Suriya xəmiri yəqin hələ çox su aparacaq. 24 noyabrda Rusiyaya məxsus SU-24 bombardımançı təyyarəsinin vurulmasından sonra Suriyada iki əsas maraqlı tərəfin üz-üzə qaldığının şahidi olduq. Əlbəttə, konfliktdə bir çox tərəflər iştirak edirlər, buraya Bağdad hərbi qərargahından birgə idarə olunan Rusiya, İran, İrak koalisiyasını və o biri cəbhədə Körfəz ölkələri, NATO və əlahiddə Türkiyəni göstərmək olar.
Parisdə yaşanan terror olayından sonra Fransa öz müttəfiqləri və Rusiya ilə İŞİD əleyhinə yeni birgə cəbhə açmaq niyyətini müzakirə edir və İslam radikalizmi fenomenini mütləq şəkildə ləğv etməkdə qətiyyətli görünür. Körfəz ölkələri isə Suriyadakı qiyamçılarına maliyyə, silah dəstəyi göstərir (məsələn, tank əleyhinə raket sistemləri ilə) və Bəşər Əsəd hakimiyyətinin mütləq devrilməsini hədəfləyiblər. Ancaq məhz bu iki qarşıduran tərəf, yəni Türkiyə və Rusiya Suriyadakı müharibə vəziyyətini sfera maraqları çərçivəsində qəbul edən güclər kimi ortalığa çıxırlar.
Anti-Əsəd koalisiyasının daxilində onun qalıb-qalmaması mövzusunda ikitirəlik mövcuddur. Təbii ki, hər ölkə öz mənafeyinə uyğun həlli sonuna kimi yeridə biləciyini düşünür. Türkiyə bu yerdə istisna təşkil etmir. Suriyadakı uçuşlar barəsində Qərb və Rusiyanın memorandum sazişləri də Türkiyəni ayrıca mövqe nümayiş etdirməyə sövq edir. Türkiyə üçün ən əsası nəyin bahasına olursa-olsun kürd dövlətinin yaranmasının qarşısını almaq və türkmən soydaşlarının müdafiəsidir və əgər ruslar yerdən əməliyyatlara başlarlarsa dəstəklədiyi qüvvələrə hərbi yardım etməkdir.
Əgər təhvil verəcəyimiz ilin yazında Türkiyənin qəyyum çıxdığı anti-Əsəd qruplaşmaları müharibə meydanında daha uğurla vuruşurdularsa, belə təsəvvür yaranırdı ki, Əsəd hakimiyyətini artıq heç nə xilas etməyəcək, Rusiyanın münaqişədə İŞİD terrorizmi ilə mübarizə adı altında birbaşa iştirak keçməsindən sonra Suriya düyünü daha da dolaşdı. Rusiya nəinki İŞİD-ə, Bəşər Əsədə qarşı olan Qərbin və Türkiyənin “yumşaq müxalifət” adlandırdıqları, məsələn Azad Suriya ordusu və İslam Cəbhəsinə, eləcə də Əl-Kaidənin varisi sayılan Cəbhət-əl-Nusra qüvvələrinə də aviazərbələr endirir.
Rusiya Lattakiyanın şimalında yaşayan və silahlanmış, Türkiyənin “qardaş” saydığı türkmənləri də aviazərbələr endirməklə, əslində, Türkiyənin zəruri saydığı son maraqları tapdadı. Həmin ərazilərdə türkmənlərin özünümüdafiə dəstələri formalaşmışdır və yeri gəlsə, Türkiyənin bu əraziləri öz ərazisinə birləşdirəcəyi də söz konusudur. Bundan əvvəl dəfələrlə Türkiyə ordu rəhbərliyindən həmin ərazidə bufer zona yaratmaq niyyəti bilidirilib. Rus təyyarələrinin Türkiyənin hava sərhədini keçməsi bu ilin sentyabr ayında Rusiya rəhbərliyinə nota ilə xəbərdarlıq edilmişdi.
Lakin Rusiya Türkiyənin maraqlarına məhəl qoymamağı və bir az da ona qeyri-ciddi yanaşma kursunu götürdü və nəticədə gözləmədiyi ciddi qarşıdurmayla rastlaşdı. Davutoğlunun bəyanatlarından belə deməyə əsas var ki, ən yuxarı səviyyədə rus təyyarəsinin vurulmasına qərar verilmişdir və bu addımı atmaq Türkiyə üçün böyük qətiyyət tələb edirdi. Belə görsənir ki, ordu rəhbərliyi ilə siyasi hakimiyyət bu məsələdə eyni mövge sərgiləyir və ordunun Erdoğan hakimiyyətindən daha aktiv həm xarici, həm də hərbi siyasət yürütmə tələbi mövcuddur. Təyyarə vurulandan kiçik zaman çərçivəsində həmin ərazidə türk xüsusi təyinatlılarının əməliyyat keçirməsi bir daha onu göstərir ki, türklər hadisələrin silahlı qarşıdurma ilə sonuçlanacağını hesablayırlarmış və lazım gələrsə, türk F-16 larına zərbə olarsa, pilotların xilas edilməsinə hərbi müdaxilə ilə qatılacaqdılar.
