İlham Şaban: ”Layihə Azərbaycanın böyük qazının bazarlara çıxarılması üçün bir vasitə rolunu oynayır”
Bu gün Türkiyədə TANAP layihəsinin açılışı olacaq.
Açılışda iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edib.
“TANAP layihəsi olmasaydı, Azərbaycan “Şahdəniz-2” yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil ediləcək qaz həcmlərini nə Türkiyə, nə də Avropa bazarlara nəql etmək imkanı olmazdı”.
Bunu Meydan TV-ə Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib.
O qeyd edib ki, layihə Azərbaycanın böyük qazının bazarlara çıxarılması üçün bir vasitə rolunu oynayır.
“1991-ci ildən sonra iqtisadiyyat neft amili üzərində quruldu. Amma neftin qiymətinin yüksək həddindən aşağı enmə ərəfəsində böyük qaz həcmlərinin ortaya çıxması, bazara ayaq açması ilə bağlı Azərbaycan özünə olan diqqəti saxlaya bilər. Bu, təkcə Azərbaycana sırf iqtisadi dividentlər deyil, həm də ölkəmizə olan marağı, o cümlədən, enerji təhlükəsizliyi ilə bərabər milli təhlükəsizlik mənafelərimizin əldə olunmasına rol oynaya bilər”.
TANAP Layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyənin Gürcüstan sərhədində, Ərdəhanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır.
Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.
TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. Layihə üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb.