Dəyişikliyə əsasən, bəyənilməyən sosial media kontenti bəlli bir tarix çərçivəsində aradan qaldırılacaq
Türkiyə parlamenti çərşənbə günü sosial mediaya nəzarətlə bağlı qanun layihəsini təsdiqləyib, – yerli türk media platformaları xəbər verir.
Qanun layihəsi müttəfiq millətçi partiyanın səslərinin əksəriyyət təşkil etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) koalisiyası tərəfindən qəbul edilib.
Dəyişikliklə bir milyondan çox istifadəçisi olan sosial media şirkətləri hakimiiyyətin məzmunla bağlı narahatlıqlarını həll etmək üçün Türkiyədə qanuni nümayəndəlik təyin etməlidir.
Dəyişikliyə əsasən, bəyənilməyən sosial media kontenti bəlli bir tarix çərçivəsində aradan qaldırılacaq.
Bu, baş verməzsə, şirkətlər cərimələrlə üzləşə, onların reklamları bloklana və ümumiyyətlə sayta giriş yasaqlana bilər.
T24 xəbər verir ki, sosial şəbəkə provayderlərinin təhqiredici məzmunu çıxarmaq əmrlərinə cavab vermək üçün 48 saat vaxt veriləcək.
Qanun eyni zamanda nifrət nitqini və digər qanunsuz məzmunları platformalarından tez bir zamanda çıxarmayan sosial media şirkətlərinə 1 milyondan 10 milyon lirəyə (146,165 – 1.5 milyon dollar) qədər cərimə tətbiq edəcəkdir.
2019-cu ilin ilk altı ayında “Twitter” ilə əlaqəli məhkəmə qərarlarına görə Türkiyə dünyada ikinci yerdə olub və ölkənin “Twitter”-dən çoxlu sayda qanuni tələbləri olub.
Ənənəvi Türkiyə mediasının əksəriyyəti xüsusən 2016-cı il dövlət çevrilişinə uğursuz cəhddən sonra hakimiyyətin nəzarətinə götürülüb. Bu səbəbdən türklərin əksəriyyəti tənqidi səslərini çatdırmaq üçün müstəqil xəbər portallarına və sosial mediaya üz tutublar.
2016-cı ildə uğursuz hərbi çevrilişə cəhddən sonra AKP hökuməti 150-dən çox xəbər saytını bağlayıb və 100-dən çox jurnalisti terrorla əlaqəli ittihamlarla həbs edib. Bir çox jurnalist ölkədə tez-tez “prezidentə təhqir” ittihamı ilə üzləşir.