Cəmil Həsənli: “Türkiyə səfirliyi özünü Prezident Administarsiyasının bir bölməsi kimi aparır”
Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirdiyi tədbirə Müsavat Partiyası və Milli Şuranın rəhbərliyini, həmçinin müstəqil, müxalifyönlü siyasi şərhçiləri dəvət etməyib.
Tədbir oktyabrın 29-da Heydər Əliyev Mərkəzində keçirilib.
“İki ildir ki, dəvət etmirlər…”
Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə deyib ki, Türkiyə səfirliyindən onlara dəvət gəlməyib.
Onun sözlərinə görə, səfirlik artıq ikinci ildir ki, onları tədbirlərinə dəvət etmir.
Milli Şuranın sədri Cəmil Həsənli də son 2 ildə səfirliyin tədbirlərinə dəvət almadıqlarını deyib.
“Onlar yalnız hakimiyyətlə işləyirlər”
Cəmil Həsənli deyir ki, bu vəziyyət Türkiyə səfirliyinin özünü Azərbaycan hakimiyyətinin idarəçilik qaydalarına uyğunlaşdırması ilə bağlıdır. Lakin o, müxalifət partiyaları və qurumlarının təmsilçilərinin səfirliyin tədbirlərinə dəvət edilməməsi təlimatının səfirliyə Ankaradan da gələ biləcəyini istisna etmir:
“Bir qayda olaraq Azərbaycan hakimiyyəti Bakıdakı xarici səfirliklərə bu istiqamətdə təzyiqlər göstərir. Amma bütün hallarda Qərb ölkələrinin Azərbaycandakı diplomatik korpusları protokolda müxalifətə yer ayırırlar. Çox təəssüf ki, son illər Türkiyənin Azərbaycandakı səfirliyi nəinki Azərbaycan Prezident Administarsiyasının bir şöbəsi, hətta bir bölməsi kimi özünü aparır, hakimiyyətin çızdığı dairədən kənara çıxa bilmir. Onlar yalnız hakimiyyətlə işləyirlər”.
“Siz son illərdə Türkiyə səfirini və ya səfirlik işçilərini xalq arasında, hansısa kütləvi tədbirlərdə görmüsünüzmü? Hətta fevral ayında Türkiyədə böyük faciə baş verəndə onlar səfirliyin qapılarını başsağılığı verməyə gələn sadə adamların üzünə bağladılar. Şəhidlər Xiyabanında türk əsgərinə abidə kompleksi açılandan bəri biz hər il sentyabrın 15-də o mübarək abidəni ziyarət edirik. Əvvəllər səfir və səfirliyin işçiləri ziyarətlər zamanı orada olurdular. Amma son illər biz bunu da görmürük. Bu il sentyabrın 15-də orada bizim izdihamlı ziyarət mərasimimiz oldu. Hakimiyyət türk əsgərinin abidəsi önündə rüsavayçı təxribata belə əl atdı. Axı bu, Türkiyəyə, türk əsgərinin Azərbaycanda uyuyan ruhuna hörmətsizlik idi”, – Cəmil Həsənli qeyd edib.
Müxalifət səbəb kimi hakimiyyətin təzyiqini görür…
Milli Şuranın sədri durumun illər öncə fərqli olduğunu deyir:
“Ötən əsrin 90-cı illərindən başlayaraq Türkiyənin bütün tədbirlərində iştirak etmişik. Bakıya səfər edən Türkiyənin dövlət xadimləri müxalifət rəhbərləri ilə görüşüblər. Türkiyədə onları qəbul ediblər. Vaxtı ilə mənim Türkiyənin dövlət rəhbərləri Məsud Yılmaz, Süleyman Dəmirəl, Alp Arslan Türkeş, Nəcməddin Ərbakan, Erdal İnönü, Murad Qarayalçın, Abdulla Gül, Rəcəb Tayyip Ərdoğan, Baxçalı və ayrı-ayrı nazirlərlə, Böyük Millət Məclisinin sədrləri və millət vəkilləri ilə çoxsaylı görüşlərim olub”.
“Əlbəttə, kimi tədbirlərə dəvət edib-etməmək Türkiyə səfirliyinin öz işidir. Ancaq uzun illər boyu Azərbaycanda türklük ideyasını və düşüncəsini müxalifət və Azərbaycan xalqı qoruyub saxlayıb, Azərbaycan ziyalıları türklük ideyasını yaşadıb“, – Həsənli əlavə edib.
