1 nəfərin öldüyü, 69 nəfərin yaralandığı bildirilir
Fevralın 27-də Malatyanın Yeşilyurt bölgəsində 5,6 bal gücündə zəlzələ olub.
Bir nəfər həyatını itirib, 69 nəfər yaralanıb.
Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələdən sonra bölgədəki qəzalı binalara girməmək və riskli binaların ətrafından uzaqlaşmaqla bağlı çağırış edib.
AFAD rəhbəri Yunus Sezer 5,6 bal gücündə zəlzələdə 29 binanın uçduğunu bildirib.
O, bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını təsdiqləyib.
Əlavə edib ki, hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir:
“Yeddi binada axtarış-xilasetmə işləri davam edərkən, bölgədə cəmi 650 personal çalışır və ya ətraf əyalətlərdən hava və ya quru yolu ilə işçi göndərilir. Zəlzələdən sonra bir vətəndaş dağıntılar altından çıxarılıb”.
Kahramanmaraşda zədələnmiş metal fabrikinin isə çökdüyü bildirilir.
Kahramanmaraş-Dulkadiroğlunun Karaziyaret Mahalında zəlzələdə zərər görən metal fabrikinə girən işçilər qazan-tava kimi əşyaları xilas etmək istəyərkən çökmə baş verib.
İlk təsbitlərə görə, 1 işçi ölüb, 4 işçi yaralanıb.
Xatırlatma
Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.
Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.
Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.
Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.
İki ölkədə birlikdə həlak olanların sayı 46 min nəfəri ötüb.