Türkiyədə 3 namizədin iştirakı ilə prezident seçkiləri keçirilir

53 milyon seçicinin səsverməsi gözlənilir

Source:



53 milyon seçicinin səsverməsi gözlənilir

Avqustun 10-da Türkiyə Cümhuriyyətində 12-ci prezidentini müəyyənləşdirmək üçün ümumxalq səsverməsi keçirilir.

APA

-nın xəbərinə görə, ölkənin şərq bölgələrində seçicilər saat 07-dən, qalan bölgələrində isə saat 08-dən səsvermə məntəqələrinə gediblər.

Seçkidə 53 milyon seçicinin səsvermə hüququ var. Seçicilərin səs verəcəkləri yeri dəqiqləşdirmələri məqsədilə 2 iyulda məhəllə muxtarlıqlarının önünə asılan siyahılar 9 iyulda yığışdırılıb.

Prezident seçkisi üçün ölkə daxilində 140 min, ölkə xaricindəki vətəndaşların səs verməsi üçün isə 54 ölkədəki 103 nümayəndəlikdə 1147 qutu qoyulub. Əcnəbi ölkələrdəki seçicilər üçün seçkinin birinci turu 31 iyul-1 avqust tarixlərində keçirilib. Səsvermədə 2  milyon seçicinin iştirak etməsi gözlənilsə də, ilk tur üçün sadəcə 248 min seçici səs verib. Bu durum həm iqtidar, həm ana müxalifət partiyasının etirazına səbəb olsa da, hər iki partiya tərəfindən Yüksək Seçki Şurasına edilən şikayətlər rədd edilib. Seçkinin birinci turda nəticələnməməsi halında Türkiyənin əcnəbi təmsilçiliklərindəki səsvermənin 17-20 avqust tarixlərində keçirilməsi nəzərdə tutulub.

21 oktyabr  2007-ci ildə keçirilən referendumda Konstitusiyaya edilən dəyişiklikdən sonra Türkiyədə ilk dəfə prezident xalq tərəfindən seçilir. Əvvəllər parlament tərəfindən 7 illiyə seçilən və vəzifə müddətini başa vuran prezident ikinci dəfə namizəd ola bilməyib. Konstitusiyada edilən dəyişiklikdən sonra prezident xalq tərəfindən 5 illik müddətə seçiləcək və ikinci 5 il üçün də namizədliyini irəli sürə biləcək. İki dəfə prezident olmuş şəxsin prezidentliyə üçüncü dəfə namizəd olmasına Konstitusiya imkan vermir.

Türkiyə Cümhuriyyəti prezidentinin ilk dəfə xalq tərəfindən seçiləcəyi seçki  marafonunda 3 namizəd iştirak edir.


RƏCƏB TAYYİB ƏRDOĞAN

İyulun 1-də Ədalət və İnkişaf Partiyası (AKP) partiyanın qurucusu və sədri, baş nazir Rəcəb Tayyib Ərdoğanı prezidentliyə namizəd göstərib.