O bildirib ki, 2009-cu ilin oktyabrında İlham Əliyev Şəhidlər Xiyabanındakı türk əsgərinin abidəsindən türk bayraqlarını çıxaranda Azərbaycan müxalifəti – Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları həmin bayrağın yerinə qaytarılması üçün bütün fədakarlıqları edib:
“Elə həmin vaxtlar Azərbaycan parlamentində Administrasiyanın göstərişi ilə Türkiyəyə qarşı kampaniyaya başlayanda Baş nazir kimi Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə çıxışını pozmaq istəyəndə bunların qarşısını bizlər almışıq. O vaxtkı Türkiyə səfirləri və səfirlik işçiləri bunları yaxşı bilirlər. Axı ən böhranlı zamanlarda belə Türkiyənin yanında olan Xalq Cəbhəsinin lideri Əli Kərimlini, Müsavat başqanı Arif Hacılını, uzun müddət Müsavat başqanı olmuş İsa Qəmbəri, Türkiyə, türklük sevdasına görə karyerasını qurban vermiş Gültəkin Hacıbəylini Cümhuriyyət bayramına necə dəvət etməmək olar? Bunların hamısı səfirliyin Azərbaycanın korrupsioner, avtoritar rejiminin nəzarətinə keçməsi ilə bağlıdır”.
Cəmil Həsənli səfirliyin bu münasibətinin səbəbi kimi yalnız Azərbaycan hakimiyyətinin siyasətini görür, başqa izah verə bilmədiyini deyir:
“Əgər söhbət məndən gedirsə, mən Azərbaycanda Türk Tarix Qurumunun 2 fəaliyyətdə olan üzvündən biriyəm. Elə Türkiyə səfirliyinin təqdimatı ilə o vaxt “Türklüyə hizmət” ödülü almışam. Türkiyə tarixinin ən həssas dövrləri ilə bağlı əsərlərim İstanbul, Ankara, Moskva, Harvard, London, Nyu York, Yuta Universiteti Nəşriyyatı və digər nüfuzlu xarici nəşriyyatlarda nəşr edilib. Türkiyə universitetlərində bizim müəlliflər heyəti tərəfindən yazılmış dərs vəsaitindən tədris prosesində istifadə edilir, bir çox əsərlərimiz təhsil prosesində oxu materialı kimi tövsiyə edilir. Uydurma erməni soyqrımının 100 illiyi dövründə biz Moskvadakı dostlarımızla bu soyqırımı inkar edən bir neçə əsəri rus dilinə tərcümə edib Rusiyanın “РОССПЭН” kimi ən nüfuzlu nəşriyyatında çap etdirdik. Məsələn, Günter Levinin “Osmanlı İmperiyasında erməni məsələsi: uydurmalar və reallıqlar” (Гюнтера Леви “Армянский вопрос в Османской империи: мифы и реальность”. Москва: РОССПЭН, 2016)”.
“Ed Eriksonun, Justin Makkartinin kitablarını rus dilində nəşr etməklə əsl həqiqətin ortaya çıxması üçün əlimizdən gələn, hətta bəzi hallarda gəlməyən şeyləri edə bildik. Biz uydurma erməni soyqrımın 100 illiyi ərəfəsində ölkə başçısı Abdulla Güllə görüşüb önləyici starategiyanın müxtəlif istiqamətlərini müzakirə etdik. Rusiyanın Hərbi-Tarix və digər arxivlərindən öz vəsaitim hesabına 1915-1916-cı illər hadisələri ilə bağlı topladığım 850 səhifədən çox qiymətli sənədləri heç bir təmənna düşünmədən Bakıdakı səfirlik vasitəsi Türkiyə Xarici İşlər Nazirliyinə göndərdik ki, ermənilərin qarşıdakı hücumlarına hazırlıqlı olsunlar”, – o qeyd edib.
Həsənli Türkiyə səfirliyinin indiki duruma düşməsini utancverici hadisə sayır: “İndi Türkiyənin əleyhinə danışanlar, Türkiyənin əleyhinə zaman-zaman kampaniyalarda iştirak edənlər, türklüyü inkar edənlər səfrirliyin keçirdiyi Cümhuriyyət bayramına dəvət edilir, amma Cəmil Həsənli yox. Sadəcə, Azərbaycanda Türkiyə səfirliyinin indiki duruma düşməsi, Azərbaycan hakimiyyətinin əlavəsinə çevrilməsi utancvericidir. Bir anlığa fikirləşin: uzun illər boyu Azərbaycan müxalifətini öz tədbirlərinə dəvət etməyən İran səfirliyi ilə Türkiyə səfirliyi arasında nə fərq var ki? Bununla belə mənim Türkiyə dövlətinə və xalqına münasibətim dəyişməzdir”.
“Türk düşmənlərini başa keçirirlər, məni dəvət etmirlər”
Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəyli də Cümhuriyyət tədbirinə dəvət almadığını deyib.
O bildirib ki, son dəfə yalnız 2010-2012-ci illərdə Türkiyə səfirliyinin rəsmi tədbirlərinə dəvət alıb:
“Bir dəfə 2010-cu ildə çağırdılar. Həmin vaxt səfirlə münasibətlərim çox yaxşı idi. Mənə zəng vurub soruşdu ki, nə baş verir? Dedi ki, deputatlar bir-bir telefon edib: “Gültəkin xanım gələcəkmi? Dəvət etmisinizmi?”, – deyə soruşurlar. Sonra bir neçə deputat səfirə deyibmiş ki, Ramiz Mehdiyevin birbaşa tapşırığıdır, Gültəkin Hacıbəyli ilə salamlaşan adam cəzalanacaq. Türkiyə səfirliyini də məndən uzaq durmaqla bağlı xəbərdar etdilər. Ondan sonra bir dəfə də, yanılmıramsa, 2012-ci ildə çağırdılar, ancaq hökumətin “sarı mətbuat”ı həmin tədbirdə iştirakımla bağlı elə iyrənc şeylər uydurub yazdı. Bundan sonra qorxularından bir daha dəvət etmədilər. Yəni mənimlə bağlı Türkiyə səfirliyinə Prezident Administrasiyasından təlimat verildiyini, hətta Ramiz Mehdiyevin bu təlimatı YAP təşkilat sədri olan hansı deputat vasitəsilə çatdırdığını da bilirəm”.
