Yadigar Sadıqlı

Mənbə: Foto: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

Türkiyədə Demokrat Partiyasının yaranması

Əsas demokratik dəyişikliklərdən biri tək dərəcəli, yəni birbaşa seçki sisteminə keçid idi

70 il öncə Türkiyə Cümhuriyyətində çox önəmli bir hadisə baş verdi. 1950-ci ilin mayında keçirilən seçkilər nəticəsində ilk dinc hakimiyyət dəyişikliyi həyata keçdi: müxalif Demokrat Partiyası (DP) iqtidar oldu, Cümhuriyyət Xalq Partiyasının (CHP) 27 illik fasiləsiz iqtidarı başa çatdı. Bundan 60 il öncə, 1960-cı ilin mayında isə DP iqtidarı hərbi çevriliş nəticəsində devrildi. Bu diqqətəlayiq hadisələrə bir neçə məqalə həsr etməyi qərara aldım. Bu məqalə onlardan ikincisidir.

***

İkinci dünya müharibəsinin başa çatması ilə "demokratiyanın ikinci dalğası" deyilən proses başladı. Bu prosesin Türkiyəni də əhatə etməsi qaçılmaz idi. Müharibənin son aylarından etibarən SSRİ-nin bir sıra iddiaları ilə (onlar haqqında daha əvvəl məqaləmiz olub) üzləşən Türkiyə Qərblə daha yaxın əlaqələr qurmağa cəhd göstərdi. Bunun şərtlərindən biri də çoxpartiyalı demokratiyaya keçid idi.

Olduqca təcrübəli siyasətçi olan və dünyadakı proseslərdən məharətlə baş çıxaran prezident İsmət İnönü Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılması müzakirə olunacaq San-Fransisko konfransına gedən nümayəndə heyətinə belə bir təlimat vermişdi : "Amerikalılar nə vaxt çoxpartiyalı demokratiya quracağımızı sizdən soruşa bilərlər. Həmin suala belə cavab verin: Türkiyə Cümhuriyyəti tarixində Atatürk böyük bir islahatçı olmuşdur. İnönünün rolu islahatları möhkəmləndirmək və Atatürkün də arzu etdiyi gerçək demokratiyanı qurmaq olacaqdır... Savaş bitincə bu amacı gerçəkləşdirmək Cümhurbaşqanının ən əziz arzusudur".

İnönü 19 may 1945-ci il tarixindəki nitqində də demokratiyaya keçiddən danışır. "Bizim indiki sistemimiz başdakı şəxsə dayanır. Belə idarəçiliyin əksəriyyəti parlaq başlar, hətta bir müddət parlaq davam edər. Fəqət bunun sonu yoxdur... Sürətlə ciddi və əsaslı bir nəzarət və müxalifət sisteminə keçməliyik". Bu dövrdə Türkiyədə hakim Cümhuriyyət Xalq Partiyasından (CHP) istər daha sol, istərsə də daha sağ görüşlü xeyli insanlar var idi. Amma daha ciddi müxalifət partiyanın öz daxilində, Cəlal Bayarın ətrafında formalaşırdı.

1883-cü ildə Bursa vilayətində anadan olan Bayar Atatürkün yaxın silahdaşlarından, 1920-ci ildən Türkiyə Böyük Millət Məclisinin (TBMM) dəyişməz üzvü idi, 1932-1937-ci illərdə iqtisadiyyat naziri olmuşdu. 1937-ci ildə Atatürk fikir ayrılıqları yaşdığı İnönünü Baş nazirlikdən istefaya göndərərək yerinə Bayarı təyin etdi. Atatürk vəfat edəndə də Baş nazir o idi.

İsmət İnönü Türkiyə Cümhuriyyətinin ikinci prezidenti seçiləndən sonra köhnə rəqibi olan Cəlal Bayarı Baş nazir vəzifəsində saxladı. Amma bu status-kvo cəmi iki ay sürdü. 1939-cu ilin yanvarında Baş nazir istefa verdi və bundan sonra sıravi deputat kimi fəaliyyət göstərdi. 1945-ci ildə Bayarın ətrafında Refik Koraltan, Fuad Köprülü və Adnan Menderesdən ibarət narazılar qrupu formalaşmışdı.

