Türkiyədə saxlanılan azərbaycanlı fəala görə Ərdoğana müraciət olundu

Yaxınlarının sözlərinə görə, E.Mehdiyevə qarşı təzyiqlər hələ bir neçə il əvvəl Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevlə mübahisədən sonra başlayıb

Source: Meydan.TV


Prosesə Türkiyənin hüquq müdafiəçiləri də qoşulub, onlar Elnur Mehdiyevin Azərbaycana verilməməsini tələb edir

Nardaran hadisələrinə axtarışa verilib, aprelin 24-də Türkiyədə saxlanılan inanclı fəal Elnur Mehdiyev mayın 1-də Türkiyə polis idarəsindən çıxarılaraq, Göç (Deportasiya) İdarəsinə aparılıb. Bu barədə onun yaxınlarına Türkiyədə onun hüquqlarını müdafiə edən vəkil məlumat verib.

E.Mehdiyevin yaxınları Meydan TV-yə bildirib ki, vəkil hüquqlarını müdafiə etdiyi şəxsin ətrafında yaşananlar, Azərbaycana təhvil veriləcəyi halda, onu gözləyən təhlükələrlə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğandan tutmuş, bu ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə qədər bir çox struktura məktub göndərib. Eyni zamanda, Türkiyənin hüquq müdafiəçiləri də prosesə qoşulub. Onlar 39 yaşlı E.Mehdiyevin Azərbaycana təhvil verilməməsini tələb edir.

Yaxınları bildirir ki, E.Mehdiyev Türkiyədə qanuni oturum sənədilə yaşayıb, heç bir qanunsuz fəaliyyəti olmayıb. Onların fikrincə, inanclı fəalın bu şəkildə saxlanması Azərbaycan hökumətinin sifarişidir.

Yaxınlarının sözlərinə görə, E.Mehdiyevə qarşı təzyiqlər hələ bir neçə il əvvəl Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevlə mübahisədən sonra başlayıb. Daha sonra onu cəzalandırmaq üçün Nardaran hadisələrindən istifadə olunub: “Hələ bir neçə il əvvəl Gəncədə Elmar Vəliyev yerli əhalini təhqir edəndə Elnur Mehdiyev camaatın içindən bir addım önə çıxaraq, icra başçısının cavabını verib, həmin təhqirlərə Elmarın özünün layiq olduğunu deyib. Elmar Vəliyevin adamları həmin onu tutmaq istəsə də, əhali buna imkan verməyib. Bundan sonra Elnur daim təqiblərə məruz qalıb. Nəhayət, Nardaran hadisələri baş verəndə fürsət bilib, Elnurun adını da bu hadisələrə bağlayıb, onu həbs eləmək istədilər. Nardaran hadisələri zamanı Elnur heç ölkədə olmayıb, Kərbəla ziyarətində idi. Ziyarətdən qayıdanda telefonla evlə əlaqə saxlayanda ona bildirildi ki, evə gətirib silah atıblar, onu Nardaran hadisələrində ittiham edilər. Bu absurd böhtandan sonra Elnur onu Azərbaycanda hansı qondarma ittihamların gözlədiyini, həyati təhlükəni nəzərə alıb, Türkiyəyə getdi. O vaxtdan da orada yaşayır”.

Yaxınları deyir ki, E.Mehdiyev Türkiyədə yaşadığı müddətdə Azərbaycanda günahsız həbs olunan, işgəncələrə məruz qalan şəxslərdən bəzilərinin ehtiyaclı ailələrinə gücü çatdığı qədər maddi yardım göstərib. Onların arasında Gəncə hadisələrinə görə həbs olunan şəxslərin ailələri də var.

“Türkiyədə Elnuru saxlayan polis ona qarşı G-87 (ümumi təhlükəsizlik) və M-26 (qanunsuz qruplaşma fəaliyyəti) kodlarının olduğunu bildirib. Vəkili bu ittihamın nəyə əsasən verildiyini soruşub. Vəkilə rəsmi qaydada heç bir dəlil təqdim edilməyib. Yalnız şifahi şəkildə deyilib ki, bu, Türkiyənin yox, başqa dövlətin rəsmi ittihamıdır. Türkiyə polisi də həmin dövlətin istəyilə Elnur Mehdiyevi saxlayıb. Göç İdarəsinə aparılandan sonra vəkilə şifahi deyilib ki, yaxın günlərdə Elnur Mehdiyevin deportasiyası üçün sənədləşmə işləri yekunlaşdırılıb, Azərbaycan hökumətinə təhvil veriləcəyi gözlənilir. Əlbəttə ki, bütün bu ittihamlar qondarmadır, saxtadır. Onun həbsinin səbəbi ictimai fəaliyyətidir”, – yaxınları bildirib.

Təxminən bir ay öncə daha bir inanclı fəal Anar Cabbarov da Türkiyədə saxlanaraq, Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilmişdi. Onun da “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin dostu olduğuna və inanclı məhbusların ailələrinə yardım göstərdiyinə görə tutulduğu iddia olunurdu.

A.Cabbarov Azərbaycana gətiriləndən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun haqqında Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə cinayət işi başlansa da, sonradan o işə xitam verildi.

Ana səhifəXəbərlərTürkiyədə saxlanılan azərbaycanlı fəala görə Ərdoğana müraciət olundu