Türkiyədə baş verənlərin Azərbaycanda əks-sədası olacaqmı?

Hər iki ölkədə ciddi proseslər ABŞ prezident seçkilərindən sonra başlayacaq

Source:

Hər iki ölkədə ciddi proseslər ABŞ prezident seçkilərindən sonra başlayacaq

Türkiyədəki son olaylar sübuta yetirdi ki, artıq bundan sonrakı hadisələrin sükutla davam edəcəyi imkansızdır. Görünən budur ki, ölkə iki barışmaz düşərgəyə bölünüb və artıq cəmiyyəti birləşdirmək mümkün olmayacaq. Düşüncədə, dini baxışlarda, hətta iqtisadi maraqlarda da parçalanma dərinləşməkdədir. Şərti olaraq, ABŞ və Rusya tərəfdarları olan maliyyəçilər və iş adamları arasında seçim etmək lazım gələcək. Ölkə xarici siyasətdə də seçim etməyə məcbur olacaq. Lakin bu seçim də ölkəni parçalanmadan xilas etmək iqtidarında deyil. Məsələ ondadır ki, ABŞ və Rusiya Ərdoğanın hakimiyyətdən getməsindən daha çox, onu özlərinə nökər etmək istəyir. Belə ki, “nökər Ərdoğan” hamıya sərf edir.

Hazırda Rusiya və Amerika Ərdoğanı tamamilə ram etmək niyyətindədir. Çevriliş şousundan güclü çıxan Ərdoğan perspektivdə xeyli zəifləyib və növbəti mərhələdə onu ağır sınaqlar gözləyir. Rus analitikləri hesab edirlər ki, Ərdoğan NATO ilə münasibətlərini artıq tamamilə korladı və çevriliş cəhdini Vaşinqtona bağışlamayacaq. Düzdür, Ərdoğan Türkiyədə baş verən son hadisələrə görə birbaşa Vaşinqtonu ittiham edə bilmədi. Proseslərin başında “Pensinvaliyalı zat”ın durduğunu və “niyə onu biz təslim etmirsiniz” mesajını verməklə kifayətləndi. İstənilən halda, görünən budur ki, Ərdoğan Qərblə münasibətləri korlamaq üzrədir. Rusiya KİV-də ictimai rəyi belə bir fikrə yönəldir – Rusiyanın “Su-24” qırıcısı Ərdoğanın əmri ilə deyil, hərbi çevriliş tərəfdarı olan hərbçilərin təşəbbüsü ilə vurulub. Kreml Rusiyada yaşayan türkləri birləşdirmək cəhdində bulunan Fətullah Gülənlə müqayisədə Ərdoğanla əməkdaşlığa üstünlük verir. Digər tərəfdən, bir nüans çox aydın görünür: hadisələr zənciri Ərdoğanın Rusiya Federasiyası və bütün şərq bloku ilə münasibətlərinin korlanmasına yönəlmişdi. Avropa ölkələrinin parlamentləri tərəfindən qəfildən qəbul edilmiş “erməni soyqırımı” barədə qətnamələr, məqsədyönlü narazılıqlar və avropalılardakı türkofobiya və islamafobiya Ərdoğanı Rusiyaya yönəldə bilərdi. Bütün bu addımlar açıq-aşkar Ərdoğana qarşı ardıcıl təzyiq mərhələləridir. Görünın budur ki, yalnız Türkiyə deyil, bütün bölgə yeni müharibənin eşiyindədir. Lakin heç bir halda, Ərdoğan NATO-dan imtina edə bilməz. Bu imtinaya ən kiçik cəhd Ərdoğan hakimiyyətinin sonunu gətirərdi. Vaşinqton İncirlik bazasının bağlanmasını və ya Ankaranın Avroatlantik alyansdan uzaqlaşmasını Ərdoğana güzəştə gedə bilməz. Ərdoğan belə qərar versə, özü barədə “edam hökmü” imzalamış olacaq.

