İran azərbaycanlısı Reza Zərrab 50 milyon dollar məbləğində rüşvət verdiyini deyib
İranın ABŞ sanskiayalarından yan keçə bilməsi üçün Türkiyənin keçmiş hökumət rəsmisinə rüşvət verib.
Azadlıq radiosunun məlumatına
əsasən
, bunu noyabrın 29-da ABŞ-ın Manhattan federal məhkəməsində keçirilən dinləmədə iranlı qızıl ticarətçisi Reza Zərrab deyib.
O, bundan əvvəl təqsirini boyununa alıb və ABŞ prokurorları ilə əməkdaşlıq barədə razılaşma əldə edib.
Razılaşmaya əsasən İran azərbaycanlısı Zərrab türkiyəli bank direktoru Mehmet Hakan Atillanın məhkəməsində əsas şahid qismində ifadə verməyə başlayıb.
Zərrab deyib ki, o 2012-ci ildə İrana dair sövdələşmədən öz qazancının yarısını Türkiyənin o vaxtkı iqtisadiyyat naziri Zafer Çağlayana verməyə razılaşıb. Türkiyə hökuməti bundan əvvəl bildirirdi ki, Çağlayan Türkiyə və beynəlxalq qanunların çərçivəsində hərəkət edib.
ABŞ prokurorları bu iş üzrə Çağlayan da daxil 9 nəfərə qarşı ittiham irəli sürüblər. Hazırda bunlardan yalnız Zərrab və Atilla Birləşmiş Ştatlarda həbsdədirlər.
Prokurorlar bildirirlər ki, bu iş üzrə müttəhim olanlar çirkli pulların yuyulması üçün mürəkkəb sxem qurmuşdular. Bu sxemə görə İrana qızıl ötürülür və əvəzində guya ərzaq alış-verişi barədə saxta sənədlərin köməyi ilə Tehrana ABŞ sanksiyalarından yan keçərək beynəlxalq bazarlara çıxış verilirdi.
Noyabrın 29-da keçirilən ikinci dinləmədə Zərrab deyib ki, Çağlayana ümimilikdə 50 milyon dollar məbləğində rüşvət verib.
Bunun müqabilində Çağlayan Zərrabın Halkbankla işləməsinə şərait yaradıb.
Zərrab deyib ki, bu məsələyə Çağlayanın müdaxiləsindən əvvəl Halkbankın o vaxtkı baş meneceri Süleyman Aslan iranlının çox məşhur olduğunu əsas gətirərək onunla işləməkdən intina edirmiş.
Zərrab bunu da bildirib ki, o İranla bağlı maliyyə tranşlarının həyata keçirilməsi üçün Türkiyənin Aktif Bankından istifadə edib. Onun sözlərinə görə, bu bank əvvəlcə Zərraba hesab açmaq istəməyib, lakin bu məsələ Tükiyənin o vaxtkı Avropa İttifaqı naziri Egemen Bağışın müdaxiləsindən sonra həll edilib.
Zərrabın dediyinə görə, Bağış onunla Aktif Bankın baş meneceri arasında görüş təşkil edib və bu görüşdən sonra iranlı tacirin adına hesab açılmasına icazə verilib.
Zərrab bildirib ki, Aktif Bank Birləşmiş Ştatlardan xəbərdarlıq aldıqdan sonra bu hesabı bağlayıb.
İranlı tacir habelə deyib ki, Atilla ona sanksiyalardan yan keçən tranşların təşkilində kömək edib. Zərrab bu barədə heç bir təfərrüat bildirməyib.
Türkiyə prezidenti Recep Tayyip Erdoğanın hökuməti bildirir ki, ABŞ-da başlanmış cinayət işi siyasi motivlidir.