Həmin ilin mayında dövlət büdcəsinə dəyişikliklər müzakirə olunanda bu dördlüyün də daxil olduğu yeddi nəfər hökumətin əleyhinə səs verdi. Bu, tək partiyadan ibarət olan parlament üçün qeyri-adi hal idi. İyun ayında parlamentdə 4753 sayılı Çiftçiyi Topraklandırma Kanunu müzakirə edilərkən Adnan Menderes əleyhinə alovlu çıxış edir. Qanun iri torpaq sahibliyinin məhdudlaşdırılmasını, torpaqsız kəndlilərin torpaqla təmin edilməsini nəzərdə tuturdu. 30 min dönümlük (3 min hektar) əraziyə malik olan Menderes digər iri torpaq sahibləri kimi bu qanundan narazı idi.

Elə həmin ay Bayar, Menderes, Koraltan və Köprülü CHP-nin TBMM-dəki qrupuna "dörtlü takrir" adını alacaq sənəd təqdim etdilər. Bu sənəddə çoxpartiyalı sistemə keçid, tək dərəcəli seçkilər, universitetlərin muxtariyyəti və digər demokratik dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulurdu. Müzakirələr zamanı təkliflər qəbul olunmadı, əvəzində müəlliflər xeyli hücumlara məruz qaldılar.

Buna cavab olaraq Menderes və Köprülü "Vatan" qəzetində hökuməti sərt tənqid edən yazılarla çıxış etdikdə, sentyabrın 21-də partiyadan çıxarıldılar. Bayar yoldaşlarına qarşı atılan adımlara etiraz olaraq sentyabrın 26-da millət vəkilliyindən istefa verdi, amma hələ bir müddət CHP-də qaldı. Menderes və Köprülünün partiyadan çıxarılması ilə Nizamnamənin pozulduğunu iddia edən Koraltan da noyabrın 27-də CHP-dən xaric edildi.

Sonralar İsmət İnönünün kürəkəni olacaq, bu illər haqqında maraqlı əsərlərin müəllifi, jurnalist Metin Tokerin ehtimalına görə, İnönü müxalif partiyanın məhz Bayar tərəfindən yaradılmasını istəyirdi və buna görə də onu təhrik edən addımlar atırdı. Çünki bir-biriləri arasında nə qədər rəqabət, uyuşmazlıq olsa da, Bayarın qatı bir Atatürkçü olmasına, Atatürkün "ilke və inqilablar"ına sadiqliyinə əmin idi.

Prezident İnönü noyabrın 1-də TBMM-də çıxışı zamanı çoxpartiyalı sistemə keçidlə bağlı bir daha önəmli mesajlar verdi. Demokratiyanın bütün cümhuriyyət boyu bir prinsip olaraq qəbul edildiyini söyləyən İsmət paşa əlavə etdi ki, "bizim tək çatışmazlığımız hökumət partiyasının qarşısında bir partiya olmamasıdır". Əvvəlki cəhdlərin uğursuzluğunu "talehsizlik" kimi dəyərləndirən İnönü, başqa siyasi partiyanın qurulmasının mümkünlüyünə əminliyini bildirdi.

Cəlal Bayar dekabrın 3-də CHP-dən istefa verəndən sonra yeni partiyanın qurulacağı ehtimalı gücləndi. Qəzetlərdə hər gün bu barədə məqalələr yazılırdı. Hakimiyyətin bu ehtimallara reaksiyası da maraqlı idi. CHP-nin orqanı olan "Ulus" qəzeti İnönünün şəxsi təlimatı əsasında yazırdı: "Cəlal Bayarın Kamalizm davasına və türk devrim gələnəklərinə uyğun bir müxalifət partiyası qurmasını və fəaliyyət göstərməsini biz də ən azı özü və dostları qədər diləməkdəyik. Cəlal Bayar bizim partiyamızda fəziləti, dürüstlüyü və ülküçülüyü ilə şöhrət qazanmışdır. Bu tərzdə bir liderin müxalifət partiyası qurmasından məmnun olmamaq imkanı varmıdır?".

