Türkiyə sərhədləri açdıqdan sonra bir uşaq Yunanıstan sularında batıb

Yunanıstan və Türkiyə polisi həftəsonu iki ölkə arasında olan əraziyə toplaşmış izdihama gözyaşardıcı qazla müdaxilə edib.

Source: Foto: google.ru

Daha bir nəfərin Yunanıstana keçərkən xəsarət alıb, sonra öldüyü bildirilir

Bazar ertəsi Yunanistanın Lesbos adasında bir qayıq batıb və bir uşağın ölümünə səbəb olub. Yunan rəsmiləri bunun Türkiyənin keçən həftə miqrantların Avropaya getməsi üçün sərhəddini açmasından sonra ilk ölüm hadisəsi olduğunu bildirib.

Türkiyənin iki təhlükəsizlik mənbəyi “Reuters” agentliyinə bildirib ki, bir suriyalı qaçqın da bazar ertəsi günü Yunanıstan təhlükəsizlik qüvvələri Türkiyədən Yunanıstana keçməyə çalışan miqrantların qarşısını almaq üçün müdaxilə edərkən xəsarət alıb və ölüb. Afina bu xəbərin yalan olduğunu bildirib.

Əsasən Suriya və Əfqanıstandan olan 10 mindən çox miqrant Ankaranın ötən cümə axşamı onları öz ərazisində saxlamayacağını bildirdikdən sonra Türkiyənin Avropa Birliyi ölkələri olan Yunanıstan və Bolqarıstanla quru sərhədinə gəlib.

Yunanıstan və Türkiyə polisi həftəsonu iki ölkə arasında olan əraziyə toplaşmış izdihama gözyaşardıcı qazla müdaxilə edib.

Yunan sahil təhlükəsizlik işçisi deyib ki, Lesbosda batmış gəmi bir Türkiyə gəmisi tərəfindən müşayiət edilib. Hadisə zamanı 46 nəfərin xilas edildiyi və xəstəxanaya yerləşdirildiyi bildirilir. Onlardan birini həyata qaytarmaq mümkün olmayıb.

30-a yaxın əfqan olan digər bir plastik qayıq bu səhər Lesbosa yaxınlaşıb, – “Reuters”-in jurnalisti adadan xəbər verib. Digər 32 nəfər Türkiyəyə yaxın kiçik bir adada, Farmakonissi sahillərində xilas edilib.

“Bu, bir işğaldır”,-İnkişaf naziri Adonis Georgiadis bazar ertəsi Skai TV-yə bildirib.

Son miqrant faciəsi Türkiyənin Avropa Birliyi ilə 2016-cı ildə imzaladığı sazişin icrasını dayandırmaq qərarından sonra baş verib. Ankara milyardlarla avro yardım qarşılığında miqrantların Avropa Birliyinə girməsinin qarşısını almağa söz vermişdi.

Ana səhifəDünyaTürkiyə sərhədləri açdıqdan sonra bir uşaq Yunanıstan sularında batıb