”Türkiyə ordusu uzun zaman toparlana bilməyəcək”

Toğrul İsmayıl: 15 iyul hadisələri Ərdoğanın reytinqini artırdı

Source:
Toğrul İsmayıl
Toğrul İsmayıl


Toğrul İsmayıl: 15 iyul hadisələri Ərdoğanın reytinqini artırdı


Türkiyə TOBB İqtisadiyyat və Texnologiya Universitetinin dosenti Toğrul İsmayıl 15-16 iyul tarixlərində Türkiyədə törədilən dövlət çevrilişinə cəhdlə bağlı Meydan TV-nin suallarını cavablandırıb.



Toğrul bəy, söhbətimizi ənənəvi sualdan başlayaq, 15 iyulda Türkiyədə nə baş verdi?

– Bəzi hərbçilər hərbi çevrilişə cəhd etdi, ancaq baş tutmadı.



Bəzi hərbçilər kimlər idi?

– Generallar da, bəzi zabitlər də, dəyişik rütbəli hərbçilər də var. Konkret kimə və nəyə bağlı olduqlarını indi söyləmək çətindir. Türkiyənin baş naziri Binəli Yıldırım çevriliş cəhdinə qatılanları Fətullah Gülənə xidmət edən şəxslərlə bağlayır. Bu, siyasi açıqlama da ola bilər, ancaq son sözü məhkəmə deyəcək. Çevrilişə cəhd edənlərin bir qismi həbs olunub, bir qismi vəzifəsindən çıxarılıb, 8 nəfəri isə Yunanıstana qaçıb. Yüksək rütbəli türk zabitlərinin Yunanıstana sığınması mənə görə şərəf deyil. 15-16 iyul gecəsi Türkiyə üçün çox ağır oldu, siz təsəvvür edin ki, bizim evdə səhərə qədər heç kim gözünü yummadı, hər an atəş səsləri eşidirdik. Qorxu bilməyən mənim canıma qorxu hopmuşdu. Sual olunur, çevriliş edirsənsə, insanları niyə öldürürsən, niyə siyasiləri həbs etmirsən? Sosial şəbəkələrdə  yayılan, prezident Ərdoğanın 15 iyul hadisələrini təşkil etməsi haqda fikirlər qəbuledilməzdir, konsprioloji düşüncələrdən qurtulmaq lazımdır. Siz Ərdoğanın çıxışını gördünüzmü, hansı vəziyyətdədir o? İkinci, 105 əsgər savaşaraq ölüb, onlara qarşı isə 161 nəfər şəhid olub. Artıq baş nazir mətbuat konfransında rəqəmləri açıqladı. İndi sual yaranır, bu necə təşkil olunmuş çevriliş oyunu idi? Bu necə ssenari idi ki, Türkiyə Böyük Millət Məclisi bombalandı? Türkiyə tarixində belə hadisə olmamışdı.



Ötən əsr Türkiyədə hərbi çevrilişlər çox sakit gerçəkləşdirilmişdi, səhər insanlar yuxudan oyanıb hakimiyyətin dəyişildiyini görmüşdülər. Bu mənada 15 iyulda nədən 200-dən çox insan öldü, paytaxtda bombalar atıldı?

– Çox ehtimal ki, yüksək səviyyəli ordu dairəsi toplanıb 15 iyul çevrilişinə dəstək verənlərin çoxunu kənarlaşdıracaqlar. Bu, Gülən qrupuna da, son hadisələrə bağlı insanlar da ola bilər, indidən heç nə demək istəmirəm. Hazırkı zamanda səbrli olub məhkəmə araşdırmalarını gözləmək lazımdır. Ancaq görünən odur ki, hərbçilərin içində bəlli bir qrup arasında narazılıq olub, həmin narazılıq da partlama səviyyəsinə çatdı. Çevriliş cəhdinin özündə bu aşkarlandı. Bütün hallarda 15 iyul hadisələrinə çevriliş demək mümkün deyil, çünki heç bir rəsmi şəxs, siyasi xadim həbs olunmadı. Düzdür, Ərdoğanın otelinə hücum edilsə də, heç bir partiya rəhbəri saxlanılmadı. Yalnız TRT-yə müdaxilə oldu, onları da vətəndaşlar çıxartdılar, bir az da CNN-ə müdaxilə cəhdi oldu, amma alınmadı. Çevrilişə cəhd edənlər faktiki olaraq heç bir şeyə əl qoya bilmədilər.



O zaman 15 iyul dövlət çevrilişi deyilsə, onu nə adlandırmaq olar?

– Yox, bu, dövlət çevrilişidir. Sadəcə, çox dağınıq və bir mərkəzdən idarə olunmayan çevrilişə cəhddir. Çox ehtimal ki, öz daxillərində nəyisə razılaşdıra bilmədilər. Bəlkə, girov götürdükləri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akardan istədiklərini ala bilmədilər, ona görə alınmadı. Ötən əsrdə Türkiyədə olan hərbi çevrilişlərdə yüksək rütbəli generallar birlikdə hərəkət edirdilər, 15 iyulda bunları görmədik. Düzdür, rütbəli generallar vardı, amma onların təsir dairəsi, vəzifələri yüksək deyildi. Yəni hər kəsə əmr verə bilmirdilər. Hər kəsə əmr verən generallar isə prosesə müdaxilə etmədilər.