Həqiqətən də həmin dövrdə dördlük partiyanın qurulması işlərinə başlamışdılar. Partiyanın proqramı hazır olduqda Bayar İnönü ilə görüşmək istədi, çünki o zamanın qanunlarına görə partiya qurmaq üçün hökumətin icazəsi tələb olunurdu (bu şərt 1946-cı ilin iyununda dəyişdirildi). Deyilənlərə görə, iki əzəli rəqib arasında belə bir söhbət oldu.

İnönü: "Tərəqqipərvərdə olduğu kimi "dini etiqad azadlığıına hörmət edirik" kimi maddə varmı?

Bayar: "Xeyr, paşam. Laikliyin dinsizlik olmaması var".

İnönü: "Ziyanı yox. Köy institutları və ilkokul səfərbərliyi ilə uğraşacaqmısınız?"

Bayar: "Xeyr".

İnönü: "Xarici siyasətdə fikir ayrılığı varmı?"

Bayar: "Yox"

İnönü: "O zaman tamam..."

İnönünün cavabı iqtidarın müxalif partiyanın yaranmasına həqiqətən mane olmayacağını ortaya qoydu. 1946-cı il yanvarın 7-də Demokrat Partiya (DP) adı verilən yeni partiyanın yaradılması elan oldundu. Ertəsi gün Cəlal Bayar partiyanın Genel başqanı, Menderes, Koraltan, Köprülü və Cemal Tunca Genel İdare Kurulu üzvlüyünə seçildilər. Antalyadan millət vəkili olan Tunca Ankara Sümer sokakdakı evini də partiyaya qərargah olaraq verdi.

***

Hakim CHP də çoxpartiyalı sistemə uyğnlaşmağa başladı. Xalqın rəğbətini qazanmaq üçün bir sıra mütərəqqi qanunlar qəbul edildi. Universitetlərə muxtariyyət verildi, tələbələr təşkilatlanma hüququ qazandılar. İşçi hüquqları bir qədər genişləndirildi. Müharibə illərində tətbiq edilən və kəndlilərin xüsusi narazılığına səbəb olan torpaq məhsulları vergisi aradan qaldırıldı.

Əsas demokratik dəyişikliklərdən biri tək dərəcəli, yəni birbaşa seçki sisteminə keçid idi. Hələ Osmanlı dövründən Türkiyədə iki dərəcəli seçim mövcud idi. Yəni seçicilər bilavasitə millət vəkillərini deyil, seçimçiləri seçirdilər, onlar öz növbəsində TBMM üzvlərini seçirdilər. İndi isə millət vəkilləri birbaşa seçki ilə seçiləcəkdilər.

O qədər mühüm hadisələr cərəyan edirdi ki, 1946-cı ilin mayın 10-da CHP-nin ikinci növbədənkənar qurultayı keçirildi (o dövrə qədər yalnız bir dəfə, Atatürkün vəfatından sonra növbədənkənar qurultay keçirilmişdi). Bu qurultayda İsmət İnönü dünyada gedən prosesləri nəzərə alaraq dəyişməz başqan statusundan imtina etdi. Bundan sonra hər qurultayda başqan seçiləcəkdi. Duçe, fürer, kaudilyo kimi titulları xatırladan "Milli şef" ünvanı da ləğv edildi.

