“Türkiyə və Azərbaycan arasında heç bir problemdən söhbət gedə bilməz”

Ərdoğan regional və beynəlxlaq məsələlərdə Azərbaycanın yanında olduqlarını vurğuladı

Source:


Ərdoğan regional və beynəlxlaq məsələlərdə Azərbaycanın yanında olduqlarını vurğuladı

Türkiyə- Azərbaycan yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasının nəticələri uğurlu olub. Bu barədə Türkiyə və Azərbaycan prezidentləri iclas bitdikdən sonra birgə mətbuat konfransında məlumat veriblər.

“Bu iclasda biz nazirlərin ikitərəfli fəaliyyətini,  sonra isə Azərbaycan-Türkiyə münasibətlərini qiymətləndirdik. Biz bölgənin problemlərini, qarşıdakı addımları müzakirə etdik” , – Türkiyə prezidenti Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında heç bir problemdən söhbət  gedə bilməz. Ticarət dövriyyəsi 5 milyard dollara çatıb, lakin  2023-cü ildə bunu 15 milyarda çatdırmaq lazımdır”, – Ərdoğan bildirib.

Regional və beynəlxalq məsələlər çərçivəsində milli təhlükəsizlik məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

“Mən bir daha xatırlatmaq istəyirəm ki, biz bundan sonra da münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün Azərbaycanı dəstəkləməyə davam edəcəyik”, – Ərdoğan vurğulayıb.

Sonra o, enerji layihələrinin, ilk növbədə, TANAP qaz kəmərinin  reallaşmasının vacibliyini qeyd edib: “Bu, Türkiyə və Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirəcək. 2015-ci ilin sonlarında Bakı-Tbilisi-Qars dəmir yolu hazır olacaq ki, bu da eyni zamanda Pekin-İstanbul xəttinin açılması deməkdir. Qərbi Avropadan çıxan qatar Xəzər dənizi sahillərinə yetişəcək, oradan isə Aktau və Türkmənbaşı limanı ilə Pekinə gedəcək. Bu il Türkiyə “G-20”-ni qəbul edəcək və bizim dəvətimizlə Azərbaycan bu iclasda iştirak edəcək”.

“Nəhayət, aprelin 24-də biz İlham Əliyevlə birlikdə Çanaqqala döyüşünün 100 illiyini qeyd edəcəyik”, – Ərdoğan bildirib.

İlham Əliyev isə G-20-yə və Çanaqqala döyüşünün ildonümünə dəvətə görə öz  təşəkkürünü bildirib, bunu Bakı və Ankaranın yaxınlığının göstəricisi adlandırıb.

Sonra o, müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsini, Azərbaycanda birgə hərbi məhsulların istehsalı barədə razılaşmanı qeyd edib.

“Bizim müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə böyük planlarımız var”, – İ.Əliyev vurğulayıb.

Sonra o, Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanı dəstəklədiyinə görə Türkiyəyə təşəkkurünü bildirib.“Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaqdan ötrü biz daha da güclü olmalıyıq”, – o qeyd edib.

İqtisadi inkişafdan danışan İ.Əliyev deyib ki, 2020-ci ilədək Türkiyəyə Azərbaycan investisiyalarının həcmi 20 mırd. dollara çatacaq.

Cənub Qaz Dəhlizinin reallaşması Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə enerji sektorunda əməkdaşlığı çoxtərəfli edəcək.

Bu mənada TANAP Cənub Qaz Dəhlizinin əsası sayılır, “Şahdəniz” yatağının mənimsənilməsi isə bu gün Avropada ən iri infrastruktur layihədir.

Bu layihələrə ümumilikdə 45 milyard dollar sərmayə qoyulacaq.

Ana səhifəXəbərlər“Türkiyə və Azərbaycan arasında heç bir problemdən söhbət gedə bilməz”