Rusiya teleməkanında nə qədər dünyanın ikinci hərbi gücü olduqları iddialarına, atom silahı ilə İstanbulu dənizə qərq edəcəkləri hədələrinə baxmayaraq, hərbi elita Türkiyə ilə Suriya cəbhəsində birbaşa hərbi toqquşmadan ehtiyat edir. Əslində, Putinin təyyarənın vurulmasına münasibət bildirərkən üz cizgilərində məyusluqdan əlavə həm də məchulluq ifadəsi aydın sezilirdi. Bir tərəfdən dünyanın əsas supergücünün təyyarəsi vurulmuş və zabiti məhv edilmişdir ki, bu da Rusiyanın prestijinə zərbə kimi qəbul olunur. Eyni zamanda Türkiyə hərbi baxımdan vuruşma qabiliyyətinə – bunu xüsusi vurğulamağa ehtiyac vardır, ağır təbii şəraitlərdə hərbi vəzifələri uğurla həyata keçirən, güclü donanma və hərbi hava qüvvələrinə malikdir və onunla üz-üzə qalmağın Rusiyaya asan başa gəlməyəcəyi rus hərbi komandanlığına məlumdur.
Ukrayna konfliktindən sonra Rusiya rəhbərliyi NATO ilə birbaşa hərbi münaqişədən nəyin bahasına olursa-olsun, qaçmağı əxz etmişdir. Həm Qara dənizdə, həm də Aralıq dənizində Türkiyə daha güclü silahlara sahibdir və Rusiyanın Suriyadakı hərbi kontingenti də o qədər də çoxsaylı deyildir. Təxminən bir sutka ərzində Suriyadakı hərbi bazalarını və təyyarələrini müdafiə məqsədilə S-400 Triumf və 10-12 qırıcı təyyarəsini Suriyaya dislokasiya etməklə, Rusiya bundan sonra təyyarələrinin vurulmasına önləmək, lazım gələrsə, türklərdən qisas kimi bəzi təyyarələrini vura biləcəkləri siqnalını da verdi.
Eyni zamanda, Türkiyə bilavasitə coğrafi yaxınlığı ilə əlaqədar Qərbin Rusiya ilə son zamanlar intensivləşən qarşıdurmasından ən çox zərər görən ölkədir. Şimalda Krımın Rusiyaya ilhaq edilməsi, indi də cənub cəbhəsində Rusiyanın hərbi aktivliyi, hətta Xəzər dənizi flotunun ilk dəfə hərbi əməliyyatlara qoşulması, əslində yeni hərbi faktlar yaradır və Türkiyə hərbi rəhbərliyini geopolitik şəraiti yenidən, məhz təhlükəsizlik aspektindən dəyərləndirməyə vadar edir.
Nədən eytiyatlanmaq lazımdır?
Rusiyanın siyasi rəhbərliyi təəssüflər olsun ki, Türkiyə kimi regionda iqtisadi nüfuzunu nəzərə alsaq, və xüsusilə Türkiyənin Qərbdən uzaqlaşması fonunda onu öz tərəfinə çəkmək siyasətində səhvlərə yol verdi və xətalar may ayında Çavuşoğlunun NATO- nun Antalya sammitində dilə gətirdiyi kimi əsasən Krımın ilhaqı, bundan sonra orada Krım tatarlarının sıxışdırılması və eləcə də Ermənistana açıq dəstək göstərməsidir. Bütün bunlarla yanaşı, bu ilin aprelində Putinin 1915 “soyqırım” qurbanlarını yad etmək üçün Yerevana səfər etməsi və erməni rəhbərliyinə nümayişkəranə dəstək göstərməsi də əlavə oldu. Bir daha sübut olundu ki, Rusiya özünü Qafqaz regionunda yeganə dominant görmək fikrindədir və Türkiyə ilə hesablaşmayacaq.
Rusiya siyasi şərhçisi Stanislav Belkovskiy öz şərhlərində dünya siyasətinin 1989-cu ildən bəri yenidən formatlaşdırımasından (pereformatirovanie) bəhs edir. Putinin də bu fonda əsas tələbi və cəhdləri Yalta.2 zirvəsində sferalar bölgüsünü müzakirə etmək və Qərblə yeni razılığa gəlməkdir. Belə ki, Rusiya onun yaxın qonşuluğunda Qərbin artan nüfuzuna ciddi narahatliqla yanaşır. Qərb isə bu yerdə Putinlə danışıqlarda bir məna olmadığı və o istədiyi formatda müzakirələrdən yayınmaqla kifayətlənir.
Azərbaycan üçün ikiqütblü güc savaşının belə məqamında ən qorxulusu konflikt ocağının yerdəyişməsi ola bilər. Qərbin sanksiyaları və Rusiyanın sıxışdırılması, indi də Türkiyə ilə iqtisadi müharibəsi regionda danışıqlar diplomatiyasının sözü silahlara verəcəyi qənaətini yaradır. Bu halda Qarabağ münaqişəsinin yenidən alovlanması və Soyuq müharibədə olduğu kimi, supergüclərin mübarizəsinin lokal savaşlarla baş verəcəyini proqnozlaşdırmaqda əsas vardır. Belə halda insani tələfatlar və mikrogüclərin mənafelərini saya salmayan böyük siyasətin qurbanı olmaq ən təhlükəli ssenaridir.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…