Türkiyədə jurnalist yaydığı xəbərə görə həbs edilib

Sinan Aygül . Mənbə: “m.bianet.org”

Ekspert həbsi ifadə azadlığına zidd sayır və “Dezinformasiya” qanununu ilə əlqələndirir

Türkiyədə “Bitlis Xəbərləri”nin baş redaktoru, jurnalist Sinan Aygül 14 yaşlı uşağın polis və hərbçi tərəfindən cinsəl istismara məruz qalması ilə bağlı hazırladığı xəbərə görə saxlanılıb.

Türkiyənin yerli mediası yazır ki, ona qarşı “xalqı nifrət və düşmənçiliyə sövq etmək” iddiası qaldırılıb.

2022-ci ilin oktyabrında Türkiyədə “Dezinformasiyaya qarşı tənzimləmə” kimi tanınan qanun qəbul edilib.

Sənəddə deyilir ki, jurnalistlər və sosial media istifadəçiləri saxta xəbər yaydıqları təqdirdə üç ilədək həbslə cəzalandırıla bilərlər.

Hər biri üçün ayrıca səsvermə tələb edən 40 dəyişiklikdən ibarət qanun layihəsini hakim Ədalət və İnkişaf Partiyası (AKP) təklif etmişdi.

Azərbaycanlı media eksperti, hüquqşünas Xalid Ağəliyev deyir ki, bu xəbər bir müddət əvvəl Türkiyədə qəbul edilmiş “Dezinformasiya qarşı tənzimləmə” Qanununun (müxtəlif qanunlara dəyişikliklər paketi) işə düşdüyünü göstərir.

Media rəhbəri Sinan Aygülün məhkəməyə qədər həbsi buna sübutdur: “Sinan Aygül Bitlisdə 14 yaşlı uşağın bir polis və hərbçi tərəfindən cinsi istismara məruz qalması ilə bağlı “Twitter”də paylaşım edib. Polis rəhbərinin ona zəng edib, şübhəlilərin polis və hərbçi olmadığını bildirməsindən sonra jurnalist paylaşımına əlavə edib ki, mövzunun həmişə təqibçisi olacağam, ancaq dəqiqləşdirmədən paylaşım etdiyim üçün hamıdan üzr istəyirəm. Paylaşımından sonra jurnalist “yanlış informasiyanı qəsdən yaymaq” ittihamı ilə saxlanılıb”.

Sinan Aygün prokurorluqda ifadəsində deyib ki, o, jurnalist olaraq, qaynaqlarımdan əldə etdiyi məlumatı ictimaiyyətlə bölüşməklə, olayın üstünün ört-basdır edilməsini əngəlləmək, həqiqətin üzə çıxarılmasına qatqı vermək istəyib:

“Həm də iki uşaq atasıyam, uşaqlara cinsi istismar mövzusunda daha duyğulu, həssasam. Olay haqda tam dəqiqləşdirmədən bilgi yaymağımın səbəbi bəlkə elə budur. Cinayət törətmək niyyəti ilə yox, jurnalist refleksi ilə hərəkət etmişəm”.

Xalid Ağəliyev bildirib ki, bununla belə jurnalist məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə hesab edib ki, onun paylaşımı “xalq arasında əndişə, qorxu, panikaya yol açan”, “ictimai əmin-amanlığı pozmağa yönəlik”, “şübhəli şəxsin təsir etdiyi kütlənin böyüklüyü baxımından ölkənin daxili təhlükəsizliyini təsirləndirəcək” məzmunda olub:

“Yekunda jurnalist haqqında həbs tədbiri seçilib. Onu 1 ildən 3 ilə qədər cəza gözləyir. Türkiyədə ifadə azadlığına belə müdaxilələr, təəssüflər olsun ki, adi haldır. Avropa İnsan Hüquqları Məhkəməsinin işığında baxanda bu məkanda ifadə azadlığı üçün ən dar, dözülməz məkan məhz Türkiyədir. AİHM indiyədək Türkiyə ilə bağlı 418 işdə ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb”.

Xalid Ağaliyev. Foto: Meydan TV

Hüquqşünas qeyd edir ki, bu sıralamada ikinci sırada Rusiya gəlir – 114 işdə ifadə azadlığı hüququnun pozuntusu tanınıb. Üçüncülük isə 40 qərarla Fransaya aiddir:

“İfadə azadlığının durumunun problemli olduğu ölkələr sırasında təbii ki, Azərbaycan da var. Azərbaycan 47 ölkə arasında ifadə azadlığı hüququnu ən çox pozan 14-cü ölkədir. AİHM 2021-ci ilə qədər 17 işdə bu hüququn pozuntusuna qərar verib. Müqayisə üçün AİHM Ermənistanla bağlı 4, Gürcüstanla bağlı isə cəmi 2 işdə ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb”.

Avropa Şurasında Türkiyədəki qanunun qəbuluna reaksiya verilmişdi. Bildirilmişdi ki, “dezinformasiya”nın qeyri-müəyyən tərifi və həbsxanaya düşmək təhlükəsi “tormozlayıcı effekt yarada və ilk növbədə 2023-cü ilin iyununda baş tutacaq prezident seçkiləri ilə əlaqədar özünü senzuranı artıra bilər.

“Amnesty International” insan haqları təşkilatının regional araşdırmaçısı Güney Yıldız qanunu şərh edərkən deymişdi ki, bu gün Türkiyədə onlayn ifadə azadlığı və mətbuat azadlığı üçün daha “qara gün”dür.

2022-ci il avqustun 31-də “Reuters” agentliyi türk mediasının Türkiyə hakimiyyəti tərəfindən senzuraya məruz qaldığını iddia edən məqalə dərc edib.

Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun isə agentliyi saxta xəbərlər yaymaqda ittiham edib.

Altunun sözlərinə görə, agentlik dəfələrlə Türkiyə ilə bağlı yalan xəbərlər dərc edib və Türkiyə Prezidentinin açıqlamalarını təhrif edib.

O qeyd edib ki, Türkiyə “Reuters”in niyyətlərini və “xidmət etdiyi məqsədləri” yaxşı bilir.

Ana səhifəDünyaTürkiyədə jurnalist yaydığı xəbərə görə həbs edilib