Demokratiyaya keçid öz yerində, nə İnönü, nə də CHP hakimiyyəti verməyə meylli deyildilər. İnönü anlayırdı ki, nöqsanlar və nailiyyətlərdən asılı olmayaraq, insanlar təbiətcə dəyişikliyə meyllidirlər, onlar 23 il davam edən CHP iqtidarından yorulublar. Buna görə də müxalifləri seytnot vəziyyətinə salmaq lazım idi. CHP-nin əksəriyyət təşkil etdiyi parlament sentyabrda keçirilməli olan bələdiyyə seçkilərinin mayda, 1947-ci ildə keçirilməli olan parlament seçkilərinin isə iyulda keçirilməsi barədə qərar qəbul etdi.

Həmin dövrdə CHP və DP arasındakı gərginlik çoxalmaqda idi. Bunun səbəblərindən biri o idi ki, toplumda DP-nin 1930-cu ildə yaradılan Sərbəst Cümhuriyyət Firqəsi kimi icazəli müxalifət olduğu fikri vardı. Belə olmadığını göstərmək istəyən demokratlar hökuməti sərt tənqid etməyə başlamışdılar, qarşı tərəf də buna uyğun reaksiya verirdi. Erkən seçkilər qərarı gərginliyi daha da artırdı.

DP-nin mayın 8-də yaydığı bəyanatda bələdiyyə seçkilərinə qatılmaqdan imtina etdi. Partiyanın parlament seçkilərini də boykot edəcəyi ehtimalı böyük idi. Bu İsmət İnönünün kəskin reaksiyasına səbəb oldu. O, bəzi ölkələrdə müxalifətin seçkiləri boykot taktikasını işlətdiklərini, bunun yabançılara qarşı ölkəni suçlama halına gələcəyini, Türkiyədə belə bir durumun olması halında vətəndaşların buna xoş baxmayacaqlarını bildirdi.

CHP-li millət vəkili, sonralar (1971-1972) Türkiyənin Baş naziri olacaq Nihat Erimlə söhbətində isə prezident bunları deyir: "Mən ihtilalçı və kuvayi-milliyəçi İsmətəm. Bu dövləti yoxdan bu hala gətirdik. Üç-beş çapulçuya məsxərə etdirmərik. Yapdğımız bir təcrübədir. Müvəffəq olsaq, nə əla. Olmazsa, vaz keçər, bir neçə il daha köhnə üsulla gedərik".

Dünyada gedən proseslərin fonunda İnönünün bu hədəsinin nə qədər gerçək olduğunu söyləmək çətindir. Amma DP, xüsusən də Cəlal Bayar hədəni ciddi qəbul etdilər. İyunun 16-da başlayan və üç gün davam edən müzakirələrdən sonra partiya parlament seçkilərinə qatılmaq qərarı verdi.

Bu zaman DP təşkilatlanma işlərinə hələ başa çatdıra bilməmişdi. Ölkənin yalnız 40 ilində və 200-dən bir qədər çox ilçəsində eyrli təşkilatlar qurulmuşdu. Seçkiyə qalan müddət ərzində daha yeddi ildə alababat təşkilatlanma getdi, bununla belə o zaman mövcud olan 63 ilin 16-da (Ağrı, Bingöl, Bitlis, Çoruh, Diyarbakır, Gümüşhane, Hakkari, Kars, Kırşehir, Malatya, Mardin, Muş, Niğde, Rize, Siirt ve Van), başqa sözlə 1/4-də seçkilərdə iştirak mümkün olmadı.

DP-nin seçki öncəsi sürprizlərindən biri Atatürkdən savayı ölkənin yeganə marşalı Fevzi Çakmağı partiya siyahısından müstəqil namizəd kimi irəli sürülməsinə razı salması oldu. Halbuki, Çakmak CHP tərəfindən belə təklifləri dəfələrlə rədd etmiş, özünün siyasətçi deyil, əsgər olduğunu söyləmişdi. Marşal özü bunu CHP ilə DP arasında fərq qoymaması, sadəcə daha güclü CHP-yə qarşı DP-ni dəstəkləməklə seçkilərə tarazlıq gətirmək istəməsi ilə izah etdi. Amma bu çox güman ki, gəlişigözəl sözlər idi.