1954-cü ildə İstanbulda anadan olan R. T. Ərdoğan siyasətə 1970-ci illərin ortalarında islami cərəyanı təmsil edən Milli Səlamət Partiyasının sıralarında başlayıb. 1989-cu ildə İstanbulun Bəyoğlu rayonunun bələdiyyə başqanlığına, 1991-ci ildə millət vəkilliyinə, 1992-ci ildə Bakırköy rayonunun bələdiyyə başqanlığına namizəd olan, ancaq seçilə bilməyən Ərdoğan, 27 mart 1994-cü ildə keçirilmiş seçkidə 25,2% səslə İstanbulun bələdiyyə başqanı seçilib. Qərb mətbuatının və siyasi dairələrinin də yaxından izlədiyi Ərdoğan, 1997-ci ilin dekabrında həyat yoldaşının doğum yeri olan Siirt vilayətindəki mitinqdə oxuduğu şeirə görə “xalqı kin və düşmənçiliyə təhrik etməkdə” günahlandırılaraq 4 ay həbs cəzasına məhkum edilib. Bələdiyyə başqanlığı bitmədən Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan Rəcəb Tayyib Ərdoğan 1999-cu ilin martında Bolqarıstan sərhədinə yaxın Kırklareli vilayətindəki Pınarhisar həbsxanasına girib və 4 ay həbsdə qalandan sonra azad edilib. İslamçı siyasi cərəyanın o vaxtkı təmsilçisi olan Fəzilət Partiyasının 16 may 2000-ci ildə keçirilən qurultayında sədrliyə namizəd olan Abdulla Gülün seçilə biıməməsindən sonra   cərəyanın “yenilikçilər” cinahında olanlar partiyadan ayrılaraq Tayyib Ərdoğanın liderliyində yeni siyasi hərəkatın qurulmasına başlayıblar. 15 avqust 2001-ci ildə Ərdoğanın lideriliyində  qurulan Ədalət və İnkişaf  Partiyası qısa müddətdə Türkiyə Böyük Millət Məclisində öz qrupunu yaradıb; belə ki, Fəzilət Partiyasında olan 50-dən artıq millət vəkili AKP-nin sıralarına qatılıb. Ölkədəki siyasi partiyaların fəaliyyətinə nəzarət edən Ali Məhkəmənin Baş Prokurorluğu Ərdoğanın siyasi cəhətdən yasaqlı olduğunu dəfələrlə bəyan etsə də, Ərdoğan buna məhəl qoymayaraq çalışmalarına davam edib. 3 noyabr 2002-ci ildə keçirilən parlament seçkisində yasaqlı olduğuna görə iştirak edə bilməsə də, Ərdoğanın lideri olduğu AKP 34,2% səslə seçkidən birinci yerdə çıxıb və Məclisdə 363 mandat qazanıb. 18 noyabrda Abdulla Gül AKP-nin təkbaşına hökumətini qurub. Ərdoğanın  seçkidə iştirak edə bilməməsi dünyada mənfi reaksiya yaradıb. Müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının təklifi ilə qanunda dəyişiklik edilib və Ərdoğanın siyasət yasağı qalxıb. Yüksək Seçki Şurasının Siirt vilayətindəki seçkinin nəticəsini ləğv etməsindən sonra 9 mart 2003-cü ildə keçirilən seçkidə Ərdoğan millət vəkili seçilib. 11 martda Abdulla Gülün baş nazir vəzifəsindən istefa verməsindən sonra prezident Əhməd Necdət Sezər 59-cu hökuməti  qurma vəzifəsini Rəcəp Tayyip Ərdoğana tapşırıb. 4,5 il hökumətdə olan AKP 22 iyul 2007-ci ildə keçirilmiş növbəti seçkidə 47% səs alaraq iqtidarını gücləndirib, Ərdoğan 60-cı hökuməti qurub. 12 iyun 2011-ci ildə keçirilmiş seçkidə isə Ərdoğanın lideri olduğu AKP 49,8% səs alaraq təkbaşına iqtidarını davam etdirib. Ərdoğanın lideri olduğu AKP, 2004, 2009 və 30 mart 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində də qalib gəlib.

10 avqustdakı seçki ərəfəsində təbliğatını “Ərdoğana səs ver – Türkiyənin gücünə güc qat”, “Böyük millət, böyük güc; hədəf 2023, 2053, 2071” kimi şüarlar altında geniş media dəstəyi ilə aparan Ərdoğan, prezident seçiləcəyi təqdirdə Konstitusiyanın verdiyi bütün səlahiyyətlərdən istifadə edərək aktiv dövlət başçısı olacağını və yaxın gələcəkdə ölkədə prezident üsuli-idarəsi yaradacağını bəyan edib. Ərdoğan seçildiyi təqdirdə lideri olduğu partiya ilə əlaqələrini kəsməyəcəyini də bildirib.


ƏKMƏLƏDDİN İHSANOĞLU

Türkiyə Cümhuriyyətinin Xİİ prezidentliyinə namizəd olan professor Əkmələddin İhsanoğlunun atası 1924-cü ildə müdərrislik etmək üçün Türkiyənin Yozgat vilayətindən Misirin paytaxtı Qahirəyə köçüb. 1943-cü ildə Qahirədə anadan olan E. İhsanoğlu təhsilini orada alıb. 18 yaşında atasını itirəndən sonra Misir vətəndaşı ola bilmədiklərinə görə, sosial müavinət ala bilməyiblər və gənc yaşda işləməyə başlayıb. 1974-cü ildə Ankara Universitetində kimya doktoru ünvanı alan İhsanoğlu daha sonra elm tarixiylə məşğul olub. Televiziya çıxışlarının birində dediyi “Məhəmməd Füzuli Divanının Qahirədə qızıl hərflərlə yazılmış əlyazmasını görmək həyatımın ən xoşbəxt anlarından biriydi” – sözləriylə professor İhsanoğlu elm və ədəbiyyat aləmini həyəcanlandırıb. 1980-90-cı illərdə Türkiyənin müxtəlif universitetlərində dərs deyən professor İhsanoğlu İstanbulda İslam mədəniyyət və elm mərkəzini yaradıb. 5 iyun 2004-cü ildə İslam Konfransı Təşkilatının baş katibi seçilən professor Əkmələddin İhsanoğlu o vəzifəyə seçilən ilk türk olub. Baş katib olduğu dönəmdə İKT-də bir çox islahatlara imzasını atan professor İhsanoğlu, Orta Şərqdəki sünni-şiə qarşıdurmasının əngəllənməsi, İsrail-Fələstin münaqişəsinin həlli, Qəzzaya yardım məsələlərində də önəmli rol oynayıb. 2010-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsində İKT-nin o vaxtkı baş katibi İhsanoğlunun payı var. 16 iyun 2014-cü ildə müxalifətdəki Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyalarının “çatı namizədi” kimi ictimaiyyətə təqdim edilən professor Əkmələddin İhsanoğlu seçki təbliğatının startının verildiyi 10 iyuldan sonra xalqla üzbəüz dialoq yolunu məqsədəuyğun sayaraq, təbliğata başlayıb. Türkiyənin parlamentar rejimlə idarə edilməsinə tərəfdar olduğunu vurğulayan İhsanoğlu, seçlidiyi təqdirdə “Konstitusiyaya uyğun olaraq, dövlət qurumlarının ahəngdar işləməsi üçün koordinator olacağını və xarici siyasətdə Türkiyənin azalan etibarını bərpa etməyə çalışacağını” bildirib. Professor İhsanoğlu Orta Şərqdəki mürəkkəb şəraitdə Türkiyənin daxilində qütbləşməyə və gərginliyə deyil, birliyə və sabitliyə ehtiyac  olduğunu bəyan edərək “Birliyi, diriliyi, qardaşlığı, sevgini əkmək üçün Əkmələddin” şüarını təbliğat dönəminin dominant söyləmi halına gətirib. Prezidentliyə namizəd İhsanoğluna irili-xırdalı 10-dan çox partiya dəstək verib.


