ bölgəsində dağılmış binaların altından sonuncu insan çıxarılana qədər axtarış-xilasetmə tədbirlərini davam etdirməyi qərara almışıq”, – Ərdoğan vurğulayıb.
6 şəhərdə cinayət araşdırılmasına başlanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ nəticəsində ölənlərin sayının 18 min 991-ə yüksəldiyini açıqlayıb.
O bildirib ki, yaralı sayı 75 min 523-dür.
“76 mindən çox zəlzələ qurbanı başqa şəhərlərə təxliyə edilib. Şanlıurfa ve Kilisdə xilasetmə işləri tamamlanıb. Çadırlarda qalmaq istəməyən vətəndaşlarımızın bir il kirayə haqlarını ödəmək şərtilə evlərə köçmələrini təşkil edəcəyik”, – Ərdoğan bildirib.
Zəlzələdən dağılan binalarla bağlı 6 şəhərdə cinayət araşdırılmasına başlanıb.
Ailə və Sosial Xidmətlər Nazirliyi dağıntılar altından çıxarılan, qəyyumu olmayan 162 uşağın müalicəsinin xəstəxanalarda davam etdiyini açıqlayıb.
Bildirilir ki, 101 nəfər uşağın müalicəsi tamamlanıb və onlar nazirliyin himayəsinə alınıb.
74 mindən artıq yaralı var
Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 18 min 342 nəfərə çatıb.
Yaralı sayı isə 74 min 242 nəfərdir.
Fevralın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 6400-dən çox bina dağılıb.
Onun sözlərinə görə, Türkiyə bir il ərzində bölgədə yeni üç və dörd mərtəbəli binalar tikməyi hədəfləyir.
Hataydakı zəlzələ bölgəsindəki şəhərin giriş-çıxışlarında sıxlıq var. Səbəb yolda müxtəlif şəhərlərdən gələn dəfn maşınlarının çoxluq təşkil etməsidir.
Şəhərdə dünənkindən daha az təcili yardım maşını var.
Türkiyənin vitse prezidenti Fuat Oktay bildirib ki, hazırda sahədə 29 min 622 axtarış-xilasetmə personalı çalışır:
“Beş gündə ümumi 72 min 879 nəfər xilas edilib”.
Kahramanmaraşda fevralın 6-da birincisi 7.7 bal, ikincisi 7.6 bal gücündə ard-arda iki zəlzələ baş verib.
Birinin episentiri Pazarcık, digərinin Elbistan olan zəlzələlər Hatay, Qaziantep, Osmaniye, Malatya, Adama, Diyarbakır, Şanlıurfa, Adıyaman və Kilisi sarsıdıb. Minlərlə ev dağılıb və dağıntılar altında insanlar qalıb.
Zəlzələ İraqa da təsir edib. Burada da yüzlərlə ev dağılıb və 3 minədək insan həyatını itirib, tarixi abidələr zədə alıb.