İ.İnönü və C.Bayar

İ.İnönü və C.Bayar

Mənbə: Foto: google.az

O zaman Türkiyədəki seçkilərin antidemokratik özəlliyi "açıq səsvermə, gizli sayım" deyilən sistem idi. Qanunlarda səsvermənin gizli olmasını mütləq edən heç bir müddəa yox idi. Əvəzində sayıma nəzarət etmək mümkün deyildi. Təbiidir ki, belə vəziyyət seçkilərin elan olunacaq nəticələrinə öncədən kölgə salırdı.

Qısamüddətli təbliğat kampaniyası zamanı müxalifətə xeyli basqıların və məhdudiyyətlərin tətbiq edildiyi, Türkiyə Cümhuriyyəti tarixində ilk çoxpartiyalı parlament seçkiləri 1946-cı il iyulun 21-də baş tutdu. Maraqlıdır ki, seçkilərin nəticələri barədə müxtəlif rəqəmlər göstərilir. Çünki bir çox mənbələrdə 1947,1948 və 1949-cu illərdə keçirilən əlavə seçkilərin nəticələri ilə birlikdə göstərilir. Üstəlik, 19456-1950-ci illərdə bir partiyadan digərinə keçidlər vardı.

Daha etibarlı görünən mənbələrə görə, parlamentdə CHP 395, DP 64, bitərəflər 6 yer qazandılar. DP bu mandatları yalnız 11 ildə qazandı. Başqa sözlə, namizəd irəli sürmədiyi 16 ildən başqa daha 36 ildə bircə mandat qazanmadığı iddia olunurdu. Cəlal Bayar iyulun 25-də verdiyi açıqlamada seçkilərin ədalətli keçmədiyini, "fəsad qarışdırıldığını" elan etdi. İqtidar bu iddialara sərt münasibət göstərdi. Bayarın açıqlamasını yayan "Yeni sabah" və "Gerçək" qəzetləri bağlandı, seçkinin nəticələrinin mətbuatda müzakirəsi qadağan edildi.

1946-cı il seçkilərinin saxtalaşdırılması fikrini bu gün Türkiyədə demək olar ki, hamı qəbul edir. Hətta 1950-1959-cu illərdə CHP-nin Baş katibi olmuş Kasım Gülek də 1991-ci ildə çəkilən "Demirkırat" belgeselinə danışarkən bunu etiraf edir, bəzi seçki qutularının çaya atılaraq, bülletenlərin dəyişdirildiyini deyirdi.

DP-nin liderləri mandat qazanmışdılar. Bayar, Köprülü və Çakmak İstanbuldan, Koraltan isə İçeldən (indiki Mersin) TBMM-nə daxil oldular. O zaman qanunlar bir neçə ildən namizəd olmağa imkan verirdi. Menderes həm doğma Aydından, həm də Kütahyadan namizəd idi, ikincisindən seçildi.

Seçkilərdən bir neçə gün sonra DP-də keçirilən toplantıda çıxış edənlərin çoxu yeni parlamenti və hökuməti tanımamağı, Məclisin işində iştirak etməməyi təklif edir, "sine-i millet" sözünü işlədirdilər. "Sine-i millet" xalqın qoynuna dönüb parlamentdənkənar bir xalq hərəkatı yaradaraq onun vasitəsilə mübarizə aparmaq demək idi. Amma Bayarın israrı nəticəsində DP parlamentə getmək qərarı verdi.

***

VIII çağırış Türkiyə Böyük Millət Məclisinin ilk iclası avqustun 5-də oldu. Atatürkün vəfatından sonra İnönü tərəfindən yenidən CHP-yə qaytarılan Kazım Karabekir parlamentin sədri seçildi. Prezident seçkilərində CHP İnönünün, DP isə Çakmakın namizədliyini irəli sürdü. Təbii ki, çoxluqda olan CHP-nin namizədi qalib gəldi. Bununla belə, ilk dəfə idi ki, Türkiyə prezidenti yekdilliklə seçilmirdi.

