Türkiyədə zəlzələ qurbanlarının sayı hər saat artır (Yenilənir)

Hatay. Foto, Reuters

Ərdoğan son rəqəmi açıqlayıb: “Zəlzələdən ölənlərin sayı 8574 nəfərdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahraman Maraşdakı çadır şəhərciyini ziyarət edib.

Bu zaman yeni itkilərlə bağlı rəqəm açıqlayıb.

Bildirib ki, zəlzələdən həyatını itirənlərin son sayı 8574 nəfərdir.

Onun sözlərinə görə, yaralı sayı isə 49 min 133-dür.

Ərdoğan bildirib ki, çadırda qalmaq istəməyən vətəndaşları Antalya, Alanya və Mersindəki otellərə yerləşdirə bilərlər, onların bütün xərcləri qarşılanacaq.

Eyni zamanda, deyib ki, zərər görmüş hər ailəyə ilkin mərhələdə 10 min lirə veriləcək.

Foto: screenshot


Türkiyədə ölənlərin sayı 7 min nəfəri ötüb

Zəlzələ nəticəsində ölənlərin sayı 7 min 108 nəfərə qalxıb.

40 min 910 nəfər isə yaralıdır.

Hələ də dağıntılar altında xilas olmağı gözləyən insanlar var.

Fəlakət və Fövqəladə Vəziyyətlərin İdarə Olunması İdarəsi (AFAD) açıqlayıb ki, hazırda onların iş başında olan xilasedicilərinin sayı 96 mini keçib.

Suriyada isə ölü sayı 2 min 470 nəfərdir.

Suriya. Foto: Reuters


Suriyada 2 min nəfərdən artıq insanın öldüyü bildirilir

Türkiyənin cənub şərqində fevralın 6-da baş vermiş 7,7 bal gücündə zəlzələdən ölənlərin sayı 6 min 234-ə çatıb.

Yaralı sayı isə 37 min 11-ə yüksəlib.

Dağılan binaların sayının 5 min 775 olduğu açıqlanıb.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə hal elan edilib.

Fevralın 6-da günorta saatlarında Elbistanda 7,6 bal gücündə ikinci zəlzələ də qeydə alınıb.

Nəticədə minlərlə insan dağılmış binalarda dağıntılar altında qalıb.

Türkiyə 4-cü səviyyəli xəbərdarlıq elan edib və beynəlxalq yardım istəyib.

AKP sədri və prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsini ziyarət edərək Adıyamana gedəcəyini bildirib.

Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Kamal Kılıçdaroğlu Osmaniye, Kahramanmaraş və Adıyamana gedəcək.

Ədliyyə naziri Bəkir Bozdağ 10 vilayətdə məhkəmə proseslərini 15 gün uzadacaqlarını bildirib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Bu ölkədə isə azı 2 min nəfərin öldüyü açıqlanıb. Dağıntılar altında qalanlar var.

Bu ölkədə də onlarla şəhər ziyan görüb. Bir neçə il öncəyədək ağır döyüşlərin getdiyi Hələbdə vəziyyət xüsusilə ağırdır.

UNESCO-nun Dünya İrsi siyahısında olan Hələb qalasına da ziyan dəyib.

Dünya Səhiyyə Təşkilatının (DST) rəsmiləri ölü sayının 20 minə çata biləcəyi haqda xəbərdarlıq edib.

DST-nin hesablamasının görə, təbii fəlakət zonasında 23 milyona yaxın əhali yaşayır və bu fəlakət onların hamısına təsir edəcək.

Ana səhifəDünyaTürkiyədə zəlzələ qurbanlarının sayı hər saat artır (Yenilənir)