Maraqlıdır ki, iyulun 14-də Putinin əsas ideoloqlarından olan Duqin Ankarada görüşlər keçirirdi. Avrasiya doktrinisanın müəllifi olan Duqinin səfərində məqsəd Ankara – ABŞ münasibətlərini korlamaq cəhdindən başqa nəsnə deyildi. Hazırda Ərdoğan Rusiya – ABŞ savaşından öz mənafeyi üçün istifadə etməyə çalışır. Türkiyə prezidenti Vaşinqtona mesaj verir ki, əgər ona qarşı təzyiqlər artsa, Ankara Moskva ilə yaxınlaşa bilər. Moskva isə Ankaradan Suriya məsələsində mövqeyini dəyişdirməyi, Əsədə qarşı savaşan islamçı təşkilatlara qarşı çıxmağı tələb edir. Ərdoğan Rusiyanın bu şərtlərini qəbul edəcəksə, elektoratında ciddi parçalanma yaşanacaq. Lakin Ərdoğan tərəfindən bu şərtlər qəbul olunmazsa, ABŞ tərəfdarları və Türkiyə prezidentinə yaxınlığı ilə seçilən maliyyə qrupları arasında qarşıdurma güclənə bilər. Belə ssenari də Ərdoğan hakimiyyətinin zəifləməsinin səbəbi olacaq. Bütün bunlar fonunda İranın son hadisələrdəki təsiri diqqətdən qaçır. Son 12 ildə İran kəşfiyyatı Türkiyədə güclü iş aparıb və son olaylar zamanı Tehranın proseslərdə iştirakı faktı barədə heç kəs danışmaq istəmir.

Digər tərəfdən, İranın agentura şəbəkəsində əsas fiqurlardan sayılan Rza Zərrab da hazırda ABŞ-da yaşayır və maraqlıdır ki, Tehran ona qarşı heç bir əməliyyatda bulunmur. Ən maraqlısı odur ki, Rza Zərrab hələ “oyuna” başlamayıb. Ehtimal etmək olar ki, əgər Ərdoğan NATO- dan üzülüşmək şantajını davam edərsə, Suriya məsələsində Vaşinqtonun maraqlarına qarşı gələrsə, Rza Zərrab şok açıqlamalarını ən yüksək səviyyədə səsləndiriləcək və Ərdoğan iqtisadi və siyasi embarqo ilə üzləşməli olacaq və Türkiyə prezidenti onu dəstəkləyən kütlənin önünə hədəf kimi atılacaq. Belə ki, Ərdoğan ailəsinin çirkli pullarını yumaqla məşğul olan, Azərbaycan və İran məmurlarının da “qara kassiri” kimi tanınan Zərrab Türkiyə prezidentinin birbaşa nəzarətində olan bankların da “qara pulu”nu yumaqla məşğul olub və ailənin qanunsuz biznesi barədə konkret məlumatlara malikdir. Onun Vaşinqtonun verdikti ilə danışması ciddi proseslərə səbəb ola bilər.

Bir sözlə, Ərdoğanın manevr şansları xeyli dərəcə daralıb və görünən budur ki, bir sistem xaosu yaşanmaqdadır. Ərdoğan son çevriliş cəhdindən sonra ordunu demək olar ki, darmadağın etdi, Türkiyənin şah damarı əsaslı dərəcədə zəiflədi. Görünən budur ki, Ərdoğanın qiyam barədə məlumatı öncədən olub və odur ki, haqlı sual yaranır. Niyə qiyama rəhbərlik edənlər öncədən zərərsizləşdirilmədi? Tankların küçələrə çıxmasına niyə imkan verildi? İlk baxışdan belə görünür ki, Ərdoğan öz səlahiyyətlərini genişləndirmək və siyasi müxalifəti cilovlamaq üçün hərbi çevriliş oyunundan istifadə etmək istəyib və son anda vəziyyətin nəzarətdən çıxa biləcəyinindən ehtiyat edib. Lakin Türkiyədə artıq diktaturanın yaranması qorxusu var və ölüm hökmünün bərpası çağırışları Ankaranın Avropa qurumlarından çıxarılması ilə sonuclana bilər. Qiyamı yatıran Ərdoğan bütün rəqiblərinə “sakitləşdirici köynək” geyindirmək niyyətindədir.

