Türkiyə və Ermənistan rəsmi şəxslər üçün viza prosedurlarını asanlaşdıracaq

Foto: “mfa.am”

Tərəflər heç bir ilkin şərt olmadan nizamlanma prosesinin davam etdirilməsinin vacibliyini qeyd ediblər

İyulun 30-da Ermənistan-Türkiyə nümayəndə heyətlərinin görüşündə bəzi məsələlər razılaşdırılıb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin bərpası imkanlarını nəzərdən keçirəcəklər.

“Bundan əlavə, biz Ahurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin işə salınmasına imkan verəcək texniki ehtiyacların qiymətləndirilməsi, habelə diplomatik/xidməti pasportlara malik olan şəxslər üçün viza prosedurlarının qarşılıqlı asanlaşdırılması barədə razılığa gəldik”, – deyə məlumatda bildirilir.

Tərəflər heç bir ilkin şərt olmadan nizamlanma prosesinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Marqara-Alican keçid məntəqəsində baş tutan görüşdə Ermənistanı Milli Assambleyasının sədr müavini Ruben Rubinyan, Türkiyəni isə Normallaşma Prosesi üzrə xüsusi nümayəndə, səfir Serdar Kılıç təmsil edib.

Bu, xüsusi nümayəndələrin beşinci görüşü idi.

Bundan əvvəlki görüş iyulun 1-də Avstriyada baş tutmuşdu. 2021-ci ilin dekabrında Yerevan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər.

2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə malların birbaşa hava daşımalarının həyata keçirilməsi və nəqliyyat vasitələrinin işə salınması barədə razılıq əldə olunub. Bunun üçün zəruri proseslər aparılıb, lakin məsələ hələ də həllini tapmayıb.

Həmçinin 2023-cü ilin yanvarında Ankara Yerevana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.

Ana səhifəDünyaTürkiyə və Ermənistan rəsmi şəxslər üçün viza prosedurlarını asanlaşdıracaq