Türkiyədə ölənlərin sayı artır (Yenilənir)

Mənbə: Meydan.tv

5 min 777 bina dağılıb

Türkiyənin Cənub-Şərqi Anadolu Bölgəsində 7,7 bal gücündə baş verən zəlzələ nəticəsində son iki gündə insan itkisinin 4 min 544-ə çatdığı bildirilir:

“26 min 721 nəfər yaralanıb”.

Dağılan binaların sayının 5 min 777 olduğunu ifadə edən AFAD 11 min 302 binanın söküləcəyini açıqlayıb.

Bu gün Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu, Ankara Bələdiyyə başqanı Mansur Yavaş və İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer ilə birlikdə Adana və İskenderundakı zəlzələ bölgəsini ziyarət edib.

Səadət Partiyası isə fevralın 13-də keçirilməsi planlaşdırılan Millət Alyansının toplantısının təxirə salındığını açıqlayıb. Toplantıda alyansın vahid namizədinin adı açıqlanacaqdı.

Foto: “medyascope.tv”


Zəlzələ Türkiyə və Suriyada tarixi abidələri də zədələyib

Türkiyə və Suriyada əsrlər boyu müharibələrdən və təbii fəlakətlərdən sağ çıxan tarixi abidələr də zəlzələlər nəticəsində dağılıb və ya zədələnib.

Suriyanın zəlzələlərdən təsirlənən hissələrində 12 ildir ki, müharibə gedir.

Müharibədə zərər çəkməyən ikonik arxitekturanın bəzilərini zəlzələ məhv edib.

Mütəxəssislər zəlzələlərin bölgənin mədəni irsinin itirilməsinə dəstək olacağından ehtiyat edirlər.

Türkiyə hökuməti təkcə bu ölkədə 5600-dən çox binanın dağıldığını bildirib.

UNESCO xəbərdarlıq edib ki,  Birləşmiş Millətlər Təşkilatı tərəfindən mədəni, tarixi, elmi və digər əhəmiyyətinə görə müəyyən edilmiş bir neçə abidə zədələnmiş ola bilər.

ЮНЕСКО
Foto: arxiv


Türkiyənin 10 əyalətində fövqəladə vəziyyət elan olundu

Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələdən sonra dağılan 10 əyalətdə üç aylıq fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Fevralın 6-da səhər saatlarında Kahramanmaraşda baş vermiş zəlzələ Türkiyəni sarsıdıb.

Episentri Pazarcık rayonu olduğu müəyyən edilən zəlzələnin gücü 7,7 bal olub.

Bu zəlzələdən sonra AFAD saat 13:24-də Kahramanmaraş Elbistanda daha 7,6 bal gücündə zəlzələ olduğunu bildirib.

Kahramanmaraşdan sonra zəlzələ ən çox Hatay, Qaziantep, Osmaniye, Malatya, Adana, Diyarbəkir, Şanlıurfa, Adıyaman və Kilisdə hiss edilib.

Bu şəhərlərdə minlərlə bina dağılıb, altında hələ də yüzlərlə insanın qaldığı bildirilir.

Ərdoğan bildirib ki, Konstitusiyanın 119-cu maddəsinə əsaslanaraq, fövqəladə vəziyyət elan edilib:

“Zəlzələnin baş verdiyi 10 əyalətimizi “Ümumi həyata təsir edən fəlakət əraziləri” elan edirik”.

Foto: sosial şəbəkə


ÜST: “23 milyon insan fəlakətdən əziyyət çəkə bilər”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb ki, fevralın 6-da Türkiyədə baş verən və Suriyaya da təsir edən zəlzələ 23 milyon nəfərədək insanın həyatına təsir edə bilər.

ÜST-nin fövqəladə hallar üzrə yüksək rütbəli zabiti Adelheid Marşanqın sözlərinə görə, vəziyyətə baxış xəritələrindən görmək olur ki, zəlzələ potensial olaraq 23 milyon insanın, o cümlədən beş milyona yaxın həssas əhalinin həyatına təsir edəcək.

“Əsasən, Türkiyə və Suriyanın şimal-qərbində, zərər çəkmiş bölgədə mülki infrastruktura və potensial sağlamlıq infrastrukturuna ziyan dəyib”, Marşanq əlavə edib.

Türkiyə və Suriyada ölənlərin sayı artmaqda davam edərkən Birləşmiş Millətlər Təşkilatının uşaq təşkilatı da açıqlama verərək bildirib ki, baş verən zəlzələ və onun sonrakı təkanları nəticəsində minlərlə uşaq həlak ola bilər.

UNICEF-in sözçüsü Ceyms Elder Cenevrədə jurnalistlərə verdiyi açıqlamada deyib ki, təşkilat hazırda ölən uşaqların konkret sayını müəyyən edə bilmir.

Suriya və Türkiyədə bir çox ailə övladlarını axtarmağa davam edir.

Xeyli uşaq var ki, ailə üzvləri həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
Foto: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)


Cənubi Koreya Türkiyəyə 5 milyon dollar bağışlayacaq

Cənubi Koreya 60 nəfərlik axtarış-xilasetmə qrupunu tibbi ləvazimatlarla birlikdə Türkiyəyə göndərəcək və ilkin 5 milyon dollar bağışlayacağını bildirib.

Cənubi Koreya Prezidenti Yoon Suk Yeol planı açıqlayarkən Türkiyəni 1950-53 Koreya müharibəsi zamanı Cənubi Koreya ilə yanaşı döyüşmək üçün qoşun göndərən “qardaş millət” kimi xarakterizə edib.

Türkiyə əməliyyat zamanı 700-dən çox qüvvəsini itirib.

Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Jeon Ha Gyu nazirliyin xilasediciləri və yardım ləvazimatlarını daşımaq üçün hərbi təyyarələri səfərbər etmək üçün əlaqədar qurumlarla planlar hazırladığını söyləyib.

Foto: Reuters


3381 nəfərin həlak olduğu bidirilir

Fevralın 6-da Türkiyədə  baş verən güclü zəlzələdən ölənlərin sayı artır.

Fevralın 7-nə olan məlumata görə, 3 min 381 nəfər həyatını itirib.

Yaralananların sayı  20 min 426 nəfərdir.

5775 binanın dağıldığı rəsmən təsdiqlənib, ümumilikdə 11302 binanın qəzalı vəziyyətdə olduğu bildirilir.

Fevralın 6-da Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində baş verən 7,7 bal gücündə zəlzələ 10 vilayəti əhatə edib.

Türkiyədə fevralın 6-dan 7 gün matəm elan olunub.

Foto: Reuters

Suriyada 1000 nəfərdən çox adam ölüb

Eyni gündə Suriyada da zəlzələ baş verib.

Bu ölkədə ölənlərin sayı min nəfəri ötüb.

Azərbaycanda yardım kampaniyası

Türkiyənin Azərbaycandakı səfirliyi fevralın 6-da baş verən zəlzələ ilə əlaqədar yardım kampaniyası elan edib.

Yardım kampaniyası Babək prospekti 27-də keçirilir.

Bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, yardımlar “Doğtaş” mebel mağazasında toplanılır:

“Əsasən qış paltarları – gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var. Bundan başqa çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır”.

Ana səhifəDünyaTürkiyədə ölənlərin sayı artır (Yenilənir)