SƏLAHƏDDİN DƏMİRTAŞ

Türkiyə Cümhuriyyətinin Xİİ prezidentliyinə namizəd olan Səlahəddin Dəmirtaş 1973-cü ildə Elazığ vilayətində anadan olub. Ankara Universitetinin hüquq fakültəsini bitirəndən sonra vəkil işləyən və 8 il insan haqları təşkilatlarıyla əməkdaşlıq edən Dəmirtaş, 2007-ci ildə Diyarbakır millət vəkili seçilib. Kürd təmayüllü siyasətin önəmli aktyorlarından biri halına gələn Dəmirtaş əvvəlcə Barış və Demokrasi Partiyasının (BDP), o partiyanın özünü ləğv etməsindən sonra isə 22 iyun 2014-də Halkların Demokrasi Partiyasının (HDP) həmsədri seçilib. 2011-ci ildə Hakkari vilayətindən millət vəkili seçilən Dəmirtaş, xüsusilə son illərdə partiyasının parlament qrupunun toplantılarındakı çıxışlarında sadəcə təmsil etdiyi bölgənin və etnik qrupun deyil, Türkiyənin problemlərini gündəmə gətirən siyasətçi kimi tanınıb. İyun ayında prezidentliyə namizədliyini açıqlayan Səlahəddin Dəmirtaş, təbliğat dönəmini “xalqların qardaşlığı, əzilənlərin haqları, iş, çörək, əmək” – kimi şüarlar üzərində quraraq  sakit, sülhsevər üslubuyla diqqəti cəlb edib. İctimai rəy sorğuları bu şüar və üslubun Səlahəddin Dəmirtaşa fərqli təbəqələrdən də səs qazandıracağını göstərib. İkinci tura keçə bilməməsi halında ona dəstək verənlərin prezidentliyə digər namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyinə dair iddiaları rədd edən Dəmirtaş təbliğat dönəminin ilk günlərindən ikinci tura qala bilməməsi halında ona səs verənlərin Ərdoğanı dəstəkləməyəcəklərini vurğulayıb. İstər Əkmələddin İhsanoğlu, istərsə də Səlahəddin Dəmirtaşın dəfələrlə müraciət  etmələrinə baxmayaraq, Rəcəp Tayyip Ərdoğan prezidentliyə namizədlərin televiziya ekranında debat keçirməsi təkliflərinə müsbət cavab verməyib.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı uzun müddətdən sonra Türkiyədəki bir seçkinin monitorinqini keçirməyi qərarlaşdırıb. Təbliğat dönəminin başlamasından sonra 6 özəl TV kanalını 24 saat izləməyə başlayan ATƏT müşahidə missiyası, xüsusilə TRT kanalında namizədlərə bərabər dərəcədə vaxt verilməsi prinsipinin kəskin şəkildə Rəcəb Tayyib Ərdoğanın xeyrinə pozulduğunu bildirib. Müşahidə missiyası, seçkiyə bir neçə gün qala açıqladığı ilk raportunda da seçki qanunundakı çatışmazlıqlara və təbliğat dönəmində beynəlxalq standartlara cavab verməyən nöqtələrə toxunub.

Səsvermə ölkənin Şərq bölgələrində saat 16-da, qalan bölgələrdə isə 17-də başa çatacaq. İlk nəticələrin saat 20-də açıqlanması gözlənilir.

Prezidentin ilk turda seçilməməsi durumunda ilk turda ən çox səs almış 2 namizəd 24 avqustda keçiriləcək ikinci turda yarışacaq.

Ana səhifəXəbərlərTürkiyədə 3 namizədin iştirakı ilə prezident seçkiləri keçirilir