Ordu içində təmizlənmə getsə, onların da həbsi təhlükəsi yarana bilərmi?

– Onların nə dərəcədə işin içində olduqlarını bilmirəm, amma bu məsələ siyasilər və hərbçilər tərəfindən araşdırılma tələb edir. Çünki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini girov götürmək ordunun nüfuzuna ciddi zərbədir. Ancaq Azərbaycan oxucusu olaylara emosional yanaşmasın, Türkiyə ordusunu, əsgərini çox sevdiyindən ilahiləşdirirlər, belə olmaz. Türkiyədə də hərbçiləri sevirlər, amma çevrilişə cəhd edənləri sevmirlər. Nəhayət, heç bir partiya 15 iyul olaylarına dəstək vermədi, hətta HDP də çevrilişə etirazını bildirdi.


– Toğrul bəy, Türkiyənin keçmiş səhiyyə naziri, hazırda isə hakim Ədalət və İnkişaf Partiyasının başqan müavini Mehmet Müəzzinoğlu “Çevrilişə cəhd edənlərə edam cəzası verilməsini müzakirə edəcəyik” deyib. Bu barədə nə deyə bilərsiniz?

– Edam cəzası sıradan bir məsələ deyil, Türkiyə keçmişə dönməz. Çünki bu cəzanın ləğviylə bağlı beynəlxalq öhdəliklər var. Hesab edirəm ki, Türkiyə geri yox, irəliyə gedəcək. Bəli, demokratiya məsələlərində, mətbuatın durumunun yaxşı olmaması məsələlərində Türkiyəni suçlamaq olar, amma bəzi beynəlxalq məsələlər var ki, bu ölkə geriyə dönməz.



Son hadisələrdə əsgərlərə qarşı amansız şiddət göründü, bunu necə izah edərdiniz? Hətta bir əsgərin başının kəsildiyi bildirilir.

– Mən o məlumatı hələ dəqiqləşdirə bilməmişəm, bu saata qədər ciddi media orqanı bu barədə heç nə yazmayıb. Yəqin ki, bu məsələyə yaxın vaxtlarda aydınlıq gətiriləcək. Bəli, əsgərlər döyülüb. Siz 2003-cü il hadisələrini xatırlayırsınızmı, vətəndaşlar əsgərin üzərinə maşın sürürdü. Belə hallar psixoloji gərginlik yaradır. Bir daha deyirəm, ordunu sevmək ayrı məsələdir, Türkiyə Böyük Millət Məclisi Türkiyə demokratiyasının simvoludur, orda xalqın seçdiyi millət vəkilləri oturub, onları sevsək də, sevməsək də, onları, o binanı bombalamaq nə deməkdi?! Bəli, polisin əsgərə əl qaldırması yaxşı hal deyil. Amma dünyanın qaydası belədir, zəfər qazananlar yenilmişləri əzərlər, bu, psixoloji hal yaxşı bir şey deyil. Bəlkə də gənc əsgərlərin çoxunun hərbi çevrilişlə birbaşa bağlantısı yoxdur, təəssüf ki, bu cür hadisələrdə üzücü və aşağılayıcı hadisələr olur.



Ümumiyyətlə, 15 iyul olayları prezident Ərdoğanın apardığı siyasətin nəticəsi deyilmi?

– Ola bilər. Amma bu ona əsas vermir ki, kimsə qeyri-qanuni yolla hakimiyyəti dəyişsin. Ərdoğanı tənqid etmək də, siyasi yolla zəiflətmək mümkündür, amma ən pis siyasi yol çevrilişdir, bununla dövlət heç nə qazanmaz. Özünə demokrat deyən kimsə hərbi çevrilişi dəstəkləməz. Ancaq 15 iyul hadisələri Ərdoğanın reytinqini artırdı, onu gücləndirdi. Çünki meydana çıxdı, qorxmadı, siyasi lider olaraq bu, çox üstün cəhətdir.



Son hadisələrdən Türkiyənin itkiləri nədən ibarətdir?

– Türkiyənin nüfuzuna çox ciddi zərbə dəydi. İkinci, Rusiya və İsraillə münasibətlər yaxşılaşırdı, iqtisadi problemlər aradan qaldırılırdı, amma 15 iyulda turizm sektoruna ciddi zərbə vuruldu. Ən əsası Türkiyənin güvənliyinə zərbə dəydi, bu qədər zabit və əsgərin çevrilişə qatılması yaxşı heç nə vəd etmir, yəni ordu uzun zaman toparlana bilməyəcək. Siz təsəvvür edirsinizmi, zabitlərin Yunanıstana sığınması nə deməkdir, bu, yolverilməzdir.

Ana səhifəXəbərlər”Türkiyə ordusu uzun zaman toparlana bilməyəcək”