Hadisə ilə bağlı 5 nəfərin saxlanıldığı bildirilir
Türkiyədə Diyarbakır-Mardin yolu üzərindəki heyvan bazarının yanında bomba yüklü avtomobil çevik polis maşını yanından keçərkən partladılıb.
Partlayış nəticəsində 1 mülki vətəndaş və 8 polis əməkdaşı yaralanıb.
Türkiyə mediası yazır ki, hadisə ilə bağlı 5 nəfər saxlanılıb.
Daxili işlər naziri Süleyman Soylu hadisə ilə bağlı açıqlama verib.
“Bombanın uzaqdan idarə olunduğu görünür”, – deyə o bildirib.
Nazir əlavə edib ki, bomba yüklü avtomobil icarəyə götürülmüş vasitə olub.
Onun sözlərinə görə, bu hərəkət öncədən planlaşdırılıb, maşın əraziyə planlı şəkildə gətirilib.
Soylu bildirib ki, saxlanılanların sorğusu davam etdirilir, yaralılar isə hazırda xəstəxanadadırlar.
Yaralıların, sadəcə, müayinə üçün xəstəxanaya aparıldığı, tezliklə evə buraxılacaqları bildirilir.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, Diyarbakırdakı bombalı hücumu qınayırlar: “Yaralananların tezliklə sağalmasını diləyirik. Diyarbakırlı anaların duaları onlara yar olsun. Diyarbakır təhlükəsizlik şəhəridir. Bu hücumu həyata keçirənlər və onun arxasında duranlar layiq olduqları cavabı alacaqlar”.
Hazırki partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb, lakin Türkiyənin müxtəlif şəhərlərində tez-tez partlayışlar törədilir.
Məsələn, noyabrda İstanbulun mərkəzi küçələrindən olan İqtiklal caddesində baş verən partlayışda ikisi uşaq olmaqla altı nəfər ölüb, 80-dən çox adam yaralanıb.
Türkiyə həmin partlayışa görə Kürdüstan Fəhlə Partiyasını (PKK), bu qruplaşmaya bağlı Suriyadakı kürd qruplarını günahlandırıb.
Kürd silahlı qrupları isə ittihamı rədd edib.
PKK-nın 1984-cü ildən Türkiyədə apardığı münaqişədə onminlərlə insan həlak olub.
Türkiyə, ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu qrup sayır.