Hökuməti formalaşdırmaq isə Recep Pekerə həvalə edildi. İnönünün bu seçimi yetərincə gözlənilməz və son illər yürütdüyü siyasətə zidd idi. Çünki Peker sərt xətt və təkpartiyalılıq tərəfdarı kimi tanınırdı. Demokrat Partiyanın seçkilərlə bağlı təqdim etdiyi bütün şikayətlər isə parlament tərəfindən yaradılan xüsusi komissiya tərəfindən əsassız hesab edildi.

Recep Peker hökuməti ilə müxalifət arasındakı gərginlik hökumətin fəaliyyət proqramının müzakirəsindən başladı. Avqsutun 14-də Məclisə təqdim olunan proqram Pekerin avtoritar görüşlərinə uyğundu. Onun bir xeyli hissəsi "demokratiya özbaşınalıq deyil" tipində idi və qanunlara əməl etməyin vacibliyindən bəhs edirdi.

Müxalifət proqramı araşdırmaq və münasibət bildirmək üçün iki gün vaxt istədi. Amma CHP çoxluğu bununla razılaşmadı. Proqram elə həmin gün müzakirəyə çıxarıldı və qəbul edildi. Bundan sonra iqtidar-müxalifət gərginliyi artan xətlə inkişaf etdi. İlin sonunda isə bu gərginlik kulminasiyasını yaşadı.

Dekabrda növbəti ilin büdcəsinin müzakirələri keçirilirdi. Ayın 18-də DP-dan Adnan Menderes söz alaraq olduqca parlaq çıxış edir, sonda "Peker hökumətinin büdcəsi sağlıqsız büdcədir, səmimi deyildir. Bu büdcə ilə məmləkətin iqtisadiyyatı yürüməz" sözləri ilə yekunlaşdırır. Tənqidlərdən əsəbləşən Peker kürsüyə qalxaraq Menderesin dediklərini "kötümsər, psixopat, xəstə bir ruhun ifadəsi" adlandırdı.

Baş nazirin dedikləri müxalifətin kəskin etirazına səbəb oldu (bəzi iddialara görə, o zaman elə də çox işlənməyən "psikopat" sözünü "pis köpək" kimi anlamışdılar) və onlar ayağa qalxaraq Məclisi tərk etdilər. Daha sonra Baş nazirin Menderesdən üzr istəməsini tələb etdilər, əks halda parlamentin işində iştirak etməyəcəklərini bildirdilər.

Boykotun dördüncü günü məsələyə prezident İnönü müdaxilə etməli oldu. O, dekabrın 22-də Bayar və Köprülünü Çankaya köşkünə dəvət etdi, amma ilk cəhd fayda vermədi. Tərəflər bir daha dekabrın 25-də görüşdülər. Ertəsi gün isə Anadolu Ajansı İnönünün hadisə ilə bağlı mövqeyini açıqladı.

Açıqlamada kimin haqlı, kimin haqsız olması üzərində dayanmaraq, prezidentin hadisədən üzgün olduğunu bildirilirdi. "Hər iki tərəflə yaxın təmas nəticəsində qarşılıqlı sayğı və xoş niyyətin mövcudluğuna qəti əmin olduğunu bildirən Cümhurbaşqanı etiraz təzahürü ilə kifayətlənməyi və Məclisdə normal çalışmanın təmin olunmasını başqanlardan xahiş etmişdir". Yalnız bundan sonra, dekabrın 27-də DP-dan olan millət vəkilləri parlamentə qayıtdılar.

Türkiyə Cümhuriyyətinin siyasi tarixində çox önəmli il olan 1946-cı il "Psikopat olayı" adını alan həmin hadisə ilə yekunlaşdı. Bu zaman diqqət çəkən əsas məqam İsmət İnönünün ilk dəfə özünü tərəfsiz prezident kimi aparması, partiyalarüstü mövqe tutması oldu.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1orw5h

Ən çox baxılan