Zəlzələ Yunanıstan adaları və Türkiyə sahillərinə zərər vurub
İyulun 21-ə keçən gecə Ege dənizində baş verən zəlzələ nəticəsində azı iki nəfər ölüb. 100-dən çox adam xəsarət alıb. Zəlzələ Yunanıstan adaları və Türkiyə sahillərinə zərər vurub.
Yunanstanın Kos adasının rəhbərliyi yerli mətbuata adada iki nəfərin öldüyünü, xəsarət alanların isə çox olduğunu söyləyib:
”Adanın əsas portuna da zərər dəyib”.
ABŞ Geoloji xidmətinin məlumatına görə, 6,7 bal gücündə olan zəlzələnin episentri 10 kilometr dərinlikdə, həmçinin Türkiyənin kurort şəhəri olan Bodrumdan 10 kilometr cənubda olub. Türkiyə hökumətinin məlumatına görə, əsas silkələnmədən sonra azı 20 kiçik silkələnmə də hiss olunub.
Türkiyənin Muğla vilayətinin rəhbərliyi açıqlamasında ciddi itkilərin olmadığını, yalnız çaxnaşma zamanı kiçik xəsarət alanların olduğunu deyib.