seçki

Mənbə: google.az

Başlıq: seçki

Türkiyədə partiyalar MSK-nın qərarından narahatdır

Kılıçdaroğlu: ''Digər şəhərlərin itirilməsinə dözdülər, amma İstanbula gəlincə demokratiyaya kələk gəlməyə başladılar''

Mərkəzi Seçki Komitəsinin qərarıyla İstanbul bələdiyyə rəhbərliyi mandatı ləğv edilən Əkrəm İmamoğlu komitənin qərarını yanlış adlandıraraq, cavabın demokratik yolla veriləcəyini bildirib.

"Bir ovuc insanın etdiyi bu səhv əsla belə qalmayacaq, demokratiya yoluyla cavab verəcəyik", - İmamoğlu çərşənbə axşamı İYİ Partiyanın sədri Meral Akşeneri ziyarət etdikdən sonra açıqlama verib.

İmamoğlu İYİ Partiyadakı görüşdən sonra "Gündəmimiz demokratiyaya vurulan zərbədir. Bu zərbəni ortadan qaldırmaq həssas Türkiyə Cümhuriyyəti vətəndaşları olaraq bizlərə, millətimizə qalır, " - deyə bildirib.

İstanbulluların problemiylə tanış olan İmamoğlu belə davam edib:

"Türkiyəmizin yaşadığı problemləri aradan qaldıracaq tədbirləri, qərarları partiyalarımızın sədrləri və rəhbərləri alacaqlar. Biz də yola davam edəcəyik. Ən sürətli və sağlıqlı şəkliylə prosesi qaydasına qoyacağıq. Əlbəttə sorğulayacağımız və hüquq yoluyla arayacağımız xüsuslar var”.

İmamoğluyla görüşdən sonra İYİ Partiya İstanbulda seçkilərin yenilənməsi ilə bağlı qərarın yenidən nəzərdən keçirilməsi üçün Mərkəzi Seçki Komitəsinə baş vurub və seçimin ləğv edilməsi tələbinə etiraz edib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu parlamentdə partiyasının qrup toplantısında çıxış edərək deyib ki, "Vətəndaş hüquqdan, ədalətdən, bələdiyyə başqanımızın daha yaxşı idarə edəcəyindən səsini CHP-ə verdi. Digər şəhərlərin itirilməsinə dözdülər, amma İstanbula gəlincə demokratiyaya kələk gəlməyə başladılar. Bu kələyi komitədəki bəzi sözdə hakimlərlə birlikdə qurdular”.

"39 bölgədə bütün səslər sayıldı, nəticə Əkrəm İmamoğlu oldu. Qorxumuz yoxdur, biz millətin verdiyi səsə güvənirik. İmamoğlu artıq CHP-nın namizədi deyil, o, bütün 16 milyonluq İstanbulun namizədidir," - Kılıçdaroğlu deyib və bütün İstanbul demokratlarını 23 iyunda bələdiyyə seçkilərində səs verməyə çağırıb.

"Çox gözəl şeylər olacaq, heç kim narahat olmasın. Bu ölkəyə demokratiya gətirəcəyik. Mübarizəmiz demokratiya üçün olacaqdır,”-Kılıçdaroğlu vurğulayıb

HDP lideri Sezai Təməlli partiyasının parlamentdəki qrup toplantısında Mərkəzi Seçki Komitəsinin bütün səlahiyyətlərini itirdiyini söyləyib.

Təməlli "23 iyunda İstanbul bələdiyyə seçkiləri bu avtoritar sistemin özünə axtardığı plebisitdir. Bu gündən sabaha bütün demokratiya güclərinin bu avtoritar rejim qarşısında birləşməsi çox böyük önəm daşıyır. Bu, bir demokratiya ittifaq çağırışıdır. Demokratiya ittifaqında kürdlər, türklər, alevilər, bütün əzilənlər bir an öncə görüşməlidir," deyib.

Prezidentlik sistemi ilə ölkəni davamlı olaraq gərginlik atmosferində tutanlara qarşı Türkiyənin demokratiyasının qalib gələcəyini qeyd edən Təməlli "Demokratiya gücləri bu ittifaqdan aldığı güclə əvvəl-axır bu iqtidardan mütləq qurtulacaqdır,"- deyə qeyd edib.

Türkiyə Prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəp Tayyip Ərdoğan partiyasının qrup toplantısında çıxışı zamanı İstanbul bələdiyyə seçkilərində "15 min seçicinin iradəsinin qəsb edildiyini" söyləyib.

Ləğv edilən səslərin sayımıyla aradakı fərqin hardasa yarı-yarıya azalmasaydı, məsələnin buralara qədər gəlməyəcəyini qeyd edən Ərdoğan "Biz bu edilənlərin hesabını milli iradə soyğunçularından soruşmasaq, millətimiz bizdən hesab istəyər,"-deyib: "MSK həm bizim, həm də digər partiyaların təmsilcilərini dinləmişdir, sənədləri araşdırmış və qərarını ortaya qoymuşdur. MSK tam tərsinə bir qərar versəydi, biz yenə bununla razı olacaqdıq”.

Ərdoğan daha sonra deyib: "Bu seçkidə gördüyümüz qanuni axsaqlıqların təkrarlanmaması üçün lazım olan hüquqi addımları atacağıq”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nwl089

Ən çox baxılan