Türkiyədə zəlzələdə ölənlərin sayı 38 mini keçib

Fotolar: Meydan TV

108 min 68 nəfərin yaralandığı bildirilir

Fevralın 16-da episentri Türkiyənin Kahramanmaraş şəhəri olan iki zəlzələdə ölənlərin sayı 38 min 44-ə yüksəlib.

108 min 68 nəfərin isə yaralandığı deyilir.

Zəlzələnin təsir etdiyi 10 şəhərdə ən azı 61 722 bina dağıntıdan zərər çəkib.

İndiyədək 481 min 865 bina və 2 milyon 196 min 88 müstəqil tikilinin (ev, mağaza və s.) vəziyyəti qiymətləndirilib.

Ümumilikdə 61 min 722 bina, 263 min 800 müstəqil tikilinin ağır ziyan gördüyü və ya dağıldığı açıqlanıb.

13 min 917 bina, 86 min 673 müstəqil tikili isə orta dərəcədə zədələnib.

121 min 515 bina, 749 min 654 müstəqil tikili yüngül zədələnib və cəmi 229 min 23 bina, 915 min 723 müstəqil tikili heç bir zərər almadan vəziyyətdən çıxıb.

Türkiyə rəsmiləri ay sonundan etibarən zəlzələdən zərər görmüş ərazilərdə 3-4 mərtəbəli binaların tikintisinə başlayacaqlarını açıqlayıb.

Suriyada ölənlərin sayı 3 mini keçib

Zəlzələnin təsir etdiyi Suriyada isə rəsmilər ölü sayının 3 min 600-dən çox olduğunu açıqlayıb.

BMT-nin Baş katibi Antonio Quterreş bəyanat yayaraq zəlzələdən əziyyət çəkən insanlara kömək istəyib.

O deyib ki, zəlzələ qurbanlarının ehtiyacları çoxdur, insanlar həmin ərazilərdə əziyyət çəkir, vaxt itirmədən onlara kömək etmək lazımdır:

“İndiyədək ayrılan vəsaitlər həmin bölgələrdəki zərər çəkmiş 5.2 milyon insanı maksimum üç ayadək müddətdə humanitar yardımla təmin edər. Onların daha böyük köməyə ehtiyacları var”.

Ana səhifəDünyaTürkiyədə zəlzələdə ölənlərin sayı 38 mini keçib