“Gerçəklik budur ki, Türkiyəyə nifrət edənləri, türk düşmənlərini başa keçirirlər, məni dəvət etmirlər. Canları sağ olsun. Türkiyə mənim ikinci vətənimdir. Onlara görə vətənimdən inciyəsi deyiləm”, – deyə Hacıbəyli vurğulayıb.
“Səfirlik bu məsələdə rəsmi Bakının mövqeyini nəzərə alır”
Siyasi şərhçi Şahin Cəfərli məsələyə Türkiyədəki mövcud hakimiyyətin daxili və xarici siyasəti kontekstində yanaşıb.
O bildirib ki, indiki Türkiyə hakimiyyəti son 20 ildə dövlət qurumlarını özününküləşdirib:
“Əvvəllər Türkiyədə dövlət-hökumət ayrılığı vardı: dövlət aparatı və seçkilər vasitəsilə dəyişən hakimiyyətlər. Amma Prezident Ərdoğanın uzunmüddətli hakimiyyəti zamanı dövlət-hökumət fərqləri tədricən azalmağa başladı, nəticədə bu anlayışlar çulğalaşdı. Təxminən Azərbaycanda olduğu kimi Türkiyədə də dövlət-hökumət ayrılığından danışa bilmərik. Düzdür, tam Azərbaycan standartlarında deyil, amma dövlət xeyli partiyalaşıb. Hakim Ədalət və İnkişaf Partiyası dövlət aparatına hakim olub. O cümlədən də məhkəmə hakimiyyətinə də hökm edir“.
Şahin Cəfərlinin sözlərinə görə, dövlət-hökumət fərqinin olduğu zamanlarda səfir vəzifələrinə yalnız diplomatlar təyin olunurdu:
“Diplomat olmayan şəxs, yaxud təqaüddə olan şəxs səfir təyinatı ala bilməzdi. Türkiyənin hazırkı səfiri isə Ədalət və İnkişaf Partiyasının keçmiş millət vəkilidir, diplomat deyil. Eləcə də Türkiyənin beynəlxalq təşkilatlardakı nümayəndələrinə nəzər salsaq, vaxtilə hakim partiyadan olanlar vəzifələrindən ayrıldıqdan sonra səfir təyin edilirlər. Bu baxımdan Türkiyənin Azərbaycandakı səfirliyi də mahiyyət etibarı ilə daha çox Ədalət və İnkişaf Partiyasının nümayəndəliyi qismində fəaliyyət göstərir”.
O hesab edir ki, hazırkı səfir partiya maraqlarını və mövcud Ərdoğan hakimiyyətinin Azərbaycanla münasibətini rəhbər tutur:
“Bu siyasət də ondan ibarətdir ki, Türkiyə hakimiyyəti yalnız Azərbaycan hakimiyyəti ilə təmasda olur. Halbuki əvvəlki illərdə Azərbaycana səfər edən Türkiyə Baş nazirləri müxalifətlə də görüşürdülər, yaxud müstəqil vətəndaş cəmiyyətinin də səfirliklə yaxşı əlaqələri vardı. Son illər bunlar aradan qalxıb, Türkiyə səfirliyi yalnız hakimiyyətlə və hakimiyyətyönümlü QHT-lərlə əlaqə qurur. Bəlkə, xəbərimiz yoxdur, hansısa müxalifyönlü şəxslərlə əlaqələri var. Hazırda görünən odur ki, hakimiyyət və ona yaxın çevrələrlə əlaqəylə kifayətlənirlər. Yəni səfirlik bu məsələdə rəsmi Bakının mövqeyini tamamilə nəzərə alaraq ona uyğun siyasət yeridir, qərarlar qəbul edir”.
Siyasi şərhçi özünün də əvvəllər Türkiyə səfirliyi ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulayıb.
O bildirib ki, onu da tez-tez tədbirlərə, diplomatlarla görüşlərə dəvət edirdilər:
“Bu, dövlət-hökumət fərqinin olduğu zamanlar idi. Amma xeyli müddətdir ki, belə dəvətlər almıram”.
Son 2 gündə müxalifət və müstəqil siyasi şərhçilərin tədbirə dəvət edilməməsinin səbəbini araşdırmaq üçün Meydan TV səfirliklə əlaqə saxlamağa çalışıb, amma heç bir nəticə əldə edilməyib.
Səfirliyin elektron poçtuna göndərilən sorğuya da cavab verilməyib.