Ərdoğan tərəfdarlarının arqumenti bundan ibarətdir ki, onu xalq seçib və istədiyi addımı atmağa mandat verib. Qiyam cəhdi, əlbəttə ki, pislənməlidir. Lakin “onu xalq seçib” arqumenti xeyli dərəcədə zəifdir və demokratiyanın mövcud olduğu cəmiyyətlərdə belə fikirlərdən istifadə olunmur. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, demokratiya təkcə və sadəcə, seçkilər deyil, həm də insan hüququdur, azlığın hüququdur, ədalətin diktaturası, ifadə və birləşmə azadlığıdır. Əgər azadlıqlar sıxışdırılırsa, müzakirələr və informasiyalar repressiyaya gətirib çıxarırsa, onda insanların səsverməsi hələ demokratiya və ədalət demək deyil. Demokratiya azlığın hüquqlarına hörmətlə yanaşmağı tələb edir. Türkiyədə isə Ərdoğana qarşı çıxanların və buna görə cəzalandırılanların sayı yüz minlərlə ölçülür. Ən acınacaqlısı isə odur ki, Türkiyə və Azərbaycanda geosiyasi savaşda söz sahibi olacaq bir lider yoxdur, sadəcə, icraçılar var. Odur ki, qazananlar da oyunu kənarda oynayanlar olacaq.

Türkiyədəki son hərbi çevriliş oyununda da arxa tərəfdə duranlar qazandı. Ortada milli iradə və ya dəyər deyəcək bir anlayış yoxdur. Cahilin iradəsi isə onu zombiləşdirəndə olur. Azərbaycan və Türkiyə isə zombi ilə doludur, odur ki, hansısa dəyərdən danışmaq da yersizdir. Görünən budur ki, oxşar proseslər Azərbaycanda da yaşana bilər. Əgər Rusiya və İran Azərbaycanda da başarılı olsa, böyük faciə yaşanacağı ehtimalı böyükdür. Düzdür, Azərbaycanda hərbi qiyam imkansızdır. Lakin burada qarşıdurma klanlar arasında yaşana bilər. İstənilən halda, Azərbaycana geopolitik inyeksiya tarix boyunca Türkiyə üzərindən olub. Bu baxımdan, Ərdoğan “zəhərli dost”dur. Ehtimallar onu deməyə əsas verir ki, Türkiyə və Azərbaycanda ciddi proseslər ABŞ-dakı prezident seçkilərindən – noyabrdan sonra başlayacaq. Ərdoğan ağır durumdadır. Onun xilası çətin olacaq. Azərbaycan rəhbərliyinin isə dövlət içində olan Rusiya və İrana xidmət edənlərin başını əzməyə hələ vaxtı var.

Əks halda, Bakını da Ankaranın taleyi gözləyə bilər. Türkiyə siyasi sistemi ABŞ tərəfindən dizayn edilib. Əgər Ərdoğan daxili və xarici siyasətdə köklü dəyişiklik etməyə cəhd göstərsə, yeni hərbi çevriliş və ya sui-qəsd qaçılmaz olacaq. Bu gün Ərdoğanın ətrafı eyforiya yaşayır. Lakin bölgədə İŞİD, Suriya, İran, Ukrayna kimi həll olunmamış problemlər mövcuddur. Son hadisələr Ərdoğan üçün reytinq oldu. Amma ölkə ictimai rəyi 50-50-yə bölünüb və eyforiya ilə uzun müddət yaşamaq mümkün olmayacaq. Prosesin taleyi ölkə daxilində deyil, xaricində həll ediləcək. Ərdoğan siyasi karyerasının ən ağır sınağını yaşayır. Bütün mahiyyəti ilə praqmatik siyasətçi olan və Nikkolo Makiavellini hər addımda təqlid edən Ərdoğan siyasi həyatı boyunca dinçi, liberal, sosial-demokrat kimi qiyafələrə bürünüb.

Ərdoğan ağıllı, çevik siyasətçidir. Lakin idealist deyil. İdeya daşıyıcısı deyil. Sırf siyasi maraqları nəzərə alan güclü siyasi xadimdir. Rəqiblərini əzmək onu maksimalist edib. Lakin artıq limit bitir. Ərdoğan ya özündən sonra Türkiyə cəmiyyəti üçün miras olaraq, parçalanmış ölkə, məzhəb və vətəndaş savaşı, dağıdılmış iqtisadiyyat qoyub gedəcək, ya da vaxtında siyasi hakimiyyətdən və siyasətdən getməyin önəmini anlayaraq, öz komandasından olan varisini elan edəcək…

Ana səhifəAnalitikaTürkiyədə baş verənlərin Azərbaycanda əks-sədası olacaqmı?