”Azərbaycan iqtisadiyyatı yerli investorlar üçün cazibəsini itirib”
2017-ci ilin ilk 9 ayında Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 96 şirkət yaradılıb. Bununla Azərbaycan Türkiyədə investisiya aktivliyi üzrə ilk onluğa daxil olub. (“Turan” İA)
Məlumatı Türkiyə Palata və Birjalar Birliyi yayıb.
Bildirilir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə Türkiyədə Azərbaycan kapitalı ilə yaradılan şirkətlər azalıb. 2016-cı ildə bu rəqəm 112 olmuşdu.
Bu il xarici investorların Türkiyədəki şirkətlərinin ilkin kapitalı 15,3 mln türk lirəsi olub. Bunun 95 faizini Azərbaycan investorları qoyub. Ötən il Azərbaycandan 112 şirkətin ilkin kapitalına 10 mln lirədən çox qoyulmuşdu.
Türkiyə Mərkəzi Bankının məlumatına görə, bu ilin 8 ayında Türkiyə iqtisadiyyatına investisiyaların həcmi 355 mln dollar olub. Bu səramyələrin əsas hissəsi SOCAR-ın Star NEZ-inə qoyulub. İşləri ARDNF maliyyələşdirir.
2016-cı ildə Türkiyə iqtisadiyyatına xarici investorlar tərəfindən 6 mlrd 724 milyon dollarlıq investisiya yatırılmışdı.
İnvestisiya yatıranlar içində Avropa ölkələri üstünlük təşkil edirdi. Toplam 4 mlrd 265 milyon dollarlıq yatırım olmuşdu.
Asiya ölkələrindən isə Türkiyəyə 2 mlrd. dollarlıq investisiya yatırılmışdı. Bu
siyahıda
lider 652 mln. dollarlıq investisiya qoyuluşu ilə Azərbaycan olmuşdu.
İqtisadçı Nemət Əliyev Meydan TV-yə bildirmişdi ki, buna səbəb Türkiyə iqtisadiyyatının Azərbaycanınkindən cazibəli olmasıdır. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı investisiya yatırımı baxımından xarici və yerli investorlar üçün cazibəsini itirib:
“Son illər ölkədə milli valyutanın dəyərdən düşməsi, sahibkarlara edilən basqılar, insan hüquq və azadlıqlarının ayaqlar altına alındığı, hüquq məhkəmə sisteminin olmadığı dövrdə bu məsələlər ciddiyyəti ilə özünü göstərir. Bütün bunların təsirindəndir ki, 2014-cü ilin sonlarından başlayaraq yerli investorlar pullarını Azərbaycandan çıxarırlar. Onlar illərlə qazandıqlarını bir göz qırpımında itirmək istəmirlər. Ona görə də, vəsaitlərini imkanları daxilində qonşu ölkələrə, xüsusən də Gürcüstan və Türkiyəyə yatırırlar”.